Müsavatın son payızı
Partiya cırtdan quruma çevriləcək
10 Avqust 2015 14:12 SiyasətMüsavat Partiyası tarixinin ən zəif dövrünü yaşayır. Partiyanın sosial bazası xeyli zəifləyib. Bir sıra analitiklər bunu İsa Qəmbərin başqanlıqdan getməsi ilə izah etməyə çalışsalar da belə deyil. Partiya İsa Qəmbər zamanından dağılmağa başlamışdı. Məclis sədri Sülhəddin Əkbər, başqan müavinləri İbrahim İbrahimli, Qabil Hüseynli kimi təcrübəli fiqurlar, Divan üzvü Adil Qeybulla bir neçə il bundan öncə partiyanı tərk ediblər. Müsavatın parçalanmasının əsası hələ 2003-cü il oktyabr hadisələrindən sonra qoyulmuşdu. Partiya seçkini uduzmuş, biabırçı 16 oktyabr hadisələri yaşanmış, 10 il ictimai rəyə lider kimi sırınmış başqanın nüfuzu darmadağın olmuşdu. Türməyə düşən başqan müavinləri bununla belə İsa Qəmbər mifini 2005-ci ilə qədər yaşatdılar. Lakin həmin il parlament seçkilərində yaşanan məğlubiyyət Müsavatın müxalifət daxilində hegemonluğuna son qoydu. İsa Qəmbər dönəmi bitdi. Mətbuata məlumat verilməsə də, elə o zamanlardan partiyanın rayon təşkilatlarından da istefalar başlanmışdı. Son qurultaydan sonra yaşanan hadisələrin suçu da birbaşa İsa Qəmbərin üzərindədir. Arif Hacılı cüzi üstünlüklə olsa da seçkinin udmuşdu. Lakin İsa Qəmbər iki başlı oynamamalı, siyasi varisinin adının öncədən açıqlamalı, müsavatçıları inandırmalı idi. Süni "demokratiya oyunu" Müsavatın sosial bazasının dağılması ilə nəticələndi. Qubad İbadoğlunun tərəfdarları yeni seçilmiş başqana tabe olmadılar. Arif Hacılının cəza aparatı onları bir-bir partiyadan uzaqlaşdırdı. Qubad İbadoğlu, Vurğun Əyyub, Səxavət Əlisoy, Ənvər Əhməd, Ellada Məmmədli və digər şəxslər partiyadan çıxarıldılar. Hikmət Hacızadə, Nəsib Nəsibli özləri partiyadan istefa verdilər. Bu günlərdə başqanlığa sabiq namizəd, gənclərin lideri Tural Abbaslı "Ağ blok" adlı təşkilat yaradıb. Abbaslı bu qurumun partiyaya çevriləcəyini istisna etməyib. Tural Abbaslının Müsavat gəncləri arasında ciddi nüfuzu var. Partiya quruculuğuna başlasa, Müsavat daxilindən Abbaslıya ciddi dəstək veriləcək. Qubad İbadoğlunun təşkilatının önəmli simalarından biri bu yaxınlarda yazdığı facebook statusunda Müsavatı sürprizlərin gözlədiyini yazmışdı. Ehtimal ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatı payızda, yəni seçkidən sonra partiyaya çevriləcək. Böyük ehtimalla, seçkidə bu dəfə də uğursuzluğa düçar olacaq Müsavatdan Qubad İbadoğlu və Tural Abbaslının təşkilatları xeyli sosial baza qoparacaqlar. Bu baxımdan bu payız Müsavatın son payızı olacaq. Gələn ildən yeni siyasi situasiya yaranacaq, köhnələrin əldən vermədiyi Müsavat kiçilib Əhməd Orucun, Vaqif Hacıbəylinin təkadamlıq partiyası boyda olacaq.
Ərhun