“Tuskun Azərbaycan səfəri Avropanın özündən gələn təşəbbüsdür”
Elşən Musayev: “Avropa İttifaqı I Avropa Oyunlarının uğurla həyata keçirilməsi və Azərbaycanın iqtisadi uğurlarını da nəzərə alaraq, ölkəmizlə əməkdaşlıq etməkdə maraqlıdır”
23 İyul 2015 19:54 Siyasət"Avropa İttifaqının Azərbaycanla əlaqələri heç də həmişə mükəmməl səviyyədə olmayıb, zaman-zaman müxtəlif dinamikalar üzrə irəliləyib - bəzən mənfiyə, bəzən də müsbətə doğru gedib". Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri barədə "Olaylar"a açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev belə deyib. E. Musayev qeyd edib ki, Azərbaycan dövləti və onun siyasi hakimiyyəti həmişə Aİ ilə münasibətləri qorumağa çalışıb: "Ona görə, qorumağa çalışmayıb ki, bizim Avropa İttifaqından hansısa güddüyümüz mənfəətimiz var. Ona görə, qorumağa çalışıb ki, Azərbaycanın özü də Avropa meydanında olan ölkədir. Avropa İttifaqı ölkələrinin başçılarının Bakıda keçirilən I Avropa Oyunlarında zəif iştirakı və bəzi qurum dövlətlərinin qondarma erməni soyqırımına olan loyal münasibətləri kontekstində Donald Tuskun son səfərini Avropanın özündən gələn bir insiyativ hesab edirəm. Avropa İttifaqı I Avropa Oyunlarının uğurla həyata keçirilməsi və Azərbaycanın iqtisadi uğurlarını da nəzərə alaraq, ölkəmizlə əməkdaşlıq etməkdə maraqlıdır. Azərbaycanın radikal müxalifəti də ölkəmizlə Avropa İttifaqı əlaqələrində bir səngimənin olmasını iddia edirdi. Donald Tuskun səfəri bu iddianın inkarı oldu. Aİ rəsmisinin radikal müxalifət nümayəndələri ilə görüş məsələsini səfərinin gündəliyinə daxil etməməsi kimin kim olduğunu sübut etdi. Avropa Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da Avropaya bir o qədər lazımdır. Münasibətlər qarşılıqlı olmalıdır. Hesab edirəm ki, Avropanın özü bundan sonra Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olacaq. Azərbaycan isə həmişə maraqlı olub. Cənab prezident İlham Əliyev çıxışlarında həmişə qeyd edib ki, biz Qərbyönlü, yaxud Rusiyayönlü siyasət yürütmürük, biz Azərbaycanyönlü siyasət yürüdürük və bu Azərbaycanyönlü siyasətin bütün qapıları dövlətlərin üzünə açıqdır, bir Ermənistan istisna olmaqla".