Azərbaycanla Xorvatiya arasında hüquqi əməkdaşlıq genişlənir
21 İyul 2015 12:43 SiyasətƏdliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti ilə Xorvatiyada rəsmi səfərdə olub. Bu barədə nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində ədliyyə nazirlərinin görüşü keçirilərək ölkələrimiz arasında hüquqi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğu vurğulanıb. Azərbaycanla hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini söyləyən O.Milyeniç ölkəmizə dəfələrlə səfər etməsini məmnunluqla xatırladaraq ötən ay Bakının ilk Avropa Oyunlarına yüksək səviyyədə, uğurla ev sahibliyi etdiyini, Bakıya səfər edərək keçirilən möhtəşəm idman yarışlarının canlı şahidi olduğunu vurğulayıb. Xorvatiyalı nazir ölkəsində aparılan hüquqi islahatlar haqqında məlumat verərək hazırkı səfərin qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsinə əlavə təkan verəcəyinə əminliyini ifadə edib. Azərbaycanda ölkə Prezidentinin tapşırığına əsasən elektron məhkəmənin tətbiqi üzrə tədbirlər görüldüyündən, Xorvatiyada bu sahədə aparılan işlərə dair prezentasiya təşkil edilib, konkret istiqamətlər üzrə əməkdaşlığa dair razılıq əldə olunub. Səfər çərçivəsində ədliyyə naziri F.Məmmədovun Ali Məhkəmənin sədri Branko Hrvatin ilə görüşündə ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və ictimaiyyətin inamının artırılması, infrastrukturun müasirləşdirilməsi, qabaqcıl İKT-lərin və elektron məhkəmənin tətbiqi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, o cümlədən səlahiyyətlərinin genişləndirilməsi və digər aktual məsələlər müzakirə edilib. Azərbaycan ədliyyə nazirinin, həmçinin, Xorvatiyanın Baş prokuroru Dinko Tsvitan ilə görüşü olub. Səfər zamanı Azərbaycanda məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən tədbirlərlə əlaqədar təcrübə mübadiləsi məqsədilə birinci və yuxarı instansiya məhkəmələrinin fəaliyyəti ilə tanış olunub, hakimlərlə görüş keçirilərək məhkəmə sisteminin müasirləşdirilməsinə dair müzakirələr aparılıb. Həmçinin, ölkəmizdə yeni cəzaçəkmə müəssisələrinin inşası nəzərə alınaraq Xorvatiyanın müəssisələrinə baş çəkilib, məhkumların saxlanma şəraiti, cəzaların icrası qaydası və s. üzrə təcrübə mübadiləsi aparılıb. Xatırladaq ki, Azərbaycan və Xorvatiya arasında dostluq münasibətlərinin inkişafı çərçivəsində 2014-cü ildə Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.