Azərbaycan əleyhinə formalaşan ittifaq
İran yenə də Azərbaycana qarşı xəyanət yolunu tutaraq işğalçı ölkə ilə işbirliyinə girdi. Xəbərlərdən də məlum olduğu kimi İran prezidenti Həsən Ruhani dekabrın 21-də Ermənistana səfər edərək işğalçı ölkədən olan həmkarı ilə görüşüb. İran prezidentinin səfəri zamanı iki ölkə arasında bir sıra sahələri əhatə edən əməkdaşlıq sazişləri də imzalanıb.
22 Dekabr 2016 14:25 Siyasətİran -Ermənistan əməkdaşlığı
İran yenə də Azərbaycana qarşı xəyanət yolunu tutaraq işğalçı ölkə ilə işbirliyinə girdi. Xəbərlərdən də məlum olduğu kimi İran prezidenti Həsən Ruhani dekabrın 21-də Ermənistana səfər edərək işğalçı ölkədən olan həmkarı ilə görüşüb. İran prezidentinin səfəri zamanı iki ölkə arasında bir sıra sahələri əhatə edən əməkdaşlıq sazişləri də imzalanıb.
Cənub qonşumuzun xəyanətkar siyasəti Azərbaycan cəmiyyətində haqlı olaraq ciddi etiraz doğurub. Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən şəxslər Tehranın bu addımını qonşuluq prinsiplərinə zidd hesab edərək İslam Respublikasının işğalçı siyasət yürüdən xristian bir ölkə ilə əlaqələri inkişaf etdirməsini kəskin tənqid ediblər.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, İran prezidenti Həsən Ruhaninin işğalçı Ermənistana səfəri, bu ölkənin Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqedə səmimi olmamasını ortaya qoydu. Həmçinin gələcəkdə Tehran rəsmilərinin münaqişənin həlli istiqamətində hər hansı vasitəçi təklifinə kölgə salmış oldu: "İsrail baş nazirinin Azərbaycana səfərindən sonra, reallaşan İran prezidentinin Ermənistan səfəri Azərbaycana qarşı yönəlib. Və İranın bundan sonra da Ermənistanın yanında olacağına mesajdır. Qeyd etmək lazımdır ki, İranın Ermənistanla heç bir iqtisadi əməkdaşlıq perspektivi yoxdur. Çünki, Ermənistan iqtisadiyyatı Rusiyanın inhisarındadı. İranın bu imkanlardan istifadəsi minimum həddədir. İran -Ermənistan əməkdaşlığı, Azərbaycan əleyhinə formalaşmış bir ittifaqdır. İran qeyd edir ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ermənistanı silah-sursatla təmin edən, dolayı yolla işğala dəstək verən Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İranın Azərbaycanı İsraillə əməkdaşlıqda qınaması, bu ölkənin Ermənistanla rahat əməkdaşlıq etməsindən irəli gəlir. Vurğulamaq lazımdır ki, İsrail İranla ideoloji düşməndi. İran İsraili Fələstin torpaqlarını işğal etdiyi üçün düşmən elan edib. Həmçinin Ermənistan da müsəlman ölkəsi olan Azərbaycanın torpaqlarının bir hissəsini işğal edib. Bu ölkə, analoji addımı nədənsə, Ermənistana tətbiq etmək niyyətində deyil. Əvəzində isə, Azərbaycanın əleyhinə Ermənistanla tam səmimi ortamda siyasi- iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır". Politoloq deyib ki, bu il, apreldə " dörd günlük" döyüşdən sonra işğalçı Ermənistanın yanında Rusiya və İranı gördük: "İran iqtisadi imkanları ilə, Rusiya isə hərbi yardımla Ermənistanın yanında olduqlarını nümayiş etdirdi. Bu ölkələrin Qarabağla bağlı açıqlamaları avantüradan ibarətdir və status-kvonun saxlanmasına hesablanıb. Ruhaninin səfəri, Cənubi Azərbaycanda yaşayan 40 milyonluq İran vətəndaşı olan Azərbaycan türklərinə qarşı hörmətsizliyin əlaməti kimi xarakterizə olunmalıdır. Bu səfər, onların yaddaşında böyük bir travmatik iz buraxır və gələcəkdə İran mərkəzi hakimiyyətinə qarşı inamsızlığı artıracaq". Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan İranı bu kimi, təxribatçı hərəkətlərindən çəkindirmək üçün Tehranla mümkün şəkildə təmaslarını genişləndirməli, İranın Ermənistanla birgə hər hansı tranzit nəqliyyat və qaz kəmərinin çəkilməsi siyasətinə ciddi şəkildə etirazını bildirməlidir.
"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlunun sözlərinə görə, İran prezidentinin Ermənistana səfəri bir daha onu sübut etdi ki, XXI əsr dünyasında dini ideologiya sadəcə olaraq fanatiklərə, cahil və savadsız insanlara yönəlik təsir vasitəsidir. Onun sözlərinə görə, əslində bu ideoloji təbliğatı əlində bayraq edən teokratik dövlətlər belə, müasir dövrdə milli-dövlətçilik hədəflərindən çıxış edərək addımlarını atırlar: "Müasir dövrdə hansısa ümmət, məzhəb təəssübkeşliyi çəkən şəxs sadəcə olaraq ətrafında baş verənləri anlamayacaq qədər ya idealistdir, ya da ümumiyyətlə bəsit təfəkkürə malikdir. Mənim üçün şəxsən İran prezidentinin Ermənistana səfərində təəccüblü heç nə yoxdur. 20 ildir Yaxın Şərqdən yazıram, bu bölgəni öyrənirəm. İran - mənim əsas tədqiqat predmetlərimdən biridir. Bu ölkə 1979-cu inqilabından indiyədək məzhəbçilik və anti-sionizm kartlarından öz təbliğatı üçün istifadə edib, əleyhimizə erməni faktorundan yararlanıb. İran - öz milli dövlətçilik maraqlarından çıxış edərək belə edir və bu təbiidir. Burada artıq faktiki olaraq dini təəssübkeşlik, ümmət birliyi, əhli-beyt sevdalılığı kimi məqamlar arxa plana keçir. Və bu təkcə İrana aid deyil". Politoloq bildirib ki, XXI əsr - milli ideologiyalar üzərində köklənmiş düşüncə sistemlərinə istinad etmək dövrüdür: "Hansısa dini-məzhəbçi-təriqətçi təəssübkeşlik və ilahi ip arayışları, kosmopolit qərb aludəçiliyindən doğan vecsizlik və ya xəstə solçu-kommunist təfəkkür- müasir dünyada sadəcə olaraq milli bütünlük fəlsəfəsinin sarsılmasına yönəlik alətlərdir. Avropada mühafizəkar sağ qüvvələrinin ard-arda əldə etdikləri qələbələr məgər bunu sübut etmirmi?"
Müstəqil ekspert Rövşən Məmmədli qeyd edib ki, Ermənistanda zorla hakimiyyətə gəlmiş və öz diktaturasını qurmuş Serj Sərkisyanın ötən əsrin sonlarında Dağlıq Qarabağda və Ermənistanda erməni quldur dəstələrinə başçılıq etməsi, Dağlıq Qarabağın dinc ermənilərini seperatçı hərəkətlərə məcbur etməsi,
Ermənistandan və Dağlıq Qarabağdan bir milyondan artıq müsəlman Türkünü öz doğma vətənlərindən deportasiya edilməsinin əsas təşkilatçılarından biri olması, minlərlə dinc müsəlmanın ölümünə, ağır bədən xəsarətləri almasına səbəb olması və ən əsası Xocalı qətliamında əlinin qana batması bütün dünyaya məlumdur. Onun sözlərinə görə, bütün bunları Qərb dövlətləri ilə yanaşı İran Prezidenti Həsən Ruhani də yaxşı bilir: "Həsən Ruhani onu da yaxşı görür ki, Ermənistandakı bu faşist rejimi Azərbaycanın Zəngəzurda və Qarabağda İranla sərhəd torpaqlarını 23 ildir işğal edib və bu torpaqları viran qoyub, minlərlə Azərbaycan kəndlərini , şəhərlərini dağıdıb, qəbirstanlıqları, tarixi abidələri yer üzündən silib. Bütün yer-yurd adlarını erməniləşdirib. Həsən Ruhani onu da yaxşı bilir ki, İranda yaşayan 40 milyon Azərbaycan Türkü Ermənistana, İrəvana və Sərkisyana törətdikləri bu alçaqlıqlara görə nifrət edirlər. HBu gün Ermənistan blokadaya düşməmək üçün yalandan İrana tulalıq edir, özünü dost kimi göstərir. Ancaq fürsət düşən kimi İrana da öz zərbəsini vurmağa hazırdır. "Böyük Ermənistan" bədnam ideologiyasında İran ərazilərinin yarıdan çoxu "Ermənistan əraziləri" kimi nəzərdə tutulur". Ekspert bildirib ki, İranın iqtisadi cəhətdən də Ermənistana heç bir ehtiyacı yoxdur. Çünki Ermənistan iqtisadiyyatı sıfıra bərabər olan kasıb bir ölkədir: "Bəs elə isə bu gün İran kimi qocaman bir böyük, qüdrətli iqtisadiyyata malik dövlətin prezidentinin İrəvanda nə işi var?.Serj Sərkisyan kimdir ki, İran İslam Respublikası adlanan bir ölkənin prezidenti faşist xuntasının rəhbəri olan Sərkisyanın ayağına gedir, "Ermənistan İrana dost ölkədir" deyir. Ermənistan necə İrana dost ölkə ola bilər ki, İranda yaşayan 40 milyon Azərbaycan Türkünün ürəyi Qarabağa görə yaralıdır. Bu əraziləri işğal altında saxlayan Ermənistana düşmən ölkə kimi baxırlar. Məntiqlə onda belə çıxır ki, İran prezidenti 40 milyon Azərbaycanlı vətəndaşının istəyini görmək , onların hissini dinləmək istəmir, hüquqlarına hörmət etir və onları Ermənistanda yaşayan 2-3 milyon erməninin ayağına verir. Bu ürəkbulandıran bəyanatından sonra Həsən Ruhani yenədəmi Azərbaycana dost, tarixi maraqları üst-üstə düşən ölkə deyəcək?. Həsən Ruhanı Ermənistana gedib Sərkisyanın hüzurunda Ermənistanı dost ölkə adlandırırsa, onda Ermənistanı özünə düşmən sayan və bu hədəfdə haqlı olan Azərbaycan da məntiqlə İranın düşməni olur. Budurmu İran başçılarının yürütdüyü siyasət? Budurmu İranın islamçılığı, müsəlmançılığı. İran nə üçün İrəvanda Sərkisyana demir ki, sən işğalçı qoşunlarını Azərbaycan Respublikasının ərazisindən çıxar. Deməli İranın Azərbaycana üzdə göstərdiyi mehribançılıq, dostluğu yalandır. İran hansısa maraqlarına görə əslində gizlində Azərbaycan Respublikasını özünə düşmən sayır və bunu da Azərbaycanın düşməninə dost münasibəti göstərməsi ilə üzə çıxarır. Hesab edirəm İranın müsəlmançılıqdan danışması da boş şeylərdir".
Süleyman