“AKP erkən seçkiləri uda bilər”

Elçin Mirzəbəyli: “MHP və CHP-nin birdən-birə bu qədər səs alacağı mümkün kimi görünmür”

Türkiyədə baş tutan Parlament seçkilərindən xeyli müddət keçməsinə baxmayaraq, bu ölkədə hələ də hökumətin formalaşdırılması məsələsinə aydınlıq gətirilməyib. MHP ilə koalisiya danışıqlarından müsbət nəticə əldə etməyən hakim partiya danışıqları bu dəfə CHP ilə aparır. Lakin, qarşılıqlı şəkildə irəli sürülən şərtlərin eyni formada rədd edilməsi AKP - CHP koalisiyasının da baş tutmayacağından xəbər verir. Belə bir vəziyyətdə yeganə alternativ kimi erkən seçkilərin keçirilməsi qalır. "Olaylar"ın bununla bağlı sualını BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli cavablandırıb. "Seçkilər başa çatan kimi parlamentə düşən partiyalar arasında koalisiyanın qurulacağını istisna etmişdim. Türkiyənin siyasi həyatında yaranmış indiki şərait proqnozlarımın doğru olduğunu göstərir", - deyən E. Mirzəbəylinin sözlərinə görə, MHP artıq birmənalı formada AKP ilə koalisiyaya getməyəcəyini bəyan edib. BAXCP rəsmisi bildirib ki, bu yöndə danışıqlar ancaq CHP və AKP arasında gedir: "Bu iki partiyanın hökumət formalaşdırmaq imkanı olsa belə, bu uzunmüddətli hökumət olmayacaq. Bütün hallarda Türkiyədə erkən seçkilər keçiriləcək. Burada iki versiya irəli sürmək olar. AKP - CHP koalisiyasının mümkün olacağı halda, qısamüddətli hökumət formalaşacaq və tez də iflasa uğrayacaq, yaxud erkən seçkilərə gediləcək". Elçin Mirzəbəyli erkən seçkilərin nəticələri barədə öncədən fikir söyləməyin çətin olmasına diqqət çəkib. "Yenə də iki versiya irəli sürə bilərik. Birinci, əhali yenidən çoxpartiyalı hökumət formalaşdırmaq imkanının olmadığını görüb yenidən AKP-yə səs verir. CHP-nin birdən-birə bu qədər səs alacağı mümkün deyil, MHP-nin də o cümlədən. İkinci, CHP və MHP-nin səsləri çoxalır və onlar koalisiya hökuməti yarada bilirlər", - deyə E. Mirzəbəyli qeyd edib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00