“Prezidentin məsələyə münasibəti mediaya, azad sözə verilən qiymətin göstəricisidir”
10 Avqust 2015 20:17 SiyasətAnn.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi cəmiyyət üzvləri arasında narahatçılığa səbəb olub. Etiraf edilməlidir ki, Azərbaycanda müstəqil mətbuatın inkişafına ciddi dövlət qayğısı var və demokratik təsisatların tərkib hissəsi olan medianın inkişafına hərtərəfli şərait yaradılıb. Belə bir şəraitdə jurnalistin döyülərək öldürülməsi təbii ki, dövlət başçısının diqqətindən kənarda qala biməzdi. Gözlənilən kimi Azərbaycan prezidenti İlham Əliyev jurnalistə qarşı törədilən fiziki xəsarətə dərhal reaksiya verdi. Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Prezident İlham Əliyev avqustun 8-də Ann.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olub. Onun sözlərinə görə, Azərbaycan prezidenti bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir: "Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir". Ə. Həsənov bildirib ki, prezident İlham Əliyev hadisə barədə xəbər tutan kimi Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırlması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, habelə hadisənin baş vermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar verib. "Azərbaycan prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırıb. Cənab prezident bundan sonra da Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirib", - deyə o vurğulayıb.
Dövlət başçısının bu reaksiyası onun azad sözə, müstəqil mətbuata qayğısı, daim mətbuatın və jurnalistlərin yanında olmasının təzahürü kimi dəyərləndirilir. "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, bu faktın kiminsə şəxsi münasibətlər zəminində baş vermiş hadisə olmasına baxmayaraq Azərbaycanda jurnalistə qarşı belə bir hadisənin törədilməsi ağır bir hadisədir: "Prezident İlham Əliyevin baş verən hadisəyə dərhal reaksiya verməsi isə təbii ki, baş verən olayı müstəqil mətbuata, azad sözün imkişafına maneə kimi dəyərləndirməsi olaraq qiymətləndirilməlidir. Həmçinin, dərhal cinayətkarların tapılıb cəzalandırılması ilə bağlı aidiyyati dövlət qurumlarına göstəriş verməsi, eləcə də prosesin öz şəxsi nəzarətinə götürməsi demokratik dəyərlərin ən böyük tərkib hissəsi olan müstəqil mətbuatın, azad sözün inkişafı istiqamətində belə halların qarşısının alınmasında dövlət başçısının öz mövqeyinin, kəskin münasibətinin ortaya qoyması bu prinsiplərin qorunması və inkişaf etdirilməsi ilə bağlı siyasi iradənin mövcudluğu anlamına gəlməlidir. Cənab Prezidentin jurnalistin döyülməsi və fiziki xəsarət alması ilə bağlı həyata keçirilən istintaq prosesini şəxsi nəzarətinə götürməsi gələcəkdə azad sözün qarantı kimi çıxış etməsindən xəbər verir. Hesab edirəm ki, cənab prezident daim insan amilinə xüsusi diqqət yetirib. Hamının və hər kəsin prezidenti olaraq insanların yaxşı şəraitdə yaşamasına, vətəndaşların təhlükəsizlik şəraitdə həyat sürməsinə diqqət göstərib. Xüsusilə, söz və fikir azadlığının təmsilçilərinə önəm verərək, onların fəaliyyətini daim diqqətdə saxlayıb. İndi də dövlət başçısının baş verən hadisəyə dərhal reaksiya verməsi, günahkarların tez bir zamanda tapılaraq cəzalandırılması barədə göstəriş verməsi asad söz və azad fikrə, bu fikrin daşıyıcılarına dəstək olmasını bir daha ortaya qoyur". Millət vəkili Xanhüseyn Kazımlı bildirib ki, bu gün Azərbaycanda demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi dövlətin həqiqətən də əsas prioritet məqsədlərindən biridir. X.Kazımlı bildirib ki, artıq hüquq-mühafizə orqanları bu faktla bağlı araşdırmalara başlayıb. Araşdırmalar nəticəsində günahkarların öz layiqli cəzasını alacaqlarına inandığını deyən deputatın sözlərinə görə, prezident İlham Əliyev jurnalistlərə həmişə xüsusi qayğı ilə yanaşıb. X.Kazımlı qeyd edib ki, bu il Azərbaycanda Milli Mətbuat Gününün 140 illiyinin dövlət səviyyəsində keçirilməsi, bir çox jurnalistlərin mükafatlandırılması Azərbaycan Prezidentinin KİV-ə xüsusi qayğı göstərməsini bir daha sübut edir: "Ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin dostu elan edilib. Həqiqətən də Prezident İlham Əliyev jurnalistlərin dostudur. Prezident bu gün jurnalistlərə münbit şəraitin yaradılması üçün dövlətdən nə asılıdırsa, hamısını edib və yenə də edir". "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, prezident İlham Əliyevin məsələyə münasibətini ümumilikdə mediaya, azad sözə verilən qiymətin göstəricisidir: "Prezident İlham Əliyev hər zaman Azərbaycan mətbuatının problemlərinə diqqətlə yanaşıb və jurnalistlərlə bağlı məsələlərdə xüsusi həssaslıq nümayiş etdirib. Bu bir daha cənab prezidentin mediaya, azad sözə verdiyi qiymətin göstəricisi kimi dəyərləndirilməlidir. Baş verən hadisə şübhəsiz ki, üzücüdür. Amma bu kriminal, cinayət xarakterli hadisədir. Hesab edirəm ki, Azərbaycan mətbuatı, bütövlükdə vətəndaşlarımız da baş verən hadisədən nəticə çıxarmalıdırlar".
Alim