"17 milyard manat investisiyanın qoyuluşu nəzərdə tutulub”
30 Yanvar 2019 11:55 Siyasət"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda Azərbaycanda son 15 il ərzində qazanılmış uğurların və nailiyyətlərin ictimaiyyətə təqdim edilməsi baxımından çox əhəmiyyətlidir". Bunu millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, son 15 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib: "Yəni bu inkişafa iqtisadi göstəricilərlə nəzər yetirsək daha aydın görə bilərik. Ümumi daxili məhsul (ÜDM) 3.3 artıb, ölkəmizin valyuta ehtiyatları 24 dəfə artaraq 45 milyard dollar çatıb. Sənayedə 2.6 dəfə, kənd təsərrüfatında 4.7 dəfə artım olub. Bu gün 2 milyon yeni iş yeri yaradılıb, maaş və pensiyalar 7-9 dəfə artıb. Eləcə də 3200-dən çox məktəb, 694 tibb mərkəzi tikilib. Bu istiqamətdə görülən işlərin miqyası çox genişdir. Məsələn, qazlaşma 95.7 faizə çatıb, yolların tikintisi 15 min kilometrdən çox olub. Yəni son 15 il ərzində ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrin həcmi o qədər böyük olub ki, onu qısa şəkildə demək qeyri-mümkündür. Çünki son 15 ilin hər bir ili, günü hansısa bir yeni layihənin açılışına həsr olunub.
Son 15 il ərzində Azərbaycan iqtisadiyyatına 250 milyard manat investisiya yatırılıb. Bütün bunlar hər bir Azərbaycanlının rifahının yaxşılaşmasına xərclənib. Bu gün də növbəti proqramın icrası davam etdiriləcək. Artıq dördüncü proqramın icrası üçün dövlət başçısı tapşırıq verib. Üç proqram çərçivəsində ölkəmizdə həyata keçirilən işlərin miqdarının böyük olmasına baxmayaraq yenə də həyatımızda görüləcək işlər kifayət qədər qalıb. Sadəcə olaraq vaxt, zaman çatışmazlığı üzündən bu işlər gələcək illərə qalıb. Artıq hədəflər müəyyən olunub. Düşünürəm ki, yeni hədəflərin icrası Azərbaycanı inkişaf ölkələrin sırasına çıxaracaq. Yəni dördüncü proqram çərçivəsində 17 milyard manat investisiyanın qoyuluşu nəzərdə tutulub".
SİA