"Dövlət proqramları regionların inkişafı üçün möhkəm zəmin yaradır"

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda qeyd olunduğu kimi bu müddət ərzində regionlarda xeyli işlər görülüb. Prezident İlham Əliyevin iqtisadiyyatın bütün sahələrinə göstərdiyi diqqət və qayğının nəticəsində sahibkarlığın inkişafı üçün geniş meydan açılıb. Kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayrılıb ki, bu sahə torpaq vergisindən başqa digər vergilərdən azad olunub". Bu fikirləri  Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Regionların xüsusiyyətlərinə uyğun olaraq kənd təsərrüfatının müxtəlif sahələri inkişaf etdirildiyini deyən deputat bildirib ki, təmsil etdiyi Xaçmaz rayonunda taxılçılıq, tərəvəzçilik, bağçılıq, heyvandarlıq üçün əlverişli şərait olduğundan bu sahələrin inkişafı üçün dövlətimiz tərəfindən sahibkarlar üçün tam münbit şərait yaradılıb: "İstehsal olunan məhsulların saxlanılması üçün böyük miqyaslı soyuducu anbarları tikilib istismara verilib. Regionumuzda Aqro-Park yaradılıb və böyük nəticələr əldə edilib. İstehsal olunan məhsulların bir hissəsi ixrac edilir. Qısa müddətdə zay ola bilən məhsulların ixracı "Yaşıl dəhliz" mexanizimi ilə həyata keçirilir".

E.Səlimov söyləyib ki, görülən işlər nəticəsində ölkəmizin hər yerində insanların qazancı ildən-ilə artmağa davam edir: "Gəlir artdıqca insanlar digər istehsal sahələrinə maraq göstərirlər. 2014-2018-ci illərdə görülən işlərin nəticəsi olaraq qeyri-neft sənayesində 32 faiz artım olub. 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb",

Deputat vurğulayıb ki, ötən dövr ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib: "Dövlət proqramları çərçivəsində görülən genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31