Qarabağ münaqişəsi: müharibə başlana bilərmi?

Ermənistanın işğalı altında olan 7 rayonun Azərbaycana qaytarılması dünya mediasının gündəminə oturub. İddialara insansaq, ilkin mərhələdə Dağlıq Qarabağ istisna olmaqla yaxın gələcəkdə 7 rayon Azərbaycana qaytarılacaq. Bununla Dağlıq Qarabağın aralıq statusunun müəyyən edilməsi prosesinə baxılacaq. Məsələdə diqqətçəkən əsas məqam bu deyil, əsas məsələ ABŞ-la yanaşı Rusiyanın da bu məsələyə loyal münasibəti olmasıdır. Bura qədər digər regionlarda baş verən proseslərdə fikirayrılığına sahib olan Vaşinqton və Moskvanın indiki halda 7 rayon məsələsində ortaq mövqe nümayiş etdirməsi birmənalı deyil. Hər halda prosesdə qaranlıq qalan faktor tərəflər arasında gizli sövdləşmənin olub-olmamasıdır. İşğal olunmuş ərazilərin boşaldılması məsələsinin İran - "Altılıq" anlaşmasından dərhal sonra gündəmə daşınması Qərblə Rusiya arasında böyük geosiyasi anlaşmasının olmasından xəbər verir.

***

Qərb Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına iştirak etməsində maraqlı deyil. Eyni münasibət Azərbaycanın Avrasiya İttifaqı və Gömrük Birliyinə üzvlük məsələsində də nümyiş etdirilir. Bu fonda nə Qərb, nə də Rusiya Azərbaycanın digərlərdən birinin başçılıq etdiyi birlikdə iştirakına da razı deyillər. Eyni anda həmin güclər Azərbaycandan bitərəf mövqe istəmir. Beləliklə, ölkəmiz ətrafında həssas situasiya yaranıb. Həm Rusiyadan, həm də Qərbdən təzyiqlərin olduğu bir vaxt Azərbaycan dilemma qarşısında qalıb. İstənilən halda mövqe seçimi digər tərəfdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə ediləcək. Çünki, həm Qərbin, həm də Rusiyanın mövqeyi imperializm siyasətinə əsaslanır.

***

Yaxın Şərq, Şərqi Avropa və Cənubi Qafqazda baş verən proseslərin kilidi Suriyada açılmalıdır. Suriyada üstünlüyə sahib olan tərəf Ukraynada üstünlüyə sahib olacaq, bununla Şərqi Avropada başlayacaq silahlı qarşıdurma III Dünya Müharibəsinə səbəb olacaq. İranla razılaşan Qərb Suriyada üstünlüyə sahib olsa bütün siyasi ağırlığını Ukrayna üzərinə salacaq. Təbii ki, burada Qərb Rusiyayla uzun müddət mübarizə aparmalı olacaq. Qərbə arxa çevirməyə hazır olan Yunanıstan, Bolqarıstan, Serbiya və Xorvatiya Qərbin bölgədəki işini müşkülə soxa bilər. Digər yandan Finlandiya və İsveç kimi ölkələr də Avropa İttifaqına qarşı mərkəzdənqaçma siyasətinə meyllidirlər. Beləliklə, Şərqi Avropada vəziyyət qarışdığı halda İranın anlaşmanı pozacağı istisna olunmur, bu Yaxın Şərqdə yeni müharibənin başlaması riskini yüksəldəcək. Qarışıq vəziyyətdən istifadə edən Çin geosiyasi mozaikaya yeni rəng qataraq, Uzaq Şərqdəki hədəflərinə qarşı fəallaşacaq.

***

Rusiya rayonların qaytarılması prosesində öz fəaliyyətini qabartsa, Qərb hərəkətə keçəcək, əks halda Rusiya tərəfdən eyni hal müşahidə olunacaq. Rusiyanın burada əl atacağı alternativ variant Dağlıq Qarabağda ikinci müharibədir. Proses eyni anda Ukrayna və Yaxın Şərqdə növbəti hərbi hərəkətlənmə ilə müşahidə olunacaq. Paralel olaraq, Yaponiya və Çin Rusiyaya qarşı olan ərazi iddialarını gündəmə daşıyacaqlar. Nəticədə dünya böyük fəlakət təhlükəsi qarşısında qalacaq. Təbii ki, böyük güclər bu nəticəni əvvəldən hesablayıblar. Lakin, Qərb və Rusiya müəyyən geosiyasi arenada tarazlıq yarada bilməsələr, tarım çəkilmiş əsəblərin tətiyə basacağı istisna olunmur.




Mənsur Rəğbətoğlu
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00