"Prezident şəhid ailələrinə böyük qayğı, hörmət və ehtiram göstərir"
29 Yanvar 2019 13:26 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bir qrup şəhid ailələri ilə dünənki görüşü bir daha göstərdi ki, Prezident İlham Əliyev şəhid ailələrinə nə qədər böyük qayğı, hörmət və ehtiram göstərir". Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
O bildirib ki, bu görüşün sosial-siyasi əhəmiyyəti ilə yanaşı çox ciddi milli-mənəvi, vətənpərvərlik əhəmiyyəti var: "Azərbaycan Prezidenti nitqində bildirdi ki, şəhidlər qəlbimizdə yaşayır. Bu çıxış hər kəsə şəhid ailələrinə hörmətlə yanaşmaqla bağlı mesajdır".
Ölkə başçısı tərəfindən şəhid ailələrinə birdəfəlik yardımla bağlı növbəti fərmana toxunan M.Quliyev bildirib ki, imzalanan sənədlə çox ciddi məsələ artıq öz həllini tapıb: "1997-ci ildə həqiqi hərbi qulluqçuların icbari sosial sığortası haqqında qanun qəbul olunub. Şəhid olan hərbi qulluqçuların ailələrinin hər biri qanuna uyğun olaraq sığorta haqqı alıblar. Amma o vaxtda qədər şəhid olanların problemi qalmışdı və bu problem də ötən ilin aprelində imzalanmış fərmanla həll olundu. Fərmandan sonra 10 minə yaxın şəhid ailəsinin siyahısı dəqiqləşdirildi".
Şəhid ailələrinə birdəfəlik ödəmə üçün 58 milyon manat vəsaitin ayrıldığı və bu il isə daha 50 milyon manatın ayrılması nəzərdə tutulduğunu xatırladan komitənin sədr müavini bu kateqoriyadan olan şəxslərin yardımları növbəlilik qaydasında alacaqlarını qeyd edib: "Prezident İlham Əliyev görüşdə də dəqiq söylədi ki, bizim siyasətimiz iki mühüm əsasa söykənir. Biri qanunçuluq, digəri isə sosial ədalətdir. Bu fərmanla həm qanunçuluq, həm də sosial ədalət təmin olundu. Vaxtilə az məbləğdə yardım alan 2725 nəfərə 11 min manat birdəfəlik ödəmə veriləcək. Eyni zamanda, o dövrdə ərazi bütövlüyünün qorunması zamanı şəhid olmuş 460-dan çox polisin ailələri də dövlətin qayğısından yararlanacaq".
M.Quliyev əlavə edib ki, artıq fərmanın icrasına başlanıb: "Fərmana əsasən fevralın 15-dək Daxili işlər Nazirliyi siyahını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. 3 ay ərzində nazirliklər sənədləşmə işlərini həll etməlidir. Bütövlükdə 5 ay ərzində məsələ həllini tapmalıdır. Bu göstərir ki, prezident əhalinin rifah halının yüksəlməsi məsələsinə böyük həssaslıqla yanaşır və qayğı göstərir".
SİA