“Aparat fəaliyyətini Arif Hacılının gələcəkdə başqan olması üzərində qurdu” – Vurğun Əyyub
21 İyul 2015 14:07 Siyasət"2006-cı idən sonra Müsavatın idarə edilməsində sapıntılar baş verdi. Partiyanın başqanı Nizamnamədə nəzərdə tutulmayan icra aparatı yaratdı və getdikcə bu qurumun səlahiyyət və fəaliyyət dairəsini genişləndirməyə başladı". "Olaylar"ın məlumatına görə, bu fikirləri ADR Hərəkatı sədrinin müavini Vurğun Əyyub səsləndirib. V. Əyyub qeyd edib ki, İcra Aparatı isə bir nəfərin arzusu ilə, ancaq öz düşüncələrinə uyğun adamlardan, şəxsə sədaqət prinsipləri əsasında formalaşdırıldı: "Aparat bütün fəaliyyətini Arif Hacılının gələcəkdə başqan olması üzərində qurdu.Bu qurumun fəaliyyətinin mənfi nəticələri partiyanın VIII qurultayında özünü aşkar şəkildə göstərdi. İcra aparatının yetkililəri açıq şəkildə bir nəfərin təbliğat-təşviqat işlərinə cəlb olundu. Bu barədə narazılığımızı partiyanın başqanı ya müdrik susqunluqla, ya da düşməncəsinə etirazlarla qarşıladı, əlaltdan, müxtəlif üsullarla o da Arif Hacılının başqan olması üçün çalışdı". Vurğun Əyyub bildirib ki, partiyanın yeni rəhbərliyi illər boyu yaradılan demokratik ənənələri bir kənara atdı, prosesi nizamnamə tələbləri əsasında yox, öz subyektiv düşüncələri, qrup maraqları əsasında idarə etməyə başladı: "Bu barədə mətbuatda bildirdiyimiz iradlar, tənqidlər düşməncəsinə qarşılandı, əski başqandan tutmuş A.Hacılının qardaşlarına qədər üstümüzə ağlagəlməz iftiralar, ünvanımıza hər cür hədyan, böhtan yağdırmağa başladılar.Bəzi dostlarımız baş verənlərə etiraz olaraq cəmiyyətin, partiya üzvlərinin diqqətini baş verənlərə cəlb etmək üçün istefa verdilər. Bəzilərimizi isə tənqidi fikirlər söyləməmizi Müsavat əleyhinə fəaliyyət kimi yozub partiyadan xaric etdilər. Beləliklə də, özləri ilə Müsavat Partiyası, müsavatçılıq arasında bərabərlik işarəsi qoymağa çalışdılar. Mənimlə bağlı məsələ daha qəlizdir. Bilmirəm hansı səbəbdən - ya özlərini daha da biabır edəcəklərindən qorxaraq, ya da guya məni aşağılamaq üçün - mənim partiyadan çıxarılmaq məsələmi qeydiyyatda dayandığım rayon təşkilatının özək sədrinə həvalə etdilər.Özək sədri isə yetərsay olmadan iclas keçirib gülünc əsaslarla partiyadan çıxarılmağım barədə qərar verdi. Daha sonra rayon təşkilatının Şurası toplanaraq özəyin bu qərarının Nizamnaməyə zidd olduğu barədə qərar verdi. Partiyanın MNTK-sı araşdırmadan dərhal rayon şurasının qərarını ləğv edəcəyini söylədi. Məsələ beləcə mübahisəli qaldı. İyul ayının 3-də Binəqədi təşkilatının sədrindən mesaj aldım ki, üzvü olduğum özəyin toplantısı keçirilir, iştirakım məcburidir. Deməli, belə çıxır ki, mən hələ də partiya üzvüyəm. Zəng edib ayın 4-də səhər tezdən xaricə səfərə gedəcəyimi, iştirak edə bilməyəcəyimi üzrlü hesab etmələrini xahiş etdim. Və pariya rəhbərliyi haqqımda verilmiş nizamnamədən kənar qərarın ləğvinə görə rayon təşkilatının rəhbərliyinə qarşı təzyiqlərini davam etdirir. Eşitdiyimə görə, iyul ayının əvvəllərində Binəqədi rayon təşkilatının şurası toplanaraq məni üzvülükdən xaric etmiş özək sədrini nizamnamədən kənar fəaliyyətinə görə sədrlikdən azad edib".