Antimilli şəbəkənin xidmətində duranlar

Radikalların siyasi mübarizə metodu xəyanət və haylara məhəbbətdən ibarətdir

Yenə də padikal müxalifət partiyaları və dairələri Azərbaycan dövlətinin, millətinin maraqlarına dair məsələlərdə pozucu mövqedən çıxış edirlər. Radikal müxalifət yenə antiazərbaycançı mövqe nümayiş etdirir. Şeytanla belə əməkdaşlığa hazır olan Əli Kərimli Azərbaycan əleyhinə təxribatlara başçılıq edir, meydanlara zorla topladığı gənclərə "vətənpərvərlik" dərsi keçir. Oğlunu xarici ölkələrdə bolluq, naz-nemət içərisində yaşadan "islahatçı sədr" heç bir siyasi hazırlığı olmayan gənclərin şüurunu antiazərbaycan ideologyası ilə zəhərləyir. Lakin gün kimi aydındır ki, onların ölkədə xaos, anarxiya, hərc-mərclik yaratmaq arzusu iflasa məhkumdur.  Vəkil Rövşən Qasımov deyir ki, mövcud ictimai-siyasi vəziyyət, real faktlar da belə deməyə əsas verir ki, demokratiya ilə heç bir əlaqəsi olmayan qaragüruhun bu istəyinə nail olması qətiyyən mümkün deyil. Məsələ burasındadır ki, son illərdə Azərbaycan müxalifətinin cilddən-cildə girərək dəyişdiyini, öz sosial bazasının 90-95 faizini itirdiyini, siyasi partiyaların kommersiya mərkəzinə çevrildiyini öz gözləri ilə görən hansı azərbaycanlı bu dəstənin dalınca gedər? Məgər insanlar görmürlərmi ki, adı müxalifət olan bu dəstədə son illərdə nəinki bir irəliləyiş və ya inkişaf yoxdur, hətta, 1993-cü il səviyyəsindən də qat-qat aşağı səviyyədədir: "Siyasi karyerası" tükənən, ideoloji simasını itirən AXCP sədri Əli Kərimlinin tərcümeyi- halı demək olar ki, xəyanət və satqınlıqdan ibarətdir. Hansı blokda, birlikdə, partiyada təmsilçiliyindən asılı olmayaraq kök saldığı məkanlarda pozuculuq fəaliyyəti ilə məşğul olan AXCP sədri düşərgədaxili gərginliklərin də müəllifidir. Karyerasını qorumaq üçün partiyaları qarşı-qarşıya qoymaqla özü üçün "münbit" şərait yaradan Əli Kərimlinin həmişə "sudan quru çıxmağı" da onun "xəbislik fəaliyyəti"nin bəhrəsidir. "Freedom House", "Amnestiy İnternational", "Human Rights Watch", "Norveç İnsan Haqları Evi", "Sərhədsiz reportyorlar" də daxil olmaqla Azərbaycana qarşı təxribat kampaniyaları aparan xarici mətbuat və maraqları ortaq nöqtədə birləşən ermənilər üçün informasiya mənbəyi kimi tanınan Əli Kərimlinin qərəzli münasibətinin arxasında aldığı qrantlar dayanır. Düşmən ölkənin sosial şəbəkələrində, erməni mətbuatında AXCP sədrinin statusları, Azərbaycanla bağlı böhtanları manşetə çıxarılır. Dünya birliyinin Azərbaycanın gücünü, qüdrətini, iqtisadi inkişafını təsdiqlədiyi, ədalətli mövqeyimizi dəstəklədiyi bir məqamda düşmən ölkənin mətbuatını davamlı olaraq Azərbaycanın əleyhinə yazılarla təmin edən Əli Kərimlinin vərdişindən əl çəkməməsi təəccüblü deyil. "Yalquzaq dumanlı gün axtarar" misalı kimi özünə sərf edən məqamdan məharətlə istifadə edən Əli Kərimli müstəqilliyimizi qəbul etməyən dairələrin maraqlarını gerçəkləşdirmək naminə aparılan təxribatların önündə getməklə düşərgədə də sabitliyin yaranmasında maraqlı deyil.Özü kimi Vətənə xəyanət ruhunda tərbiyələndirdiyi oğlu Turkelin Amerikada "nüfuzlu adamlarla" görüşlər keçirməsi ilə bağlı yayılan xəbərlərdən də aydın olur ki, həmin "tanınmışlar" arasında Fətullah Gülən ilk sırada yer alıb. Atasının təlimatına uyğun olaraq ABŞ-da keçirdiyi görüşlərdə məqsədi mövcud vəziyyət barədə məlumat toplayıb özlərinə sərf edən formada yaymaq, xəyanətlərini ort-basdır etmək kərimlilərin xarakterik xüsusiyyətləri və iş prinsipləridir. ABŞ-da Azərbaycanla bağlı dinləmələrdə guya ölkəmizi "təmsil edən" Türkel Kərimlinin separatçı rejim "Dağlıq Qarabağ Respublikası"nın oyuncaq prezidenti Bako Saakyanın oğlu Armenlə yan-yana əyləşib "milli maraqların müdafiəsi ilə məşğul olmaq" görüntüsü yaratmaq "şücaəti" Əli Kərimliyə xas hiyləgərliyin, məkrin, gözə kül üfürmə "təcrübəsinin" övladının simasında davamıdır. Heç bir mitinqdə, beynəlxalq nümayəndələrlə, diplomatik korpusların təmsilçiləri ilə görüşlərində bir dəfə də olsun qaçqın və köçkünlərimizin problemini dilinə gətirməyən Əli Kərimlinin övladı üçün də milli maraqlar, üzləşdiyimiz faciələr, qətlə yetirilən soydaşlarımızın taleyi önəmli deyil".

R.Qasımov xatırladıb ki, Qərbin ssenarilərinə uyğun təşkil olunan "beşinci kolon""a başçılıq edən Əli Kərimlinin pozuculuq hərəkətləri, təxribatları partiyadaxili çaxnaşmalarla nəticələnir. Funksionerlərin etiraf etdikləri kimi radikallaşan AXCP təhrikçilərin və intriqabazların, hərc-mərclik və dağıdıcılıq ehtirası ilə yaşayan insanların yuvasına çevrilib. Gerçəkliyi şüurlu surətdə dərk edə bilməyən Əli Kərimlinin despotizmi partiyadan istefaları sürətləndirib. Milli maraqları sataraq xəyanətlərinə yenilərini əlavə edən Əli Kərimli üçün Vətən məfhumu arxa planda yer alır: "Yenə də böyük təşviş keçirirlər. Dərin bir narahatlıq içində vurnuxmaları özünü getdikcə daha qabarıq formada büruzə verir. Çünki illər uzunu müstəqil Azərbaycana qarşı hazırlanan planlarının icrası daim fiaskoya uğrayır. İstəklərinin əksinə olaraq Azərbaycan daha qüdrətli dövlətə çevrilir, günü-gündən inkişaf edir, təkcə mövcud olduğu regionda yox, onun hüdudlarından kənarda belə böyük nüfuz sahibi kimi çıxış edir. Azərbaycanın qazandığı uğurların miqyası artdıqca antiazərbaycançı şəbəkənin qəddi daha çox əyilir, müvəffəqiyyətsizliyindən doğan əsəbi daha çox tarıma çəkilir.Bundan narahat olanlar təkcə həmin şəbəkə yox, həm də müxtəlif maddi təkliflər, vədlər müqabilində Azərbaycanda "siyasi təşkilat", "hüquq müdafiəçisi" adı ilə fəaliyyət göstərib, əslində isə bu antimilli şəbəkənin xidmətində duranlardır. Belələrinin dövlət, dövlətçilik, milli maraqların əleyhinə yönələn mövqeyinə ən tutarlı cavab elə həmişə xalq tərəfindən gəlib. Elə də böyük zaman kəsiyini əhatə etməyən yeni müstəqillik tariximizə nəzər yetirdikdə bunun real mənzərəsini aydın nümayiş etdirən, bir çoxumuzun canlı şahidi olduğu xeyli faktlar görmək mümkündür".

R.Qasımov bildirib ki, xalq da radikal müxalifətin kim olduğunu, nəyə qadir olduğunu yaxşı bilir.1988-1992-ci illərdə məhz bu radikal qüvvələrin təmsilçiləri müxalifət olduqları dönəmlə Azərbaycan xalqının üzləşdiyi faciələrin yaşanmasında, siyasi alver predmeti olaraq ərazilərimizin hərraca qoyulmasında az rol oynamadılar. İnsanların kortəbii inamı dalğasında isə hakimiyyətə yiyələndikdən sonra radikalların nəyə qadir olduğu özünü daha yaxşı büruzə verdi. Bu qüvvələrin antimilli fəaliyyəti sayəsində Azərbaycan xaos, anarxiya girdabına, cinayətkarlığın meydan suladığı məkana çevrildi, dövlət, xalq əmlakı talan edildi. Həmişə tolerantlığı və dözümlülüyü ilə digər millətlərə nümunə olmuş çoxmillətli Azərbaycanda yaşayan xalqlar arasında nifaq toxumu səpildi. Xarici qüvvələr Azərbaycana öz şərtlərini diktə etməyə başladı. Lakin xalq bunun davam etməsinə yol verməyərək radikaların hakimiyyətinə son qoydu, öz xilaskarını istək və iradəsi əsasında hakimiyyətə gətirərək nəhayət, sabitliyə, intibaha qovuşdu: "Azərbaycanda mövcud sabitliyin keşiyində hər zaman sarsılmaz sədaqətlə dayanan, dövlətçiliyinə, xalqına, Prezidentinə və vəzifə andına sadiq qalan daxili işlər orqanlarının şəxsi heyəti bu dəfə də radikal müxalifətin mənfur niyyətinin həyata keçməsinə imkan vermədi. Baş verənlər isə növbəti dəfə göstərir ki, müxalifətin radikal qanadının əməllərində, təfəkküründə hələ də dəyişiklik baş verməyib. İsa Qəmbər, Əli Kərimli və digər radikal müxalifət təmsilçiləri yenə də ötən əsrin 90-cı illərinin əvvəllərindəki fəaliyyətlərini davam etdirməkdədirlər. Nəticə isə onu göstərir ki, xalqın birmənalı şəkildə rədd etdiyi bu şəxslər, bütövlükdə radikal müxalifət hakimiyyət və mənsəb naminə hər yola baş vurmağa, hətta iblislə işbirliyinə getməyə hazırdırlar. Elə bu səbəbdəndir ki, formal mövcudluqlarını çoxdan xaricdəki bədxah qüvvələrin qəpik-quruşlarından asılı etmiş radikal müxalifət və onların səhnə dekorasiyası kimi dəyişməz liderləri antiazərbaycançı mənafelərindən əl çəkmək istəmirlər. Xalqın nifrətinə tuş gəldikləri üçün isə bütün ümidlərini xaricdə olan, müstəqil Azərbaycanın varlığına qarşı çıxan qüvvələrə bağlayıblar. Özgələrinin baltalarına sap olduqularından isə indi sosial bazadan məhrum olan radikal müxalifət partiyaları ölkə cəmiyyətində haqlı olaraq partiya yox, kiçik bir qrupun yığışdığı zərərli dərnək adlanır və bu formada qəbul edilir. Bunun nəticəsidir ki, müxalifətin radikal hissəsi ilə Azərbaycan cəmiyyəti arasında uçurum getdikcə dərinləşir. Azərbaycan vətəndaşlarının böyük əksəriyyətində sabitliyin, dincliyin ən yüksək dəyər kimi qiymətləndirilməsi fonunda meydana çıxan ifrat aqressivləşmiş müxalifətlə cəmiyyət arasında yaranan uçurumun həddən artıq dərinləşməsi əslində tamam təbii xarakter daşıyır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31