Sevinc Fətəliyeva: “Həmsədrlər obyektiv münasibət ortaya qoymalıdırlar”
2 Aprel 2015 16:40 SiyasətVyanada ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsini müzakirə etməsi normal haldır. Bu, onların vasitəçi olaraq bir vəzifəsidir". Bunu mətbuata açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Millət vəkili bildirib ki, həmsədrlər münaqişə ilə bağlı vəziyyəti müzakirə etməklə kifayətlənməli deyillər: "Həmsədrlər münaqişənin həlli ilə bağlı obyektiv münasibət ortaya qoymalıdırlar". S.Fətəliyevanın sözlərinə görə, problem beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır: "Görünən odur ki, cəbhə xəttində son zamanlar yaranmış gərginlik həmsədrləri narahat edir. Həmsədrlər də yaxşı bilirlər ki, münaqişənin həll olunmamasının əsas səbəbi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasıdır. Ona görə də, onlar ilk növbədə erməni tərəfinə torpaqlarımızın azad olunması və dinc insanların öz yurdlarına qayıtmalarının təmin olunması haqda çağırışlar etməlidir. Amma ümumiləşmiş bəyanatlar səsləndirməklə, atəşkəsin bərpa olunması çağırışları etməklə münaqişə həll olunmayacaq. Əgər işğalçı erməni hərbi birləşmələri torpaqlarımızdan çıxarılarsa, onda atəşkəsin pozulmasına da ehtiyac qalmayacaq".