Oqtay Əsədov: “Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır”
Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
23 Dekabr 2016 11:57 SiyasətMilli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "Olaylar" xəbər verir ki, Oqtay Əsədov qeyd edib ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, TÜRKSOY, Türk Akademiyası kimi qurumlar türk dünyasının birləşməsinə xidmət edir. İnanırıq ki, TürkPA gələcəkdə digər türkdilli dövlətləri əhatə edəcək nüfuzlu bir quruma çevriləcək. Bu təşkilatın digər beynəlxalq qurumlarla əlaqələrin güclənməsini təqdirəlayiq hesab edirik. Söhbət zamanı Azərbaycan-Türkiyə münasibətlərindən söz açan Milli Məclisin sədri dostluğumuzun sarsılmaz və daimi olduğunu bildirib. O, Türkiyədə sabitliyi pozmağa yönəlmiş xain terror aktlarını pisləyərək, polis əməkdaşlarının və sivillərin şəhid olması xəbərlərinin azərbaycanlıları kədərləndirdiyini deyib, türk xalqına öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib. Qeyd edilib ki, xalqlarımız əsrlərboyu bir yerdə olub, bir-birilərinin dərdinə şərik çıxıblar. Bu iki ölkə birlikdə türkdilli dövlətlərin əməkdaşlığına da müsbət təsir göstərir.Dağlıq Qarabağ problemindən danışan sədr bu ilin aprel ayında işğalçı Ermənistanın Azərbaycanın nəyə qadir olduğunu gördüyünü bildirib:"Ancaq biz problemin sülh yolu ilə həllinə tərəfdarıq. İnanırıq ki, gec-tez bu məsələ öz ədalətli məntiqi nəticəsini tapacaq". Türkiyə-Azərbaycan münasibətlərinə toxunan İsmayıl Qəhrəman Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, Azərbaycan tərəfindən də qarşılıqlı şəkildə bu dəstəyi daim hiss etdiklərini söyləyib. Bölgədəki vəziyyətdən söz açan qonaq Türkiyədə terror aktlarının arxasında dayanan qüvvələrin öz niyyətlərinə çata bilməyəcəklərini vurğulayıb. İsmayıl Qəhrəman Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyərək, problemin tezliklə öz həllini tapacağına inamını ifadə edib.