ABŞ Azərbaycanla münasibətlərə yenidən nəzər salır

Vaşinqton Bakının Cənubi Qafqazdakı liderliyini qəbul edir

Azərbaycan XX əsrin 90-cı illərində müstəqilik əldə etdikdən sonra xarici siyasət sahəsində də müəyyən radikal addımlar atmaq məcburiyyətində qaldı. Sovetlər dönəmində Amerikaya düşmən gözündə baxan Azərbaycan cəmiyyəti tədricən bu ideologiyanın səhv olduğunu başa düşdü. Müstəqil Azərbaycan dövlətinin xarici siyasət əlaqələrində Birləşmiş Ştatlara xüsusi önəm verməsi qarşı tərəfi də cavabsız qoymadı.  Bu elə bir dövrə təsadüf edirdi ki, həmin ərəfədə Amerika dünyanın nəhəng dövləti kimi Cənubi Qafqazda möhkəmlənmək, həmçinin Xəzər dənizi regionunda geostrateji maraqlarını təmin etmək üçün Azərbaycanla ikitərəfli əlaqələrin formalaşmasına böyük önəm verirdi. Beləliklə, 1991-ci il dekabrın 25-də Vaşinqton Azərbaycanın dövlət müstəqilliyini tanıdığını bəyan etdi. 1992-ci il fevralın 12-də ABŞ Dövlət katibi Ceyms Beykerin Bakıya səfəri iki dövlət arasında rəsmi münasibətlərdə yeni bir mərhələnin əsasını qoydu. Təəssüf ki, ABŞ və Avropada güclü erməni lobbisi və onun təsiri altında olan siyasi dairələrin fəaliyyəti nəticəsində Azərbaycan nəinki mövcud şəraitdən heç nə qazana bilmədi, hətta dünya birliyinin dəstəyindən məhrum oldu və artıq 1992-ci ilin sonlarında təcrid vəziyyətinə düşdü. Həmin ilin dekabrında erməni lobbisinin və onun himayəsində olan siyasətçilərin təsiri ilə ABŞ Konqresində Azərbaycana hər cür yardımı qadağan edən "907-ci düzəliş" adlanan sənədi qəbul olundu.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin qarşısında təkcə ciddi daxili problemləri həll etmək deyil, həm də Azərbaycanın xarici siyasət strategiyasını formalaşdırmaqla, bu sahədə prioritetləri müəyyənləşdirməklə ölkəni ağır beynəlxalq təcrid vəziyyətindən çıxarmaq və mümkün təhlükələrin qarşısını almaq kimi mürəkkəb vəzifə dururdu.
Məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan-ABŞ münasibətləri məqsədyönlü xarakter aldı və ardıcıl surətdə inkişaf etməyə başladı, mövcud anlaşılmazlıqlar aradan qaldırıldı, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı və ciddi təzyiqlərə baxmayaraq, məhz Azərbaycanın səyləri nəticəsində Qərbin enerji şirkətləri Xəzər regionunun karbohidrogen ehtiyatlarının hasilatına cəlb olundular. Bununla da Azərbaycan Xəzər regionunu ABŞ və Qərbin üzünə açdı.  ABŞ və Qərblə yaxınlaşma Azərbaycana həm dünya birliyinə, həm də beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiya olunmaq yolunda rastlaşdığı müxtəlif problemləri aradan qaldırmağa imkan verdi.
ABŞ-Azərbaycan əlaqələri Prezident Corc Buşun dövründə də öz aktuallığını qoruyub saxladı. Azərbaycan müəyyən ekstremist dairələrin təzyiq və təhdidlərin göz önünə alaraq, 2001-ci il sentyabrın 11-də Nyu Yorkda baş vermiş terror aktına reaksiya verən, bu aktı pisləyən və antiterror koalisiyasına qoşulan ilk ölkələrdən biri oldu. 2006-cı ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri və Prezident Corc Buşla görüşü, ABŞ və Azərbaycanın yüksək vəzifəli rəsmi şəxslərinin ardıcıl səfərləri və təmasları ölkələr arasında tərəfdaşlıq münasibətlərini daha da gücləndirdi.  Birmənalı şəkildə demək olar ki, bütün bunlar həm Azərbaycanın beynəlxalq ələmə uğurlu inteqrasiyasına şərait yaratdı, həm də ABŞ-ın dünyanın ən həssas və mühüm regionlarından birində ciddi siyasi və iqtisadi mövqelər əldə etməsini şərtləndirdi.
2005-ci ildən başlayaraq isə ABŞ-ın Azərbaycanla bağlı siyasətində dominantlıq, demokratiya adı altında ölkənin daxili işlərinə kobud müdaxilə cəhdləri həm Azərbaycan hakimiyyəti, həm də ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı və baş verənlər rəsmi Bakını da ikitərəfli əlaqələrin perspektivi barədə ciddi nəticələr çıxarmağa vadar etdi.
2015-ci ilin fevralında Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Victoria Nuland Amerika-Azərbaycan əlaqələrinin perspektivi haqqında danışarkən bildirmişdi ki, "biz Azərbaycanla 20 illik əməkdaşlığı yüksək qiymətləndiririk. Biz onu daha da güclü, daha demokratik və müstəqil görmək istəyirik, təhlükəsizlik, iqtisadiyyat, energetika sahəsində əməkdaşlığı davam etdirmək istəyirik". Lakin cəmi bir neçə ay sonra, Birinci Avropa Oyunları ərəfəsində baş vermiş bəzi hadisələr bu təşəbbüsün səmimiliyini sual altına qoydu. Azərbaycana qarşı başlanan total hücum və qarayaxma kampaniyasının ABŞ Dövlət Departamentindən idarə olunduğu iddia edildi. Lakin müşahidə olunan gərginlik V.Nulandın səfəri zamanı aparılmış müzakirələrin və formalaşan yeni etimad mühitinin ruhuna zidd idi.  Qeyd edək ki, ötən ilin dekabrında Bloomberg agentliyinə müsahibəsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ-Azərbaycan ikitərəfli münasibətləri haqqında danışarkən bildirmişdi: "Azərbaycanla ABŞ arasındakı dövlətlərarası münasibətlər həm tərəflərin milli maraqları baxımından, həm də qlobal beynəlxalq müstəvidə üst-üstə düşür və tərəfdaşlıq xarakteri daşıyır. Hazırda iki ölkə arasında münasibətlər ümumi maraq kəsb edən əsas məsələlər üzrə, o cümlədən qlobal transmilli müstəvidə əməkdaşlıq və tərəfdaşlıq istiqamətində davam etdirilir, qarşılıqlı təmaslar intensivdir. Düşünürəm ki, ölkələrimiz arasında münasibətlərin gələcək tendensiyasını da məhz bu amillər müəyyən edəcək".
Son aylar ərzində Birləşmiş Ştatların Azərbaycana olan münasibətində müşahidə edilən müsbət tendensiya Vaşinqtonun rəsmi Bakı ilə münasibətləri yenidən inkişaf etdirmək istəyində olduğundan xəbər verir. Hər halda amerikalı rəsmilərin Azərbaycanda keçirdiyi görüşlər və mətbuata verilən açıqlamalar belə deməyə əsas verir. Belə ki, iyulun 11-də Azərbaycanda səfərdə olan və Prezident İlham Əliyev tərəfindən qəbul edilən ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn bildirib ki, ABŞ Azərbaycanla güclü strateji tərəfdaşlığa başlayıb: "Azərbaycanın dostu və strateji tərəfdaşı rolunu yerinə yetirərək bilavasitə Cənub Qaz Dəhlizi layihəsi üzrə əməkdaşlığı davam etdirəcəyik. Biz Azərbaycana gələcək layihələrdə də dəstək verəcəyik. Bu tərəfdaşlıq çox güclü tərəfdaşlıqdır... Mən sizi ümidvar edə bilərəm ki, bəzi insanlar bu layihənin uğursuz olmasını görmək istəyirlər. Biz bu layihəyə yardımımızı davam etdirəcəyik və tam əminliklə onu sübuta yetirəcəyik ki, bu layihə açar və əsas olan layihədir".
Bunun ardınca iyulun 14-də isə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ABŞ-ın Azərbaycandakı hərbi attaşesini Müdafiə Nazirliyinə dəvət edərək onunla fikir mübadiləsi aparıb. N.Sadıkov Azərbaycan Müdafiə Nazirliyinin Pentaqon və NATO ilə hərbi əməkdaşlığın davam etdirilməsinə, hərbi qurumlar arasında etibarın tam bərpa olunmasına hazır olduğunu bəyan etmişdi.  Beləliklə, xanım Nulandın səfərindən sonra baş verənləri nəzərə almasaq, demək olar ki, Amos Hokstaynın Prezident İlham Əliyevlə görüşü iki ölkənin münasibətlərində yaranmış anlaşılmaz soyuqluğun aradan qaldırılması üçün real zəmin yaradıb. Belə demək mümkündürsə, ABŞ Azərbaycana barışıq təklif edib. Çünki son illər ABŞ rəsmilərinin Azərbaycana səfərləri zamanı verdikləri açıqlamaların təhlili göstərir ki, cənab Hokstayn ənənəvi "diktat" və "şərtqoyma" ritorikasını təkrarlamadan ikitərəfli münasibətlərin bərpa edilməsi və inkişafında öz ölkəsinin maraqlarını ifadə edib. Bütün bunlar onun göstəricisidir ki, Birləşmiş Ştatlar artıq Azərbaycanın regional və beynəlxalq arenada öz mövqeyi ilə seçilən ölkəyə çevrildiyini qəbul edir.


Füzuli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00