“İrəvan - gizlədilmiş həqiqətlər“ sənədli filminin təqdimat mərasimi keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin 3 dildə istehsal etdiyi “İrəvan - gizlədilmiş həqiqətlər“ sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə  köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, millət vəkilləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əli Həsənov: "Bizim geosiyasi vəzifəmiz  ermənilərdən tariximizi, mədəniyyətimizi, fiziki varlığımızı, gələcək inkişafımızı qorumaqdır"

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin 3 dildə istehsal etdiyi "İrəvan - gizlədilmiş həqiqətlər" sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə  köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, millət vəkilləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Əvvəlcə  "İrəvan - gizlədilmiş həqiqətlər" sənədli filmi nümayiş olunub. Tədbiri giriş sözü ilə açan "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nürəddin Mehdiyev bildirib ki, orijinalı ingilis dilində, həmçinin Azərbaycan və rus dillərində istehsal olunan film  Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olması və bu həqiqətin ermənilər tərəfindən uzun illərdir gizlədilməyə çalışılması haqqındadır: "Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin azərbaycanlılara məxsus zəngin mədəni irsi haqqında məlumatları Azərbaycan cəmiyyətinə, dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə sağlam şəkildə çatdırmaq sənədli filmin əsas məqsədidir. İrəvanda bu gün bir məsciddən savayı, yaşı 200 ildən artıq olan tarixi-memarlıq abidəsi qalmayıb, yer üzündən silinib. Filmdə İrəvan şəhərinin salınması, şəhərdə türk-müsəlman hakimiyyəti, İrəvan qalası, məscidləri, meydanları, karvansaraları, ticarət köşkləri, hamamları, bağları, İrəvanın Çar Rusiyası tərəfindən işğalı və demoqrafik vəziyyət, İrəvanda azərbaycanlıların mədəni irsinin məhv edilməsi, azərbaycanlıların İrəvandan köçürülməsi, müasir İrəvanda Azərbaycan mədəni irsi haqqında tutarlı tarixi faktlar və təsvirlərlə bəhs edilir".

Təqdimat mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, Tarix İnstitutu ilə birgə hazırlanan film arxiv materialları, elmi-tədqiqat və araşdrımaların üzərində qurulub: "Bu elmi-araşdırmaların geniş kütləyə çatdırılmasının ən uğurlu yoludur. Xalqımız heç zaman ermənilərin bu vəhşiliyini unutmayacaq. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Mən hər bir Azərbaycan gəncini bu istəyin gerçəkləşməsi naminə mübariz olmağa, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çağırıram". Ermənilər tərəfindən işğal olunmuş ərazilərdə xalqımıza məxsus qeyri-maddi və mədəni tarixi abidələrin məhv edildiyini deyən nazir söyləyib ki, bu vəhşiliklər daha əvvəl İrəvanda, sonra Zəngəzur, Göyçə, Vedibar və digər tarixi ərazilərdə, Qarabağda erməni işğalçıları tətəfindən son 150 ildə baş verib: "Dünyada ən çox zərbə İrəvan şəhərinə vurulub. Dünyada bəlkə də heç bir şəhər İrəvan qədər talan edilməyib. Hər bir memarlıq əsəri olan yüzlərlə tarixi abidəmiz məhv edilib, qalan 1-2 abidəmiz isə başqa ölkələrə mənsubiyyəti nümayiş etdirilir".

AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov vurğulayıb  ki, filmin hazırlanmasında Azərbaycan Milli Elmlər AkademiyasınınTarix İnstitutu ilə əməkdaşlıq edilib: "İrəvanda bu gün bir məsciddən savayı, yaşı 200 ildən artıq olan tarixi-memarlıq abidəsi qalmayıb, yer üzündən silinib.   Azərbaycanda İrəvan haqqında ilk dəfədir ki, daha əhatəli və 3 dildə sənədli film çəkilib. Filmin xarici dillərinin orijinallığı da onun dünyaya yayılmasını asanlaşdırır". Milli Məclisin Gənclər və idman Komitəsinin sədri Fuad Muradov bildirib ki, film xüsusi təbliğ olunmalıdır: "Mən əminəm ki, biz tezliklə belə təqdimatları işğal olunmuş ərazilərdə keçirəcəyik. Belə işlərin təbliğində gənclərin rolu böyükdü".

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə kömıkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, təqdimatı keçirilən film ciddir bir layihədir: "Amma yetərli deyil. Burada böyük zəhmətlə bərpa olunan qədim İrəvan tarixinin, o cümlədən məscidlərin, abidələrin daha təkmil təsvirini verməliyik, onların daha aydın açıqcaları olmalı, onlarla bağlı buktletlər hazırlanmalıdır. Turistlər arasında yayılmalıdır ki, qoy onlar da  bilsinlər ki, ermənilər Azərbaycan tarixini belə məhv edib. O cümlədən bu filmin yayımını təmin etməliyik. Xaricə gedən diplomatlarımız, xaricdə yaşayan soydaşlarımız, gənclərimiz bu filmin dünyada yayılmasında iştirak etməlidir. Ümummilli lider Heydər Əliyev son 200 ildə Azərbaycan xalqına qarşı törədilən qırğınlar haqqında danışarkən deyirdi ki, ermənilərlə qonşuluq Azərbaycan qarşısında daima bir geosiyasi vəzifə qoyur ki, biz bunu unutmamalıyıq. Adətən qonşu ölkələr bir-birinin inkişafına töhfə verir, ancaq ermənilərlə qonşuluq bizə yalnız problemlər, mədəniyyətimizin dağıdılma təhlükəsi, təhlükəsizliyimizə təhdid yaradıb, eləcə də xalqımıza qarşı soyqırım törədilib. Bizim geosiyasi vəzifəmiz isə ermənilərdən tariximizi, mədəniyyətimizi, fiziki varlığımızı, gələcək inkişafımızı qorumaqdır. Bəzən biz xristian dünyasında ermənipərəst dairələrə başa salırıq, lakin onlar xristian-müsəlman ayrıseçkiliyi fonunda bizə şübhə ilə yanaşırlar. Ona görə də biz çox iş görməliyik ki, erməni saxtakarlığını üzə çıxaraq. Bu gün dünyada müsəlman abidələrinə qarşı biganəlik var. Bu çox təəssüfedicidir. Dünyadakı bir çox qədim müsəlman-türk şəhərləri və tarixi abidələri dağıdılıb. Bütün müsəlman şərqinin tarixi abidələri və qədim şəhərləri, o cümlədən Suriya ərazisində yerləşən Palmira şəhəri bombalarla məhv edilir.  Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycandakı multikulturalizmə də baxın, Qərbdəki multikulturalizmə də. Bizim fərqimiz ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün xalqlara, müxtəlif dinlərin mənsublarına özümüz qədər hörmət edirik, sevgi ilə yanaşırıq. Ancaq Qərbin ən yaxşı cəhəti o idi ki, başqa dildən, dindən olanlara bir müddət dözümlülük göstərdilər. İndi daha ona da dözmürlər. Bu gün hər kəs bilir ki, Qərb ölkələri miqrantlara, qaçqınlara hansı münasibəti göstərir, onları didərgin salır, sərhədlərdə güllələyirlər. Sonra da dünyaya Qərb sivilizasiyasının tolerantlığını təqdim edirlər. Onların tolerantlığı məhz budur. Bu gün dünyada formalaşan islamofobiya xəstəliyinin qurbanlarından biri də biz azərbaycanlılarıq".

Qeyd edək ki, filmin ideya müəllifi və layihənin rəhbəri Nurəddin Mehdiyev, filmin baş məsləhətçisi AMEA A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA - nın müxbir üzvü Yaqub Mahmudov, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, quruluşçu rejissoru Teymur Nəcəfzadədir. Filmin ingilis dilində ABŞ - dan Dean Wendt, Azərbaycan dilində Eldəniz Rəsulov, rus dilində Rusiyadan Konstantin Qayçuk səsləndiriblər.

Nigar Nigar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31