"Şəhid adı və şəhid ailələri ən üst qatda tutulur"
29 Yanvar 2019 16:09 Siyasət"Prezident xalqla öz arasında heç bir məsafə qoymadığını bir daha göstərdi". Bunu Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.
Sədrin sözlərinə görə, Prezident İlham Əliyevin "Şəhid ailələri üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına yeniliklər edərək, dövlət yardımının bütün kateqoriyalardan olan şəhid ailələrinə şamil edilməsinə qərar verməsi ən müxtəlif kontekstlərdən şərh edilməsi mümkün olan hadisədir: "Bu, ilk növbədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş şəxslərə, onların ailə üzvlərinə, vərəsələrinə göstərilən qayğının, verilən dəyərin, hörmətin bariz nümunəsidir: "Amma məslənin birbaşa məzmunu ilə yanaşı digər çalarları da var. Dünən, yanvarın 28-də Fərmanın elan olunması ilə yanaşı, Prezident İlham Əliyev şəxsən özü və Birinci xanım Mehriban Əliyeva Prezident Sarayında şəhid ailələri ilə görüşdülər, onları dinlədilər, hörmətlərini ifadə etdilər. Görüş çərçivəsində dövlətimizin başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunacaq plastik kartları şəhid vərəsələrinə öz əlləri ilə təqdim etdi.
Məsələ ondadır ki, Prezidentin Fərman və sərəncamlarından irəli gələn öhdəliklərin icra olunması üçün müxtəlif təyinatlı dövlət qurumları var və onlar öz missiyalarını layiqincə yerinə yetirirlər. Prezidentin plastik kartları şəhid vərəsələrinə hansısa dövlət qurumu vasitəsilə deyil, öz əlləri ilə təqdim etməsi ciddi mesajdır. Məsələnin diqqət çəkən ikinci tərəfi şəhid ailələrinin birbaşa Prezident Administrasiyasının binasında qəbul edilməsidir. Prezidentin belə yanaşması və bu yanaşma ilə verdiyi mesajı bənzəri olmayan, çox yüksək hadisədir, dəyərdir. Bu o deməkdir ki, bu dövlətdə şəhid adı və şəhid ailələri ən üst qatda tutulurlar və Prezidentin nəzərində ən yüksək səviyyədədirlər. Demək olar ki, cənab prezident xalqla, şəhid ailələri ilə öz arasında heç bir məsafə saxlamadığını bir daha nümayiş etdirmiş oldu".
SİA