Bəzi dövlət qurumları sahibkarlara haqq qoyurlar
İlham Əliyev: “Bunu edən dövlətə xəyanət edir”
14 İyul 2015 15:55 SiyasətPrezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət strukturlarına sahibkarların işinə yersiz müdaxilələrinə son qoymaları barədə xəbərdarlığı Azərbaycan ictimaiyyəti tərəfindən müsbət qarşılanıb. Azərbaycanın iqtisadi imkanlarının getdikcə genişləndiyini vurğulayan prezident bildirib ki, sahibkarlara dövlət dəstəyi artırılmalı və onların işinə əsassız müdaxilələrə son qoyulmalıdır. Məntiqi baxımdam dövlət başçısının bu fikirləri dövlət quruculuğunun, eləcə də iqtisadiyyatın dinamik inkişafının əsaslarını təşkil edir. Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanda qeyri-neft sektorunun unkişafı müsbət dinamika üzrə inkişaf edir. Bu inkişaf dinamikasında sahibkarların fəaliyyəti xüsusu çəkiyə malikdir. Yəni, ölkənin iqtisadi dayaqlarının özəyini sahibkarlığın inkişafı təşkil etməlidir. Təbii ki, bi işdə sahibkarlara dövlətlə yanaşı, mərkəzi və yerli icra hakimiyyəti orqanları, nəzarət qurumları, hüquq-mühafizə orqanları da yardım etməlidir. Xatırladaq ki, dövlət sahibkarlığın inkişafına dair lazım olan bütün tədbirləri həyata keçirib və bu istiqamətdə islahatlar davam etməkdədir. Sahibkarlığın sərbəst fəaliyyəti, vergi ödəmələrində güzəştlər, sahibkarlığın fəaliyyətinə əsassız müdaxilənin qarşısının alınması ilə bağlı qanunvericilik bazası yaradılıb. Dövlət başçısı yoxlama və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan çoxsaylı şikayət və müraciətlər nəzərə alaraq əsassız yoxlamaların qadağan edilməsi barədə müvafiq fərman imzalayıb. Fərmanda bu orqanlar tərəfindən yol verilən sui-istifadə hallarının qarşısının alınması, vətəndaşların və hüquqi şəxslərin qanuni hüquq və mənafelərinin təmin olunması üçün bir sıra tədbirlər nəzərdə tutulub. Fərmanın icrası nəticəsində iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azalıb, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən bir sıra halların qarşısı alınıb, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədi ilə müəyyən tədbirlər həyata keçirilib.
Eyni zamanda, Sahibkarlara Kömək Milli Fondu xətti ilə yardımlar edilir. Qalır bircə icra və nəzarət strukturlarının öz işlərinə vicdanla yanaşaraq sahibkarlığın inkişafına sünii maneələr törətməmələri. Təəssüf ki, ölkədə sözügedən qurumların şəffaf fəaliyyətini təmin edəcək kifayət qədər işlər görülsə də hələ də neqativ hallara rast gəlmək mümkündür. Belə neqativ hallar o dərəcədə genişlənib ki, dövlət başçısı məsələyə müdaxilə etməli olub: "Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir". Prezident qeyd edib ki, sahibkarlar sadə dillə desək dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam: "Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, "krışalıq" edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır". Qeyd edək ki, artıq neçənci ildir ki, dünyada qlobal maliyyə böhranı hökm sürür. Bu böhran o dərəcədə dərin kök atıb ki, hətta bəzi dövlətlərin iqtisadiyyatı tənəzzülə uğrayıb. Yəni, bir tərəfdən qlobal maliyyə böhranı vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanını məhdudlaşdırıb, digər tərəfdən isə müdaxilələrin qalması, bəzi hallarda isə artması onların fəaliyyət göstərməsinə, eləcə də fəaliyyətlərini genişləndirməsinə imkan vermir. Belə vəziyyətin davam etməsi heç şübhəsiz ki, dövlətin iqtisadi strukturlarına zədə vurması ilə nəticələnə bilər. Məhz bu amili nəzərə alan dövlət başçısı yarana biləcək hər hansı xoşagəlməz hadisə barədə birbaşa ona məlumat verilməsini sahibkarlar qarşısında tələb kimi qoyub: "Bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq". Dövlət başçısı qeyd edib ki, ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək: "Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın". Sirr deyil ki, sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilələrin artması səbəbindən sahibkarlıqla məşğul olmaqdan imtina edənlər də yox deyil. Nəzərə almaq lazımdır ki, sahibkarlıq subyektlərinin xərclərinin müəyyən hissəsi onların fəailiyyətinə yaradılan yersiz müdaxilələr nəticəsində yaranan qeyri-rəsmi ödənişlər təşkil edir. Bu isə nəticə etibarilə sahibkarlıq subyektlərinin xərclərinin artmasına gətirib çıxarır. Eyni zamanda onların işləmək imkanlarını məhdudlaşdırır.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, sahibkarlar təfərindən bəzi hallarda qeyri-rəsmi ödənişlər ona görə edilir ki, dövlət qurumu və ya icra hakimiyyəti orqanı sahibkarın işinə müdaxilə etməsin. Ekspertlərin qənaətinə görə, hüquq mühafizə orqanlarına qeyri-rəsmi ödənişlərin edilməsi heç də sahibkarlıq subyektinin öz işini reallaşdırmaq və ya prosesi sürətləndirmək məqsədi ilə bağlı deyil. Sadəcə bunu o səbəbdən edirlər ki, hüquq mühafizə orqanları onların işinə müdaxilə etməsinlər. Bu isə o deməkdir ki, bəzi sahibkarlar şəffaf deyil, qeyri-leqal fəaliyyətə üstünlük serir ki, bu da onların vergidən yayınmasına işarədir. Ancaq bütün hallarda doğrudan da dövlət strukturlarının sahibkarların fəaliyyətinə müdaxiləsi özəl sektorun inkişafına mane olan başlıca amillərdəndir. Belə ki, ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti, vergi, gömrük, hüquq-mühafizə və sanitar-epidemioloji xidmət orqanları sahibkarların işinə yerli-yersiz müdaxilələr edirlər. İş məhkəmə çəkişməsi səviyyəsinə qədər gedib çatdıqda isə iqtisadi mübahisələrin həllində süründürməçiliyə yol verilir, bəzən isə qeyri-obyektiv qərarlar qəbul olunur. Ümumilikdə, ayrı-ayrı dövlət orqanları tərəfindən iqtisadi sahəyə əsassız müdaxilələr narahatçılıq doğurur. Həmin dövlət orqanlarının bəzi işçiləri öz qanunsuz hərəkətləri ilə dövlətin nüfuzuna xələl gətirir və bir çox hallarda öz hüquqlarından şəxsi mənafeləri üçün istifadə edirlər. Bu isə dövlətin iqtisadi inkişafına mane olan amillərdir. Odur ki, ekspertlər hesab edirlər ki, dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən sui-istifadə halları ilə mübarizənin gücləndirilməsi məqsədi ilə bazanın möhkəmləndirmək üçün müəyyən qanunuvericilik aktlarına dəyişikliklərin edilməsinə ehtiyac var.
Alim