“Dağlıq Qarabağ münaqişəsinin həll prosesində Rusiyanın rolu həlledicidir”
Rauf Qurbanov: “Problemin açarı bu dövlətin əlindədir”
24 İyul 2015 12:08 Siyasət"Dünyanın aparıcı dövlətləri indiyədək Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə lazım olan addımları atmayıblar". Ermənistan ordusunun işğalı altında olan Azərbaycan ərazilərinin geri qaytarılacağı ilə bağlı "Olaylar"a açıqlamasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov belə deyib. R. Qurbanov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan iqtidarının və ictimaiyyətinin daimi diqqət mərkəzindədir: "İddialara gəlincə, Azərbaycan tərəfi təkcə 7 rayonun geri qaytarılmasına yox, bütövlükdə 20% işğal olunmuş ərazilərin azad olunmasında maraqlıdır və bu yöndə də ardıcıl işlər aparılır. Təəssüf edirəm ki, bu günə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar dünyanın aparıcı dövlətləri (Minsk Qrupunun həmsədri olan dövlətləri nəzərdə tuturam) və beynəlxalq təşkilatlar bu problemin həll olunması üçün lazımi addımlar atmayıblar". Rauf Qurbanovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqları çərçivəsində həll olunması üçün kifayət qədər fundamental səbəblər var: "Əsas fundamental səbəb dünya dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü tanıması və bəzi beynəlxalq təşkilatların o cümlədən BMT Azərbaycanın 20% ərazisinin qeyri-qanuni işğal olunmasını qəbul etməsidir. Bilirsiniz ki, məhz bu məsələ ilə əlaqədar BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin qeyri-şərtsiz azad olunması ilə əlaqədar dörd məlum qətnaməsi də var". Rauf Qurbanov hesab edir ki, Rusiya ilə Azərbaycan arasında son zamanlar münasibətlərin daha da yaxşılaşdırılması və dərinləşməsi Dağlıq Qarabağ münaqişənin həllinə öz müsbət töhvəsini verə bilər. "Açıq etiraf etmək lazımdır ki, bu münaqişənin həllində Rusiyanın rolu həlledicidir. Başqa sözlə, problemin açarı Rusiyanın əlindədir. Hesab edirəm ki, Rusiya dövləti bu məsələyə yetərincə önəm verəcək və bu yaxın gələcəkdə tarixi ədalət bərpa olunacaq", - deyə AKP MK-nın sədri qeyd edib. ("OLAYLAR" İA)