Makedoniya Prezidenti Azərbaycana gələcək
7 Aprel 2015 14:46 SiyasətMakedoniya Prezidenti George İvanov aprelin sonunda Azərbaycana səfərə gələcək. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, George İvanovun səfərinin məqsədi aprelin 27-30-da Bakıda təşkil ediləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Foruma 10-dan çox ölkənin hazırkı prezident, baş nazir və xarici işlər nazirinin iştirakı planlaşdırılır. Ümumilikdə isə forumda əksəriyyəti sabiq dövlət və hökumət başçıları, siyasi xadimlər, elm adamları və ekspertlər olmaqla 350-yə yaxın nümayəndənin iştirakı nəzərdə tutulub. III Forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemləri geniş müzakirə edəcək, onların həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparacaqlar.