“Bu diqqət və qayğı Azərbaycan cəmiyyəti ilə hakimiyyət arasında münasibətlərin göstəricisidir”

"Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ötən gün Prezident Sarayında şəhid ailələri ilə görüş keçirdi. Bu görüşün çox böyük əhəmiyyəti var. İlk növbədə bu görüş bir daha göstərdi ki, cənab İlham Əliyev xüsusilə həssas təbəqədən olan insanlara çox böyük diqqət və qayğı ayırır. Burada söhbət şəhid ailələrindən, müharibə veteranlarından, müharibə əlillərindən, qaçqın və məcburi köçkünlərdən gedir. Onların sosial müdafiəsi istiqamətində cənab Prezident hər zaman çox mühüm qərarlar qəbul edir və onlar yüksək səviyyədə icra edilir".

Bu fikirləri  Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

O bildirib ki, 2018-ci ilin aprel ayının 11-də xalqın mütləq əksəriyyətinin səsini qazanaraq prezident seçildikdən cəmi 8 gün sonra, yəni aprel ayının 19-da cənab Prezidentin ilk fərmanı məhz şəhid ailələri ilə bağlı oldu: "Burada söhbət 1997-ci il avqust ayının 2-nə qədər şəhid olmuş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat vəsaitin ayrılmasından gedir ki, bu vəsait də təxminən 10 minə yaxın ailəni əhatə edirdi. Lakin məlum oldu ki, o zaman verilən vəsait ilə indiki arasında məzənnə uyğunsuzluğu məsələləri üzə çıxdı. Bütün bunları nəzərə alaraq cənab Prezidentin yeni verdiyi fərmanla daha 2725 şəhidə həmin o 11 min manatın verilməsi ilə bağlı qərar icra olunacaq. Siyahıya 2264 nəfər az sığorta ödənişi almış şəhid hərbi qulluqçu və 461 şəhid polis əlavə edilib. Çünki daxili qoşunların da 461 nəfər şəhid verdiyi faktı var. Onların vərəsələri bu məsələdən kənarda qalmışdılar, amma cənab Prezidentin yeni sərəncamı ilə əlavə olaraq 2725 nəfər şəhidə vəsait ayrılır. Bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib, ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulub. Bu rəqəmlərin özü belə bir daha sübut edir ki, Prezident İlham Əliyev şəhid ailələrinə çox böyük diqqət və həssaslıqla yanaşır və onlar da bunu hiss edirlər. Bu illər ərzində şəhid ailələrinə 6654 mənzil verilib. Bundan başqa, 6144 avtomobillə təchiz ediliblər. Eyni zamanda onlara 2018-ci ildə 626 mənzil verilib. Bu il isə daha 800 mənzilin təhvil verilməsi də planlaşdırılır". 

"Ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da şəhid ailələrinə, məcburi köçkünlərə, qaçqınlara, müharibə veteranlarına, əlillərinə çox böyük diqqət ayırır və cənab Prezidentin bu istiqamətdə atdığı addımları tamamlayır, həmçinin daha da möhkəmləndirir", - deyən millət vəkili əlavə edib ki, cənab Prezidentin sərəncamı ilə ölkənin birinci vitse-prezidenti təyin edildikdən sonra Mehriban xanım Əliyeva ilk müşavirəsini Sumqayıt və Bakı şəhərində qəzalı vəziyyətdə olan binalardan qaçqınların köçürülməsi məsələsinə həsr etdi: "Bu bir daha onu göstərir ki, ölkənin birinci vitse-prezidentinin də diqqətində məhz bu həssas təbəqədən olan insanlar xüsusi yer tutur və onlara dövlət qayğısı vardır. Cənab Prezidentin bu görüşü təkcə şəhid, məcburi köçkün və qaçqınlar üçün çox ciddi ismarışlarla yadda qalmadı, eyni zamanda yeni Ermənistan rəhbərliyi üçün mühüm, vacib mesajlarla yadda qaldı. Bu, həmçinin ATƏT-in Minsk qrupu, beynəlxalq ictimaiyyət üçün çox vacib mesajlardır ki, Azərbaycan heç bir zaman ərazisinin işğal altında qalması faktı ilə barışmayacaq və işğal nəticəsində, bu müharibənin gedişatında şəhid olmuş övladlarına hər zaman diqqət və qayğı göstərəcək. Bu da bizi güclü edir". 

E.Nəsirov qeyd edib ki, Azərbaycan Prezidentinin və ölkənin birinci vitse-prezidentinin şəhid ailələri, müharibə veteranları və əlilləri, qaçqın və məcburi köçkünlərə göstərdiyi bu yüksək diqqət və qayğı bütövlükdə Azərbaycan cəmiyyəti ilə hakimiyyət arasında münasibətlərin göstəricisidir: "Bu gün Azərbaycanda hökm sürən sabitlik və təhlükəsizliyin kökündə dayanan əsas amil də hakimiyyətlə xalqın birliyindən keçir. bu bizi sevməyən qüvvələrin hədəfində olmağımızı şərtləndirir, amma onların hədəfində olsaq da biz bundan çəkinmirik. Çünki bizim işimiz cənab Prezidentin dediyi kimi haqq işidir, taleyimiz öz əlimizdədir və öz müstəqil siyasətimizi həyata keçiririk. O siyasəti ki, Azərbaycan üçün yeni üfüqlər açır". 

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31