Radikal müxalifətin məqsədi..
Ramiz Alıyev: “Dövləti onlara dəstək nümayiş etdirən güclərin vassalığına verməkdir”
22 İyul 2015 17:21 SiyasətNazirlər Kabinetinin cari ilin altı ayının sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında Prezident İlham Əliyevin çıxışı və Qərb dövlətlərinə ünvanladığı haqlı iradlar nə qədər qəribə də olsa daxildəki bəzi dairələri də narahat edib. Özlərinin xilas yolunu Qərbdə, xaricdəki ermənipərəst dairələrdə axtaran həmin qüvvələr Qərbin, Avropanın vəkili kimi çıxış etməyə başlayıblar. Xüsusilə milli maraqlara zidd fəaliyyəti ilə cəmiyyət tərəfindən qınaq obyektinə çevrilən Milli Şura adlı qurum bu prosesdə daha çox aktivlik göstərir. Bəs görəsən ümidləri hər yerdən üzülən "Milli Şura" və orada təmsil olunan ayrı-ayrı şəxslərin Qərb, Avropa sevgisinin arxasında nə dayanır?
Politoloq Ramiz Alıyev də deyir ki, artıq bir neçə gündür özünə müxalifət deyən bəzi siyasi partiya nümayəndələri Azərbaycan dövlətinin Almaniya və bəzi Qərb dövlətlərinə ünvanladığı bəyanatları həzm edə bilmirlər. Onun sözlərinə görə, bu insanlar o qədər özlərini narahat göstərirlər ki, heç sözügedən dövlətlərdə belə bu narahatçılıq hiss edilmir: "Belə insanlardan biri də özünü Milli Şura adlandıran bir qurumun nümayəndəsi Gültəkin Hacıbəylidir. Bu insan görün nə qədər narahat olub ki, tez-tələsik öz "facebook" səhifəsində status dalınca status paylaşıb. Diqqətləri özünə çəkərək "dostlarına" göstərmək istəyir ki, "baxın mən sizin yanınızdayam"! Gültəkin Hacıbəylinin, Milli Məcilisin üzvü olduğu dönəmlərdə hansı mövqelərdən çıxış etməsini xatırlatmaq istəmirəm. Çünki o, özü bunları daha yaxşı bilir. Əgər Gültəkin Hacıbəyli tarixlə belə maraqlanırsa onda tarix kitablarına daha yaxşı baxsın və o zaman görəcək ki, həmin dönəmlərdə Stalin deyil, məhz Gültəkin Hacıbəylinin dəstəklədiyi ölkə olan Almaniya faşizmi dünyaya yaymaq və ona tabe olmayan ölkələri yer üzündən silməyi qarşısına məqsəd qoymuşdu. O zaman Azərbaycanın daxil olduğu SSRİ-ni də yer üzündən silinməsini planlaşdıran dövlət məhz Almaniya idi. Bu da o deməkdir ki, "Edelveys" planına əsasən əgər Almaniya II Dünya Müharibəsində qalib olsaydı bu gün Azərbaycan deyilən bir ölkə, respublika, xalq qalmayacaqdı. Əlbətdə ki, biz II Dünya müharibəsini müzakirə etmirik. Ancaq tarixi hadisələr haqqında sitat gətiririksə, onda daha dəqiq olmalıyıq". Ramiz Alıyev bildirib ki, Gültəkin Hacıbəyli və ətrafında olan şəxslərin hazırda Almaniyanı dəstəkləyərək onun lehinə bəyanatlar verməsi, Azərbaycanı kənar qüvvələrdən qorunması yolunda qətiyyətli addımlar atan dövlətimizin özünü güc hesab edən ölkələrin müstəmləkəsinə çevrilməsinə imkan verməyən hakimiyyətə qarşı çıxması və müstəqilliyimizə qarşı sərgiləmiş olduğu siyasət müxalifət mövqeyi yox, xalqa və dövlətçiliyə qarşı xəyanətdir: "Həqiqətənmi xalqımızı, dövlətçiliyimizi belə çox sevirsiniz?! Bəs niyə bu gün cənfəşanlıqla dəstəklədiyiniz Almaniya və Qərb dövlətlərindən tələb etmirsiniz ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə kömək etsinlər. Axı onlar sizin dostlarınızdır, sözlərinizi eşidərlər. Hazırkı radikal müxalifətin işi nə yol ilə olursa olsun hakimiyyətə gəlmək və dövləti onlara dəstək nümayiş etdirən güclərin vassalığına verməkdir. Amma bunu heç bir zaman görməyəcksiniz! Ona görə ki, tarix boyu öz ölkəsini şəxsi mənafelərinə qurban verərək hakimiyyətə gəlmək istəyənlərin "arzularını" xalq ürəyində qoyub".
Süleyman