“Ağ Blok”un ilkin mərhələdəki hədəfi parlament seçkiləridir
Tural Abbaslı: “Bizim heç bir müxalif yönlü partiya ilə münaqişəmiz yoxdur”
7 Avqust 2015 14:43 SiyasətParlament seçkiləri yaxınlaşdıqca siyasi çevrələrdə də hərəkətlilik artır. Əvvəlki seçkilərdə yaradılmış seçki blokları və qurumların yenidən bərpası ilə yanaşı, yeni blokların təsis edilməsi istiqamətində də müəyyən addımlar atılır. Seçki ərəfəsində yaradılmış yeni siyasi qurumlardan biri də "Ağ Blok"dur. Müsavat Partiyasının sabiq Divan üzvü Tural Abbaslının təsisçilərindən olduğu blokun əsas məqsədi, qarşısına qoyduğu vəzifələr, eləcə də digər siyasi partiyalarla mümkün əməkdaşlıq imkanları barədə danışdıq. Tural Abbaslı "OLAYLAR"-a verdiyi müsahibədə "Ağ Blok"un siyasi partiyaya çevrilmə mümkünlüyünü də bildirib.
-Tural bəy, bir müddət əvvəl "Ağ Blok" adlı qurum təsis etdiniz. Blokun məhz parlament seçkiləri ərəfəsində yaradılması belə deməyə əsas verirmi ki, seçki mübarizəsində iştirak edəcəksiniz?
-Bəli ilkin mərhələdə "Ağ Blokun" yaradılma səbəbi parlament seçkilərində iştirak etməkdir. Bunu açıq şəkildə bəyan etmişik. Artıq blok adından namizəd olacaq 10- dan artıq mamizədimizin siyahısı hazırdır. Seçkilərdə iştirak edəcək namizədlərimizin artırılması istiqamətində işlərimiz davam edir.
-Blokun yaxın vaxtlarda partiyaya çevrilmə ehtimalı nə dərəcədədir?
-Qeyd etdiyim kimi "Ağ Blok"un ilkin mərhələdəki hədəfi parlament seçkiləridir. "Ağ Blok"un sontakı taleyi yəqin ki, bu seçkilərdən sonra bəlli olacaq. Heç nə istisna olunmur.
-Müsavatçılar tərəfindən "Ağ Blok"a maraq varmı və mümkündürmü ki, Müsavat Partiyasında bloka üz tutanlar olsun?
-"Ağ Blok"da Müsavat Partiyası daxil olmaqla bir neçə partiyanın nümayəndələri var. Biz heç kimə fərq qoymuruq. İdeyaları bizimlə eyni olan hər kəsə qapılarımız açıqdır.
-Bəs "Ağ Blok"un Müsavat Partiyası ilə əməkdaşlığı nə dərəcədə mümkündür? Ümumiyyətlə, blok digər siyasi partiyalarla əməkdaşlıq edəcəkmi?
-Biz çalışırıq ki, bütün müxalif partiyalarla normal, müsbət münasibətlər yaradaq. Yəni bizim heç bir müxalif yönlü pattiya ilə münaqişəmiz yoxdur. Bu məsələdə "Ağ Blokla" münasibətlərinin necə olması bizdən çox onlardan asılı olacaq. Bizim rəqibimiz hakim partiyadır. Kim də bizi özünə rəqib görəcəksə, bu onların qərarları olacaq.
Süleyman