Politoloq: “Müharibə variantı Azərbaycanın müstəqilliyi üçün təhdiddir”
21 İyul 2015 17:15 Siyasət"Dünya mətbuatında Azərbaycanın müharibəyə hazırlaşması barədə yazıların, məlumatların durmadan artması ölkə ətrafında mövcud olan neqativ fikirləri daha da genişləndirir". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə politoloq Ərəstun Oruclu çıxış edib. Ə. Oruclu hesab edir ki, mövcud beynəlxalq vəziyyət şəraitində müharibə başlasa Azərbaycan daha çətin duruma düşəcək. Politoloq qeyd edib ki, işğal altında olan ərazilərə "sülhməramlı qüvvələr" adı altında xarici qoşunlar yeridiləcək, erməni separatizminin beynəlxalq legitimləşdirilməsi prosesi başlayacaq, Azərbaycanın müstəqilliyinə ciddi xələl gələcək, ölkə ağır itkilər verəcək: "Bunları əsla ehtimal kimi demirəm, son vaxtlar Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən müzakirələrin, səsləndirilən bəyanatların, nüfuzlu media vasitələrində yazılan ciddi məqalələrin əsaslı təhlili bu qənaətə gəlməyə əsas verir. Müharibə məsələsinə gəlincə isə, 52 yaşım olmasına rəğmən, döyüşməyə hazıram, özü də bu gün müharibə təbliğatı aparanlarla çiyin-çiyinə ön cəbhədə. Həm də arxada Stalin ordusunda olduğu kimi, döyüş meydanından qaçanları güllələmək üçün cəza dəstələrinin yerləşdirilməsi şərtilə".