Müsavat Rauf Arifğolunu Əli Kərimliyə dəyişdi

“Yeni Müsavat”dan imtina Müsavatı çətin duruma salacaq

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin "Əməkdar jurnalist" adı ilə təltif edilmiş  "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə bağlı verdiyi açıqlama partiyanın qəzetin xidmətindən imtinası kimi qiymətləndirlir. Qeyd edək ki, İsa Qəmbər Rauf Arifoğlunu təbrik etməyib, əksinə kinayəli sözlərlə baş yazarın uğuruna kölgə salmağa cəhd edib. İsa Qəmbərin açıqlaması Müsavat Partiyasının mövqeyi kimi qəbul olunur. Doğrudur, Müsavat başqanının müavini Osman Kazımov açıqlama verib və Rauf Arifoğlunu "keçmiş xidmətlərinə görə" bağışlamağı xahiş edib. Ancaq müxalifətin radikal kəsimi onun açıqlamasını sərt tənqid edib. Siyasi analitiklər hesab edir ki, "Müsavatın boz kardinalı",  partiyada qərarların qəbulunda mühüm rol oynayan, Müsavatı səhnə arxasından idarə edən İsa Qəmbər Rauf Arifoğlu ilə bağlı nöqtəni qoyub. Yəqin ki, Müsavat başqanı Arif Hacılının mövqeyi bundan fərqli olmayacaq. İsa Qəmbərin açıqlaması o anlama gəlir ki, Müsavat AXCP sədri Əli Kərimlinin "Rauf Arifoğlundan imtina edin, sizinlə əməkdaşlıq edək" təklifinə razılıq verib. Sabiq başqanın açıqlaması Müsavatın Rauf Arifoğlundan imtinası kimi qiymətləndirilə bilər. Bu addımın mənəvi tərəfləri başqa söhbətin mövzusudur. İndi daha çox maraqlı olan Müsavatla Rauf Arifoğlunun yollarını ayırmasından sonra yaranacaq situasiyadır. Bu ayrılmadan qazanan kim, itirən kim olacaq?

Rauf Arifoğlunun Müsavat Partiyasının populyarlaşmasında, müxalifət daxilində güclənməsində mühüm rolu olub. Baş yazarın "Yeni Müsavat"da Müsavatı, İsa Qəmbəri öyən bir köşə yazısı 3-4 rayon təşkilatının işindən çox olurdu. Onun apardığı təbliğat işi aksiyalar öncəsi bütün partiya strukturunun gördüyü işin yarısına bərabər idi. O zaman ki, siyasətdə mətbuatın xüsusi yeri vardı. Özünün qəzeti, mətbu orqanı olmayan siyasi partiyalar çox çətinlik çəkirdilər.  Rauf Arifoğlu bir sıra hallarda özünün qəzetçilik missiyasını partiya işinə qurban verir, Müsavata olan hücumlara sinə gərirdi. "Yeni Müsavat" hətta Elçibəy-İsa Qəmbər seçimində ikincinin tərifini tutur, Müsavatı güclü AXCP ilə rəqabətdə yalnız buraxmırdı. Ancaq 2005-ci ildən sonra situasiya dəyişdi. Elektron KİV, sosial şəbəkələr meydana çıxdı. Qəzetin rolu tədricən azaldı. Bu gün qəzetçiliyin rolu nə qədər azalsa da, "Yeni Müsavat" və Rauf Arifoğlunun cəmiyyətdə sözü və nüfuzu var. Müsavat Partiyası belə bir çətin durumda AXCP-nin fitvasına getməməli və baş yazardan imtina etməməli idi. Böyük ehtimalla, Arif Hacılı yönətimi Rauf Arifoğlu ilə yolları ayırmaqla AXCP ilə müttəfiq olmağa can atacaq. Ancaq İsa Qəmbər-Arif Hacılı dueti Qubad İbadoğlu və Vurğun Əyyubun başçılıq etdiyi narazılar amilini unutmamalıdır. Rauf Arifoğlu və komandası narazılara dəstək versə, Arif Hacılı əlindəki xırda qrupu da saxlaya bilməyəcək.

Ərhun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00