Dərman bazarında xaotuk vəziyyət hökm sürür

İlham Əliyev: “Bu sahədə pozuntulara yol verən insanlar vicdansızdırlar”

Uzun müddətdir ki, Azərbaycanda dərman preparatlarının qiymətləri ilə bağlı müzakirələr aparılır. Müzakirələrin mahiyyətində insan sağlamlığı üçün əhəmiyyətli rol oynayan dərman vasitələrinin qiymətlərinin baha olması durur. Dəfələrlə aidiyyati orqanlar tərəfindən ictimaiyyəti narahat edən bu məsələnin həll edilməsi istiqamətində addımlar atılsa da hələlik problemi köklü surətdə həll etmək mümkün olmayıb. O da məlumdur ki, istər yaxın qonşu, istərsə də uzaq xarici ölkələrdə dərman preparatlarının qiymətləri Azərbaycanla müqayisədə dəfələrlə ucuzdur. Bəs, Azərbaycanda dərman vasitələrinin baha satılmasının kökündə hansı amillər durur?

Məlumdur ki, əksər dərman vasitələri Azərbaycana xarici ölkələrdən idxal edilir. Elə bu fakt da dərman preparatlarının qiymətlərinin süni şəkildə şişirdilməsinə imkan yaradır. Nəzərə almaq lazımdır ki, yalnız dövlət qeydiyyatına alınmış dərmanların qiymətlərinə ümuni nəzarət həyata keçirilir. Məlumat üşün qeyd edək ki, ölkəyə dərman preparatları xüsusi lisenziyaya malik olan şirkətlər tərəfindən gətirilir. Bunun üçün əvvəldən tender elan olunur. Tenderin qalibi olan şirkət lazım olan dərman maddələrini gətirir və sahibkarlar dərmanı həmin şirkətlərdən alıb özəl apteklərə paylayır. İstər dövlət, istərsə də sahibkarlar tərəfindən gətirilən dərmanların hər birinin keyfiyyəti Səhiyyə Nazirliyinin Dərman Vasitələri Analitik Ekspertiza Mərkəzi tərəfindən yoxlanılır. Təsəvvür edin ki, ölkəyə dərman preparatlarının gətirilməsi hansı mərhələlərdən keçməli olur. Elə bu səbəbdən də eyni adlı dərmanlar ölkədə fəaliyyət göstərən müxtəlif aptekdə fərqli qiymətlərə satılır. Yəni, dərman vasitələrinin baha olması bir yana, üstəlik onların ayrı-ayrı qiymətlərlə təklif edilməsi ictimaiyyətin qıcıqlanmasına səbəb olub. Vəziyyət o həddə çatıb ki, imtiyazlı xəstələr üçün nəzərdə tutulan dərman vasitələri apteklərdə açıq şəkildə qanı qiymətinə satılır. Hansı ki, həmin dərmanların alınması üçün hər il dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Belə məlum olur ki, bəzi "işbazlar" dövlət vəsaiti hesabına alınan dərmanları vətəndaşlara baha qiymətə satmaqdan belə çəkinmirlər. Yeri gəlmişkən qeyd edək ki, bu gün ehtiyacı olan imtiyazlı xəstələrə təxminən 170-ə yaxın adda dərman verilir. Bir daha bildirək ki, paytaxtda və regionlarda ictimaiyyət dərman bazarında çox ciddi problemlərin yaşanması, həblərin vahid qiymətə satılmaması, dərmanlara ayrı-ayrı apteklərin hərəsinin bir qiymət qoymasından, eləcə də onların keyfiyyətindən gileylidir. Ekspertlərin bildirdiyinə görə, dərman gətirən bir neçə şirkət tabeçiliyində olan apteklərə çox ucuz həblər verir. Digər apteklər isə o dərmanları həmin şirkətlərdən, nisbətən, baha qiymətə alırlar. Nəticədə, rəqabət mühiti pozulur və müstəqil apteklər sıradan çıxmaq zorunda qalır. Onların fikrincə, Azərbaycanın dərman bazarında keyfiyyət parametrləri xeyli aşağı olan, istehsal yeri müəmmalı həblər mövcuddur. Ancaq dərman vasitələrinin baha qiymətə təklif edilməsinin kökündə təkcə bu amil durmur. Bu məsələdə klinikalar və həkimlərin də təsiri inkaredilməzdir. Məlumdur ki, bəzi özəl klinikalarda dərman distribiturları ilə işləyən həkimlər mövcuddur ki, onlar vətəndaşların həyatını təhlükə altına qoymaqdan belə çəkinmirlər. Etiraf edilməlidir ki, qeyd olunan məsələlərdə kompleks tənzimlənmə mexanizmi olmasa, dərman bazarında vəziyyət daha da çətinləşəcək.
  Ölkənin dərman bazarında vəziyyətin bu qədər ciddi olması dövlət başçısı İlham Əliyevin də diqqətindən kənarda qalmayıb. Ölkə başçısı Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında birmənalı şəkildə qeyd etdi ki, dərman preparatlarının qiymətləri süni şəkildə qaldırılır: "Həm ictimaiyyət bilsin, həm də ki, burada artıq bu məsələ uzun müddətdir müzakirə olunur, göstərişlər verilib. Bu da dərman preparatlarının bazarı ilə bağlı olan məsələdir. Əfsuslar olsun ki, uzun illər burada da çox xaotik vəziyyət müşahidə olunurdu. Qeyd etməliyəm ki, bu məsələ bir qədər diqqətdən kənarda qalmışdır. Çünki biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Hər şey bazar tərəfindən tənzimlənir və təklif, qiymət, tələbat - yəni, bütün bunlar iqtisadi mexanizmlərdir. Hesab edirdik ki, indi bazar hər şeyi tənzimləyir, alıcılıq qabiliyyəti var, qiymətlər var. Amma sonra məsələni dərindən təhlil edərkən gördük ki, burada çox böyük ədalətsizliklər var. Qiymətlər süni şəkildə qaldırılır. Başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır. İnsanlar məcbur olub bu dərmanları alırlar. Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Bu məsələ dərindən öyrənilib". Dövlət başçısı açıq şəkildə qeyd edib ki, ölkədə dərman bazarının tənzimlənməsi üçün lazım olan bütün hüquqi, iqtisadi və maliyyə imkanları var. Lakin ölkəyə dərman idxal edən və onun satışı ilə məşğul olan şirkətlərin ədalətsizliyi buna maneə olur. Yəni, yenə də insan faktoru, yenə də şəxsi mənafenin dövlət və ictimai mənafedən üstün tutulması məsələsi öz sözünü deyir. Başqa sözlə, bu məsələdə həkimlərin də "Hippokrat" andına xilaf çıxması nəticə etibarilə sadə vətəndaşların çıxılmaz vəziyyətə düşməsinə səbəb olur: "Hesab edirəm ki, burada həkimlərin də məsuliyyətsizliyi və bəzi hallarda tamahkarlığı özünü göstərir. Lazım olmayan reseptləri yazırlar. Resepti yazır, deyir ki, sən bu dərmanı filan yerdən almalısan. Hətta reseptlə satılmayan vitaminlərə də resept yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir. Bu biznes kimin hesabınadır? Adi insanın hesabına. Adi insan da məcbur olub gedir ona verilən reseptlə dərman alır. Heç bilmir nə alır. Sonra dərmanın ona kömək edib-etməməsi ilə əfsuslar olsun ki, heç kim maraqlanmır". Dövlət başçısının çıxışından göründüyü kimi bəzi həkimləri insanların sağlamlığı deyil, şəxsi gəlirləri daha çox maraqlandırır. Gözlərini vətəndaşların ciblərinə dikən bəzi həkimlər xəstəyə yardım göstərməzdən əvvəl onun yaxınları ilə sövdələşməyə gedirlər. Bu sövdələşmələrdə xəstənin yaxınının hansı məbləğdə dərman almaq imkanına malik olması əsas şərtlərdəndir. Həkim müayinəyə gələn pasiyentin şikayəti ilə deyil, onun maddi imkanları ilə maraqlanır. Dövlət başçısı həmçinin xarici ölkələrdən gətirilən dərmanlara müxtəlif qiymətlərin qoyulması məsələsinə də aydınlıq gətirib: "Dərmanlar var ki, müxtəlif ölkələrdə istehsal olunur. İnkişaf etmiş ölkələrdə onların qiyməti bahadır. O qədər də inkişaf etməmiş ölkələrdə o qiymət aşağıdır. Gedirlər ən ucuzunu, ən aşağı keyfiyyətlisini alırlar, gətirirlər, ən baha qiymətə satırlar. Bu, hələ məsələnin az bir hissəsidir. Mən burada bu barədə çox danışmaq istəmirəm. Ancaq bu sahədə çox ciddi pozuntular olub və var. Bu pozuntulara son qoyulmalıdır. Ona görə, indi bütün məsələ təhlil edilib. Artıq bir neçə aydan sonra tətbiq edilməyə başlayacaqdır. Hesab edirəm ki, sentyabr ayından gec olmayaraq bu məsələ artıq yeni müstəviyə qalxmalıdır. Həm şəffaflıq təmin ediləcək, hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Qiymətlərin yuxarı səviyyəsi müəyyən ediləcək. Heç kim o səviyyədən baha sata bilməyəcək. Dərmanları satanlar da burada öz gəlirlərini götürəcəklər. Onların da normal gəlir səviyyəsi olmalıdır. Ancaq bu səviyyə 100, 200, 300 faiz olmamalıdır. Heç yerdə belə özbaşınalıq yoxdur. Görülən və görüləcək tədbirlər nəticəsində ilin sonuna qədər dərmanların qiymətləri kəskin şəkildə aşağı düşməlidir. İstəyirəm Azərbaycan ictimaiyyəti bunu bilsin. Bu məsələ də daim diqqət mərkəzində olacaq". Göründüyü kimi Prezident İlham Əliyev sosial məsələlərin həllinə olduqca həssas yanaşır. İnsanların sağlamlıqı, bunun üçün lazım olan şəraitin yaradılması, dərman bazarında şəffaflığın təmin olunması kimi məsələlərin həllinə xüsusi diqqət ayırır. Həm də bu sahədə mövcud problemlərin aradan qaldırılmasında qətiyyətlik nümayiş etdirir. Axı, həm də bunlar insani və mənəvi məsələlərdir: "Hesab edirəm ki, biz sosial məsələləri müzakirə edərkən, əlbəttə, bu məsələlər sırf sosial xarakter daşıyır. Bu, mənəvi xarakter daşıyır. Dərman paltar, avtomobil deyil. Dərman insanların həyatıdır, onların sağlamlığıdır. Bu sahədə pozuntulara yol verən insanlar vicdansızdırlar. Başa düşürsünüz nə edirlər? İnsanlar nə etsinlər? Ona resept yazırlar, o da gedir alır. Nəyi alır, hansı keyfiyyətdədir? O, onu qəbul etməlidir, yoxsa yox? O haradan bilsin? Dərd burasındadır. Ona görə, bax, biz bu sosial və mənəvi pozuntuları aradan götürəcəyik".


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00