"Rusiyadan alınan silah kreditinə Ermənistan hərbi rəhbərliyinin münasibəti ordunun acınacaqlı vəziyyətdə olduğunu göstərir"
22 İyul 2015 16:05 Siyasət"Ermənistanın yüksək rütbəli hərbçiləri həmişə hərbçidən daha çox politoloq kimi davranıblar. Real işdən çox təbliğatın gücünə bel bağlayıblar. Bu Seyran Ohanyanda da, Movses Akopyanda da eyni dərəcə də inkişaf etmiş keyfiyyətdir. Rusiyanın Ermənistana 200 milyonluq dollar kredit ayırması Ermənistanın hərbi təbliğat maşının qılafını dağıtdı".
Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.
M.Əhmədoğlu qeyd edib ki, sən demə, 200 milyon dollarlıq silah Ermənistan ordusunun müasirləşməsi və təchizatı üçün çox vacib imiş: "İndiki dövrdə müasir silahlar üçün 200 milyon dollar elə də ciddi rəqəm deyil. Ermənistan rəsmilərinin, siyasətçilərinin fikri bir yana, S.Ohanyan və M.Akopyan da 200 milyonluq kreditə Ermənistan ordusunun xilaskarı kimi baxırlar. Ermənistanda bu kreditdən ötrü fantaziya çox uzağa getdi - Guya "İskəndər-M" raketi alacaqlar:
I. 200 milyon dollar cəmi bir batareya "İskəndər-M" edir, puldan bir az artıq qalır.
II. Rusiya hələ "İskəndər- M"-i özünün Ermənistandakı hərbi bazasında yerləşdirməyib.
III. Rusiya hökumətinin qəbul etdiyi qərara görə "İskəndər-M" yalnız 2016-cı ildən sonra xaricə satıla bilər.
IV. Türkiyə və İran Ermənistana "İskəndər-M" verən Rusiyaya münasibətini dəyişə bilər.
V. Səudiyyə Ərəbistanı "İskəndər -M"-ə külli miqdarda pul verir, amma Rusiya Səudiyyə Ərəbistanına bu raketi satmayıb".
Politoloq deyib ki, Rusiyanın Ermənistana verdiyi 200 milyon dollarlıq kredit Ermənistan ordusunun təchizatının acınacaqlı olduğunu göstərməklə yanaşı, həm də Ermənistan rəhbərliyinin müharibə üçün darıxdığını nümayiş etdirdi: "Atəşkəs rejimi elan olunduqdan sonra Ermənistan yalnız geriləyib. Çünki bu gün Ermənistanda hakim elita müharibə partiyasının təmsilçilərindən ibarətdir. Onlar dinc quruculuq işlərini bacarmır. Yaradıcılıq psixologiyasından məhrumdurlar. Amma dağıtmaq əllərindən yaxşı gəlir. Ona görə qıraqdan silah üçün pul krediti söhbəti yaranan kimi canlandılar. Rusiya kreditin yalnız müdafiə xarakterli silahlara xərclənəcəyini bildirdi".
Mərkəz rəhbəri sonra vurğulayıb ki, Rusiyanın Ermənistana 200 milyon dollarlıq pul kreditinin digər motivasiyaları da var: "Ermənistanda əhali elektrik enerjisinin bahalaşmasına etiraz edir, Ermənistanda elektrik enerjisini satan şirkət isə Rusiyaya məxsusdur. Nümayişçilər bütün Ermənistanda antirusiya əhval-ruhiyyəsini gücləndirir, qərbpərəstliyə yeni stimul verirdilər. Belə vaxtda Rusiyanın Ermənistana silah üçün kredit ayırması əhalinin artan narazılığının qarşısını almaq üçün idi. Həm də Ermənistanda Rusiyaya narazılığın bir ucu bu ölkənin Azərbaycana silah satması ilə şərtlənirdi. Rusiya bu addımı ilə həmin narazılığı zəiflətməyə çalışdı".
M.Əhmədoğlunun qənaətincə, 200 milyon dollarlıq silah kreditinin digər mənası isə Rusiyanın Ermənistana qurduğu tələ kimi də başa düşülə bilər: "Rusiya 200 milyon dollarlıq silahı Ermənistana verir, əvəzində isə Azərbaycana 1 milyard dollarlıq silah satacaq. Beləliklə, Rusiya Ermənistanla Azərbaycanı sürətlə silahlanma yarışına cəlb edə bilir. Bu yarış Azərbaycan üçün təhlükəli deyil. Çünki Azərbaycanın kifayət qədər pulu var və iqtisadiyyatı da artımla inkişaf edir. Ermənistanın dövlət borcu ÜDM-in 50%-dir, iqtisadi parametrləri mənfi tendensiyalıdır. Belə olan halda Ermənistan qısa müddət ərzində Rusiyanın tam maliyyə asılılığına düşəcək. Yaxşı analogiya aparmaq mümkündür. Ermənistandan idarə olunan banklar Dağlıq Qarabağda olan əhalini kredit girovuna götürüb. Görünür, Rusiya kredit girovunu ermənilər üçün işlək mexanizm hesab edir. Ona görə də bu metodu tətbiq edir. Kimin nə deməyindən asılı olmayaraq indi Ermənistana ağıl daha çox lazımdır. Çünki Ermənistanda çatışmazlıq təkcə pulla bağlı deyil. Müstəqillikdə də çatışmazlıq var, mənəviyyatda da çatışmazlıq son həddə çatır. Dini çatışmazlıq problemi də sürətlə inkişaf edir".