Həmsədrləri münaqişənin həllindən daha çox dondurulmuş vəziyyətdə saxlanması maraqlandırır
4 Avqust 2015 13:29 SiyasətBakıda keçirilən Birinci Avropa Oyunlarından dərhal sonra ermənilərin cəbhə xəttində təxribatlara əl atması, atəşkəs rejimini intensiv olaraq pozmaları Azərbaycan-Ermənistan sərhəddində onsuz da gərgin olan vəziyyəti bir qədər də pisləşdirdi. Son günlərə qədər öz ciddiliyini qoruyan və hər an hərbi əməliyyatların daha geniş xarakter alacağı proqnozlaşdırılan proseslərin konstruktiv məcraya qədəm qoyması üçün problemin həllini öz üzərilərinə götürən ATƏT-in Minsk Qrupu yenidən dövriyyəyə girdi. Bir neçə gün əvvəl Azərbaycan və Ermənistanda səfərdə olan həmsədrlər əvvəlki səfərlər kimi yeni bir söz deməsələr də, lakin müəyyən mənada Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlama ehtimalının qarşısını ala bildilər. Bu arada Azərbaycan və Ermənistan prezidentlərinin okeanın o tayında görüşəcəyi barədə yayılan xəbərlər isə yenidən Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll ediləcəyi barədə fikirlərin gündəmi zəbt etməsinə səbəb olub. Dövlət başçılarının bu dəfə Birləşmiş Ştatlarda bir araya gəlməsi isə belə bir fikir formalaşdırıb ki, Amerika Dağlıq Qarabağ probleminin həllində əsas rolu öz əlinə alır və Rusiyanı tədricən bu prosesdən kənarlaşdırır. Ancaq rəsmi Kremlin buna göz yumacağı və Dağlıq Qarabağ probleminin Amerikanın əli ilə həllinə seyriçi qalacağı da inandırıcı görünmür. Bəs görəsən bütün bu proseslər nəticə etibarilə necə cərəyan edəcək və Azərbaycan-Ermənistan prezidentlərinin nəzərdə tutulan görüşü Dağlıq Qarabağ probleminin həlli istiqamətində nəyisə dəyişəcəkmi?
***
Millət vəkili Sahib Alıyev bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin sentyabr ainın ortalarında Amerikada keçirilməsi planlaşdırılan görüşlərinə müəyyən hazırlıqların getdiyi şübhəsizdir: "Amma nəyə hazırlaşırlar, bu aydın deyil. Məsələ burasındadır. Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyanın Vaşinqtonda keçirdiyi görüşlər zamanı erməni qaynaqlarının yaydığı kimi söhbət əgər doğrudan da daha çox münaqişə zonasında sakitliyin yaradılması ətrafında gedibsə və ön planda olan insidentlərin baş verməməsi üçün cəbhə xətti boyunca beynəlxalq monitorinq sisteminin təşkilidirsə, onda bu, problemin həlli baxımından yaxşı heç nə vəd etmir. Bizə Amerika və eləcə də digər həmsədrlərin "münaqişə zonasında sakitliyin qalmasında və bunun üçün də müəyyən mexanizmlərin tətbiqində" maraqlı olmaları deyil, problemin çözülməsində maraqlı olmaları lazımdır. Beynəlxalq normalar, beynəlxalq hüquq da bunu tələb edir". Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin ölkəsinin Dağlıq Qarabağ üzrə beynəlxalq sülhməramlı qüvvələrin yaradılması haqqında BMT-nin yeni qətnaməsinə tərəfdar çıxdığını açıqlaması da göstərir ki, onları münaqişənin həllindən daha çox dondurulmuş vəziyyətdə saxlanması maraqlandırır: "Münaqişənin həlli ilə bağlı hansısa bir irəliləyiş olmadığı halda bu, nə sülhməramlılar söhbətidir edilir? Əgər problemin çözümü istənilirsə, nədən cənab Uorlik yeni bir qətnamədənsə erməni tərəfini həmin BMT-nin Dağlıq Qarabağla bağlı indiyədək qəbul etdiyi 4 məlum qətnamənin şərtlərinə əməl etməyə çağırmır? Axı ancaq bu baş verdiyi şəkildə hansısa sülhməramlıların gətirilməsi danışıqlar mövzusu ola bilər. Bir sözlə, cəbhə xəttində dedektor və monitorinq söhbəti, sülhməramlılar haqda qaldırılan məsələlər heç də münaqişənin həllinə yönəldilməyib. Bunlar Azərbaycana təzyiq məqsədilə edilir ki, əgər ermənilərin cəbhədə verdikləri itkilər son bir ildəki kimi çox olarsa, onda havadarları münaqişə zonasında sakitliyinin yaradılması üçün "mexanizmlərin tətbiqi"nə və hətta bölgəyə sülhməramlılar gətirilməsinə səy edəcəklər". Sahib Aliyev bildirib ki, cəbhədəki erməni itkilərinə görə narahat olanlara Azərbaycanın cavabı bəllidir: "O cavabı ölkənin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu il fevralın 5-də Münhen Təhlükəsizlik konfransında bütün dünyanın gözü önündə də səsləndirdi: "İşğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, İrəvanda, Gümrüdə, öz ölkəsində qalsın".
Süleyman