"Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması dövlət siyasətinin əsasını təşkil edir"
29 Yanvar 2019 13:34 Siyasət"Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən bəyan etmişdi ki, xalq hakimiyyət üçün deyil, hakimiyyət xalq üçündür. Əsası Ulu Öndər tərəfindən qoyulan siyasət bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sübut olunur ki, ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin əsaslarından biri xalqımızın sosial vəziyyətinin, rifah halının yaxşılaşdırılmasına yönəlib". Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ötən gün şəhid ailələri ilə görüşünə münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, Azərbaycanın iqtisadi inkişafı, hərbi gücünün artması və eləcə də digər sahələrdə görülən işlər də əhalinin maddi rifah halının gündən-günə yaxşılaşmasına xidmət edir: "Ölkəmizdə verilən müavinətlər, təminatlar, təkcə məcburi köçkünlər üçün deyil, eləcə də şəhid ailələri, aztəminatlı, hərbiçi ailələrimiz üçündür. Cənab Prezident bu kateqoriyadan olan insanlar üçün lazımi tədbirləri görür. Bu istiqamətdə növbəti addım dövlət başçısının ötən gün bir qrup şəhid ailələri ilə görüşü və daha sonra imzalanan fərman idi. Bütün bunlar dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqətin əyani sübutudur".
E.Məmmədov qeyd edib ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən siyasətin əsasını təşkil edir.
Yeni imzalanan fərmana toxunan deputat vurğulayıb ki, fərmana əsasən Azərbaycan Ordusu, Müdafiə Nazirliyi yaranmamışdan qabaq torpaqlarımız uğrunda döyüşən polislərimizin ailələri də birdəfəlik müavinətlərdən yararlanacaqlar.
SİA