“Hazırki şəraitdə müxalifət düşərgəsi çox zəifdir”
Əlabbas Məhərrəmli: “Oradakı partiyaların bir-birilərinə rəqabət yaratmaq imkanları da aşağı səviyyədədir”
5 Avqust 2015 13:03 Siyasət"Hakim partiya ilə nəinki başabaş, hətta müəyyən səviyyədə rəqabət aparacaq siyasi təşkilatın mövcudluğunu söyləmək çətindir"
Sentyabrın 1-dən etibarən parlament seçkilərinə hazırlıq rəsmən élan olunacaq. Ümumilikdə, parlament seçkilərinə iki aydan bir qədər artıq vaxt qalsa da, hələlik siyasi dairələrdə seçki aktivliyi müşahidə edilmir. Yalnız hakim Yeni Azərbaycan Partiyası parlament seçkilərinə hazırlıq prosesinə ciddi diqqət yetirir. Bəs görəsən seçki öncəsi müşahidə edilən passivlik, eyni zamanda müxalifətin seçkilərə o qədər də maraq göstərməməsinin başlıca səbəbi nədir? Bu və ya digər məsələlərlə bağlı müstəqil ekspert Əlabbas Məhərrəmli ilə söhbətləşdik. Əlabbas Məhərrəmli "OLAYLAR"-a verdiyi müsahibədə parlament seçkilərində iştirak edə biləcəyini də açıqlayıb.
- Əlabbas bəy, artıq seçkilərə start verilməsinə az bir müddət qalıb. İndiki durumda siyasi partiyaların seçki hazırlıqlarını qənaətbəxş hesab etmək olarmı?
- Yaxın müddətə qədər mövcud partiyaların seçki hazırlıqları haqqında danışarkən, bu istiqamətdə hər hansı ciddi fəallığın olmadığı dəfələrlə qeyd olunmuşdu. Bu da bir sıra səbəblərlə əlaqələndirilirdi. Məsələn, əsas səbəb kimi, Birinci Avropa Oyunları göstərilirdi və hesab olunurdu ki, Oyunlardan sonra siyasi təşkilatların seçki hazırlıqları ön plana çıxacaq və bu fəallıq cəmiyyətdə də özünü göstərəcək. Lakin geridə qalan müddət ərzində bu gözləntilər o qədər də doğrulmadı. Həqiqətən də, siyasi partiyalar özlərinin seçki fəaliyyətləri ilə diqqəti cəlb etmədilər. Amma avqustun ilk günlərindən etibarən bir hərəkətlənmə müşahidə olunmaqdadır. Bəzi partiyalar qurultay keçirərək, seçkidə iştiraklarını rəsmiləşdiriblər. Bir sıra təşkilatlar namizədlərini də açıqlamağa başlayıblar. Bu da onu göstərir ki, artıq partiyalar öz fəaliyyətlərini seçkilərə yönəldiblər. Yəqin ki, qarşıdakı günlərdə bu fəallıq getdikcə artacaq.
- Bu arada Milli Şura da bir neçə gün əvvəl bir araya gələrək seçki məsələlərini müzakirə edib. Milli Şuranın seçkidə iştirakı digər müxalifət partiyaları üçün səs itkisinə gətirib çıxara bilərmi?
- Açığı, Milli Şura dediyiniz qurumun belə bir müzakirə aparması haqda məlumatım yoxdur. Hətta orada təmsil olunan bəzi fərdlərin seçkiləri boykot etməyə meyllənməsinə dair məlumatlar da yayılmışdı. Yəni Milli Şuranın seçkilərə qatılıb-qatılmayacağı hələ sual altındadır. Ümumi yanaşsaq, bu təşkilatın seçkilərdə iştirak etməsinin digər partiyalara problem yaradacağını düşünmürəm. Çünki hazırki şəraitdə müxalifət düşərgəsi çox zəifdir və oradakı partiyaların bir-birilərinə rəqabət yaratmaq imkanları da aşağı səviyyədədir. Məsələyə konkret yanaşsaq, Milli Şuranın tərkibində ciddi və şanslı namizəd kimi ortaya çıxası və mübarizə aparası şəxslər neçə nəfər ola bilər? Ən çoxu bir əlin barmaq sayı qədər. Hamı bilir ki, Milli Şura əsasən, AXCP-dən ibarətdir. Onun da namizədlərinin ümumi resurslara malik olmaq baxımından, ciddi rəqib olacaqlarını düşünmürəm.
- Ümumiyyətlə, seçkilərdə hakim Yeni Azərbaycan Partiyasına namizəd baxımından ciddi rəqib ola biləcək siyasi qüvvə ortaya çıxacaqmı?
-Gəlin məsələlərə real baxaq. Ən azı son beş ilə, bu beş ildə keçirilmiş parlament, prezident və bələdiyyə seçkilərinə nəzər saldıqda açıq görürük ki, ölkədə siyasi təşəbbüs bütünlüklə YAP-ın əlindədir. Son prezident və bələdiyyə seçkiləri bunu bir daha təsdiqlədi. O baxımdan hazırda hakim partiya ilə nəinki başabaş, hətta müəyyən səviyyədə rəqabət aparacaq siyasi təşkilatın mövcudluğunu söyləmək çətindir.
Bununla belə, qeyd olunmalıdır ki, başabaş mübarizə olmasa da, müxalifət daxilində fərd olaraq, ciddi namizədlər var və onlar bu seçkilərə rəng qatmaq gücündədirlər.
- Seçkilərə Azərbaycanda müəyyən maraqları olan xarici dairələrin diqqəti nə dərəcədə olacaq?
- Həmin qüvvələrin diqqəti neqativ də olsa, hər zaman Azərbaycanın üzərinədir və bu seçkilər də istisna olmayacaq. Lakin həmin xarici dairələrin Azərbaycanda "işlədikləri" çevrə çox məhdudlaşıb. Yəni onlar nə təşkilati, nə də təsir imkanı baxımından xaricdən ötürülən hansısa planı həyata keçirmək iqtidarında deyillər. Amma yenə deyirəm, seçkilərlə əlaqədar Azərbaycanın xarici dairələrin diqqət mərkəzində olacağı aydındır.
- Siz özünüz seçkilərə qatılmaqla bağlı mövqeyinizi müəyyənləşdirmisiniz?
- Bəli, bununla bağlı artıq mövqeyim dəqiqləşib. Namizədliyimi doğulub-böyüdüyüm Quba rayonundan - 52 saylı Quba şəhər seçki dairəsinən irəli sürməyi qərarlaşdırmışam.
Süleyman İsmayılbəyli