İsa Qəmbər Müsavatda gərginlik yaratdı

Rauf Arifoğlu narazı qaldı, tərəflər arasında söz savaşı başlana bilər

Müsavat Partiyası ilə "Yeni Müsavat" qəzeti arasında kövrək barış pozula, tərəflər arasında gərginlik yarana bilər. Buna səbəb isə partiyanın sabiq başqanı İsa Qəmbərdir. Sabiq başqan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun "Əməkdar jurnalist" fəxri adı ilə təltif olunmasına mənfi münasibət göstərib. Dolayısı ilə yazıb ki, Rauf Arifoğlu daha müsavatçılarla bir sırada deyil. Onun bu statusuna "Yeni Müsavat" qəzetinin baş redaktorunun müavini, Rauf Arifoğlunun qardaşı Azər Ayxan cavab verib. Azər Ayxan İsa Qəmbəri Rəsul Quliyev, Lalə Şövkət, Əli İnsanov, Gültəkin Hacıbəyli, Rəhim Qazıyev, Etibar Məmmədov, Rüstəm İbrahimbəyov, Əli Ömərov  kimi adamlara müxalifətçi imci verməkdə suçlandırıb: "Siz bu korrupsionerlərlə barışanda biz bunu milli xilas kimi təqdim edib sizi tarixi qınaqdan qorumağa çalışmışıq. Siz isə bizim dövlətin birinci şəxsiylə normal, şəffaf münasibətimizə kölgə salmaq istəyirsiz". Azər Ayxan ad çəkmədən yazıb ki, İsa Qəmbərə "Yeni Müsavat"çıların onun əvəzinə hakimiyyətlə vuruşub, həbsxanaya düşməsi sərf edir: "O isə bəyanat versin ki, hakimiyyət daha bir jurnalisti həbs etdi. Arada siz də girin də həbsxanaya, qorxmayın, o qədər də qorxulu yer deyil. Həm də zatən əlinizdən bir iş gəlmir, heç olmaya məhbəs xatirəniz olsun. Gələcəkdə nəvələrinizə danışmağa nəsə tapasınız".

Göründüyü kimi Müsavat  Partiyasında vəziyyət gərginləşə bilər. Partiyanın başqanı Arif Hacılı yumşaldıcı açıqlama verməsə "Yeni Müsavat" qəzeti partiya ilə savaşa başlayacaq. Xatırladaq ki, son bir ildə iki dəfə AXCP və Milli Şura yetkililəri Müsavatla "Yeni Müsavat" qəzeti arasında narazılıq, gərginlik yaratmağa çalışsa da, buna nail ola bilməmişdi. Hər dəfə Arif Hacılı "Yeni Müsavat" qəzetinə qahmar çıxmış, bununla da AXCP-nin əli boşda qalmışdı. Bu dəfə gərginlik Müsavat tərəfdən edilib. Ancaq bir iş var ki, bu işi İsa Qəmbər görməsəydi, Arif Hacılının qardaşlarından biri, ya da Osman Kazımov etməli idi. İsa Qəmbər Müsavatın seçkili qurumlarının üzvü deyil. Ancaq mənəvi lideridir, 2018-ci il prezident seçkilərində əsas namizədidir. İsa Qəmbər hazırkı başqan Arif Hacılının tərəfindədir, narazılarla mübarizədə onun mövqeyini dəstəkləyir. Kəsəsi, İsa Qəmbər Müsavat deməkdir. O halda Arif Hacılı yenə də məsələyə münasibət bildirməlidir. Əks halda "Yeni Müsavat" qəzeti Müsavata qarşı mübarizəyə başlayacaq. Artıq "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu İsa Qəmbərin atmacalı açıqlamasına münasibət bildirib. İsa Qəmbərdən narazılığını gizlətməyən baş redaktor cavab verməyəcəyini desə də, hadisələrin gedişində qəzetlə partiya arasında gərginliyin yaranacağını söyləmək olar. "Yeni Müsavat" qəzeti seçki ərəfəsində İsa Qəmbər-Arif Hacılı ittifaqına qarşı cəbhə alsa, bundan itirən Müsavat, qazanan Qubad İbadoğlunun tərəfdarları olacaq.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00