"Gənclərin üzərinə böyük məsuliyyət düşür”
30 Yanvar 2019 17:15 Siyasət"Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər". Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
YAP GB sədrinin sözlərinə görə, Azərbaycan dövləti gənclərə hər zaman diqqət və qayğı göstərir: "Bu diqqəti simvolizə edən 2 fevral - Gənclər Günü xüsusi təntənə ilə qeyd olunur. Bu il də Gənclər Gününə hazırlıqlar başlayıb. İstər region, istər qeyri-hökumət təşkilatları, eləcə də gənclərlə işləyən qurumlar artıq bu günlə bağlı silsilə tədbirlər keçirməyə başlayıblar. Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Bu gün artıq Azərbaycan gəncliyi yerli, mərkəzi icra hakimiyyəti, təhlükəsizlik institutlarında, diplomatik korpuslarda, xaricdə fəaliyyət göstərən transmilli şirkətlərdə fəaliyyət göstərirlər. Artıq gənclərdə könüllülük institutu formalaşmağa başlayıb. Bu da mühüm əlamətdir.
Azərbaycanın bu günə qədər ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər dövlətimizin, uyğun olaraq fəaliyyət göstərən nazirliklərimizin əməyi ilə yanaşı, könüllülük qrupunun dəstəyi ilə də ərsəyə gəlir. İdarəetmə prinsipindən könüllülük prinsipinə gəlib çıxıb. Bu da ondan xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası özünü doğruldur. Bizim arxamızda güclü Azərbaycan dövləti dayanır. Belə olduqda, təbii ki, biz gənclərin də üzərinə böyük məsuliyyət düşür".
SİA