Sülh Platforması hədəflərə çata biləcəkmi?

Aprel hadisələrinin təkrarlanmasından ehtiyatlanan erməni ictimaiyyətinin nümayəndələri azərbaycanlı həmkarlarına müraciət edərək, münaqişənin həlli yollarını birgə müzakirə etməyi təklif etdilər.

Söhbət əməkdaşlıqdan gedirsə, ilk növbədə Ermənistan Azərbacan torpaqlarının işğalına son qoymalıdır
 

Aprel hadisələrinin təkrarlanmasından ehtiyatlanan erməni ictimaiyyətinin nümayəndələri azərbaycanlı həmkarlarına müraciət edərək, münaqişənin həlli yollarını birgə müzakirə etməyi təklif etdilər. Sözügedən təklif nəzərə alınaraq 8 noyabrda Ermənistandan olan 3 nəfər hüquq müdafiəçisi və QHT rəhbərinin iştirakı ilə Bakıda konfrans keçirilib. Konfrans iştirakçıları Azərbaycanla Ermənistan prezidentləri və xalqlarına müraciət qəbul ediblər. Müraciətdə 25 il davam edən münaqişənin törətdiyi fəlakət və faciələr qeyd olunub. Hər iki xalqın bu münaqəşədən yorulduğu və onun qısa müddətdə həllinin vacibliyi vurğulanıb. Sonra konfrans iştirakçıları fəaliyətlərini institutlaşdırmaq və vahid bir təşkilatda birləşərək sülh yaratma missiyasını davam etdirmək məqsədilə 7 dekabrda Ermənistan-Azərbaycan Sülh Platformasını təsis etdilər. Platforma Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 işğal olunmuş rayonun azad edilməsi istiqamətində kompleks tədbirləri görməyə çağırır. İlk addım kimi məcburi köçkünlərin öz evlərinə qayıtması, Dağlıq Qarabağı erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsi, habelə Ermənistan və Azərbaycan arasında iqtisadi, siyasi əlaqələrin bərpası və kommunikasıyaların açılması olmalıdır. Platforma Azərbaycan və Ermənistan xalqlarını barışdırmaq üçün addımlar atacaraq birgə yaşayış, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin yekun statusu və sülh prosesinin müzakirəsi üçün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları nümayəndələrinin görüşlərini təmin edəcək. Münaqişənin tezliklə sülh yolu ilə həllinə töhfə vermək məqsədi ilə Platforma iki ölkənin ictimaiyyət nümayəndələri ilə daimi əməkdaşlıq quracaq və effektiv xalq diplomatik fəaliyyətə cəlb olunacaq. Artıq bu platformaya bir neçə erməni fəal qoşulub. Onlar Ermənistan hakimiyyətinin işğalçı olduğunu etiraf edirlər. Bakı platformasına qoşulan ermənilərin sayı artmaqda davam edir. Maraqlıdır, Ermənistan-Azərbaycan Sülh Platforması icmalar arasında əlaqənin genişlənməsində hansı rolu oynaya bilər? Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin, Ermənistan-Azərbaycan Sülh Platformasının üzvü, deputat Rövşən Rzayev deyib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilir: "Bu Platforma isə vətəndaş cəmiyyətləri arasında müəyyən sülh mesajlarını çatdırmaqdır. Düşünürəm ki, Platformanın fəaliyyətinin də vaxtı gələndə öz töhfəsi olacaq". Deputat qeyd edib ki, Platformanın əsas məqsədi sülh uğrunda mübarizə aparan insanları prosesə cəlb etməkdir. Onun sözlərinə görə, bununla da böyük sülh prosesinə töhfə vermək qarşıya məqsəd qoyulub: "Biz göstərmək istəyirik ki, azərbaycanlılarla ermənilər arasındakı etnik uyğunsuzluq fikirləri tamamilə yanlışdır. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüş nəzərdə tutulub. Amma vaxtı və məkanı bəlli deyil. Çalışırıq ki, bu istiqamətdə bizi dəstəkləyən qüvvələr çoxalsın və fəaliyyətimizi buna uyğun quraq". Rövşən Rzayev Dağlıq Qarabağa səfərlərin olacağını da istisna etməyib: "Bütün bunların hamısını zaman göstərəcək. Çünki bunlar asan məsələ deyil". Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni deyib ki, region ölkələri arasında əməkdaşlıqdan söhbət gedirsə, ilk növbədə Ermənistan Azərbacan torpaqlarının işğalına son qoymalıdır: "Bunu anlayan erməni milliyətindən olanların bu prosesə qoşulması təbiidir. Çünki, insanlar bu məsələlərin görünən və görünməyən tərəflərini yaxşı anlayırlar. Ona görə də Ermənistanda keçirilən mitinqlərdə "Bizə Qarabağ lazım deyil", "Övladlarımızı bizə verin" kimi tələblər səsləndirilirdi. Bu isə ondan irəli gəlir ki, erməni anaları nəticəsi olmayan müharibəyə övladlarını göndərmək istəmir. Ona görə də erməni ziyalıları bu sülh platformasına qoşulurlar. Hesab edirəm ki, bu proses öz sıralarına daha çox insan cəlb edəcək". R. Zeyni vurğulayıb ki, bu proses Sarkisyan rejimini narahat edir: "Platformaya qoşulanların sayının artması Sarkisyan rejimini panikaya salıb. Rejim başa düşür ki, qısa zaman ərzində minlərlə insan bu platformaya qoşula bilər. Bu isə onların sonu deməkdir. Artıq erməni xalqı işğala son qoyulmasını tələb edir, buna öz etirazını bildirir və xalq diplomatiyasından istifadə edərək münaqişənin həllinə töhfə vermək istəyir. Aprel döyüşlərindən sonra Sarkisyan rejimi və erməni xalqı gördü ki, Azərbaycan hərbi yolla torpaqlarını işğaldan azad etməyə qadirdir. Bunu anlayan Ermənistan vətəndaşları başa düşür ki, sülh platforması öz işini görməlidir. Bu səbəbdən sülh platformasına dəstək verirlər". MQF prezidenti, həmçinin qeyd edib ki, Sarkisyan rejimi bütün vəchlə platformaya qoşulanların qarşısını kəsməyə çalışır: "Ermənistan xüsusi xidmət orqanları bu prosesə qoşulanları həbs edir, təzyiq göstərir. Bu ondan irəli gəlir ki, rejim sülhə qarşıdır. Ancaq, belə ağır bir şəraitdə ermənilər platformaya qoşulurlar. Çünki, rəhbəliklərinin mahiyyətini anlayırlar. Ona görə də bütün bu təzyiqlərə baxmayaraq, öz dövlətinin, regionun gələcəyini düşünən insanlar bu prosesə qoşulmalıdır". Sülh platformasının yaradılmasına müsbət yanaşdığını deyən millət vəkili Fəzail Ağamalı hesab edir k, bu platforma Azərbaycanın sülhsevər ölkə olduğunu nümayiş etdirir. Onun sözlərinə görə, erməni fəalların bu prosesə qoşulması müsbət haldır: "Bu proses davam etməlidir. Çalışmalıyıq ki, sülh platformasına daha çox erməni cəlb edilsin. Həmçinin onların cəlb olunmasına ehtiyatlı yanaşmaq lazımdır. Platformaya "sülh mələyi" adı altında xüsusi xidmət orqanının əməkdaşları gələ bilər". Deputat qeyd edib ki, Qarabağın işğaldan azad edilməsi üçün ümidimizi yalnız sülh platformasına bağlamalı deyilik: "Unutmaq olmaz ki, Ermənistanın dövlət başında cani, əli Xocalı qanına boyanmış, ruhu ilə vandalizmi ifadə edən Sarksiyan dayanır. Onun komandası özü qədər təcavüzkardır. Faktiki olaraq problemin sülh yolu ilə həlli Sarkisyanın siyasi intiharı demək olar. O, utanmadan Qarabağın Azərbaycana aid olmayacağını deyir. Sarkisyan kimi qatilin qarşısında yalnız Azərbaycanın güclü ordusu dayana bilər. Biz hər zaman müharibəyə hazır olmalıyıq. Çünki Sarkisyan istənilən yolla status-kvonun qorunub saxlanmasına çalışır. Biz əlverişli zamandan istifadə edib, ali baş komandan başda olmaqla güclü ordumuzun gücü ilə işğal olunmuş torpaqlarımızı azad etməliyik". Millət vəkili Zahid Oruc da sülh platformasını dəstəklədiyini bildirib: "Biz bununla erməni birliyi haqqında mifi dağıda bilərik. Son günlər adıçəkilən platformanın həyata keçirilməsi fonunda yüzlərlə məqalə yazılır. Sarkisyan rejiminin çevrəsində olan və qanla işləyən media strukturları bu mövzunun üzərinə gedərək cəmiyyəti hansısa vahid bir ideologiyaya bağlamaq istəyirlər. Onlar bununla böyük səhvlərə yol verirlər. Belə olan təqdirdə Azərbaycan tərəfi həmin o ermənilərə mesaj verir ki, siz silahı Sarkisyan rejiminə çevirdiyiniz, Azərbaycan Konstitusiyasını və qanunlarını tanıdığınız halda bu ölkənin vətəndaşları kimi əminaman şəkildə yaşa bilərsiz. Bu baxımdan hesab edirəm ki, aparılan proses düzgündür və hədəflər doğru seçilib".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31