Ölkədə əhalinin sosial rifahının yüksəlməsi məsələsinə böyük həssaslıqla yanaşılır
30 Yanvar 2019 13:02 SiyasətBu sırada şəhid ailələrinə daim qayğı göstərilir
Ölkədə bütün kateqoriyalardan olan vətəndaşlar kimi şəhid ailələri, müharibə iştirakçıları da daim dövlətin, dövlət başçısının diqqət mərkəzindədir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin şəhid ailələri ilə bağlı imzaladığı növbəti fərman da bunun əyani sübutudur. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyir ki, şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Onun sözlərinə görə, bu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-mənəvi yoldur: "Xatırladım ki, Ulu öndərimizin təşəbbüsü ilə "Şəhid adının əbədiləşdirilməsi haqqında" qanun qəbul olunmuşdu və bu qanun məhz Heydər Əliyevin 1993-cü il 3 sentyabr tarixli Fərmanı ilə təsdiq edilib. Bütövlükdə, Ümummilli liderimiz Heydər Əliyevin siyasətində şəhid ailələrinə dövlət qayğısı xüsusi yer tutub. Hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. 2003-cü ildən indiyə qədər bu istiqamətdə görülən işlər bunu sübut edir. Bilirsiniz ki, ötən il keçirilmiş prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin imzaladığı ilk Fərman şəhid ailələri ilə bağlı oldu. Yəni, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə hərtərəfli diqqət və qayğı göstərilir. İndiyə qədər 7 minə qədər şəhid ailəsi mənzillə təmin olunub. Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi daim yad edilir". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşünə diqqət çəkən millət vəkilinin sözlərinə görə, bu görüş bir daha göstərdi ki, Prezident İlham Əliyev şəhid ailələrinə nə qədər böyük qayğı, hörmət və ehtiram göstərir: "Bu görüşün sosial-siyasi əhəmiyyəti ilə yanaşı milli-mənəvi, vətənpərvərlik baxımından da çox böyük önəmi var. Görüş zamanı dövlət başçısı vətəndaşların sosial məsələlərinin bundan sonra da diqqət mərkəzində olacağını bildirdi. Cənab Prezident xüsusilə vurğuladı ki, Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir, şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır. "Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim"-deyən, ölkə başçısı ölkəmizdə vətəndaşların sosial rifahının daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Görüşdə şəhid ailələrinə dövlət tərəfindən verilən dəstək bir daha vurğulandı. Qeyd olundu ki, bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilib. Yəni, bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Bu proses davamlı olacaq. Ümumiyyətlə, cənab Prezidentin fikirləri bütün cəmiyyətimiz üçün mesajdır ki, hər kəs şəhid ailələrinə hörmətlə yanaşmalıdır".
Musa Quliyev qeyd edib ki, dövlət başçısının yanvarın 28-də "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanı ilə çox ciddi məsələ öz həllini tapıb: "Bilirsiniz ki, 1997-ci ildə "Həqiqi hərbi qulluqçuların icbari sosial sığortası haqqında" qanun qəbul olunub. Və bundan sonra şəhid olan hərbi qulluqçuların ailələri qanuna uyğun olaraq sosial sığorta haqqı alıblar. Amma o vaxta qədər şəhid olanların problemi qalmışdı. Yəni, cənab Prezidentin ötən ilin aprel ayında imzaladığı Fərmanla 1997-ci ilə qədər şəhid olmuş həqiqi hərbi qulluqçuların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulur. Bu Fərmana əsasən 10 minə yaxın şəhid ailəsinin siyasi dəqiqləşdirildi, 11 min manat birdəfəlik ödəmə üçün ötən il 58 milyon manat vəsait ayrıldı və bu il 50 milyon manatın ayrılması nəzərdə tutulur. Artıq həmin qərara uyğun olaraq birdəfəlik ödəmənin verilməsinə başlanılıb və bu il də proses davam edəcək". Millət vəkili deyib ki, 1997-ci ildə sözgüdən qanun qəbul olunandan sonra şəhid ailələrinə verilən birdəfəlik ödəmənin məbləği isə xeyli az idi: "Ona görə də, cəmiyyətimizdə bununla bağlı müxtəlif fikirlər səslənirdi. Görüş zamanı cənab Prezident söylədi ki, bizim siyasətimiz iki mühüm əsasa söykənir. Bu, qanunçuluq və sosial ədalətdir. Dövlət başçısının 28 yanvar tarixində imzaladığı Fərmanla həm qanunçuluq, həm də sosial ədalət təmin olundu. Beləliklə, 1997-ci ildən sonra az məbləğdə sığorta haqqı alan 2725 nəfərə də 11 min manat birdəfəlik ödəmə veriləcək. Eyni zamanda, o dövrdə ərazi bütövlüyünün qorunması zamanı şəhid olmuş 460-dan çox polis ailələri də dövlətin qayğısından yararlanaraq bu vəsaiti alacaq.
Artıq Fərmanın icrası ilə bağlı işlər başlanıb. Dövlət başçısının Fərmanının icrası ilə bağlı müvafiq dövlət qurumlarına tapşırıqlar verilib. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev Azərbaycanda əhalinin sosial rifahının yüksəlməsi məsələsinə böyük həssaslıqla yanaşır, o cümlədən şəhid ailələrinə daim qayğı göstərir".
Füzuli