ADP-dən Milli Şuranın iddialarına cavab

“Mitinqlə dialoqu eyniləşdirmək olmaz”

"Bizim kütləvi aksiyalara olan münasibətimiz məlumdur. Kütləvi aksiya keçirmək hər bir kəsin konstitusion hüququdur və kim istəyirsə bu hüququndan istifadədə sərbəstdir". Bu fikirləri "OLAYLAR"-a ADP-nin sədr müavini Taliyət Əliyev Milli Şuranın 5 aprel mitinqinə münasibət bildirərkən səsləndirib.  Bildirib ki, Milli Şuranın təşkil etdiyi bütün mitinqlərdə partiyanın üzv və tərəfdarları iştirak edib: "Ancaq Milli Şuranın keçirdiyi aksiyaların kütləviliyinə mənfi təsir edən hal kimi bir qrup müxalifət partiyasının iqtidarla dialoq aparmasının göstərilməsi zəif arqumentdir. Necə ola bilir ki, 2005-ci ildə istər ADP-nin, istər AXCP-nin, istərsə də Müsavat Partiyasının təkbaşına meydana çıxardığı insanları bu gün bütün müxalifət meydana çıxara bilmir. Milli Şuranı qoyaq kənara, AXCP 2005-ci ildə meydana çıxardığı kütləni bu gün meydana çıxarsa, bu mitinqlərdə ən azı 20-25 min adam olar. Hesab edirəm ki, bunun daha ciddi səbəbləri var, bu səbəblər də məlumdur". ADP rəsmisi deyib ki, iqtidarla dialoqda iştirak edən partiyaların Milli Şura üzvləri tərəfindən aşağılanması yolverilməzdir: "Bu fikirlər razı deyiləm ki, dialoqda iştirak edən partiyalardan hansınınsa 5 partiya funksionerini cəmiyyət tanımırsa onda həmin partiya dialoqda iştirak etməməlidir. Orda elə siyasi liderlər var ki, onların özləri elə bir partiyaya bərabərdir. O ki qaldı dialoqda mitinqdə səslənən şüarların hakimiyyət nümayəndəsindən tələb edilməməsi məsələsinə, hesab edirəm ki, mitinqlə dialoqu eyniləşdirmək olmaz. Mitinqin başqa, dialoqun başqa psixologiyası var. Mitinqə gedənlər tələblərlə çıxış etdiyi halda, dialoqa gedənlər isə kompromisə və uzlaşmaya hazır olurlar. Bunlar siyasi mübarizədə ayrı-ayrı elementlərdir. Ona görə də bu cür yanaşmanı yanlış və qərəzli hesab edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00