Milli Şuranın qarayaxma kampaniyası
Yaxud utanmasan oynamağa nə var ki...
1 Aprel 2015 18:02 SiyasətMilli Şura adlı qurum 15 mart uğursuzluğundan nəticə çıxarmaqdansa yenidən mitinq təyin edib. Qurumun yaydığı məlumatda mitinqin aprelin 5-də keçiriləcəyi bildirilir. Ötən mitinqdə 80 min nəfərin iştirak edəcəyi barədə absurd açıqlamalar verən Milli Şuradakılar gözlənilən nəticənin özünü göstərmədiyindən xəcalət çəkmək əvəzinə vaxtı ilə onlarla bir cərgədə olan müxalifətçilərin üzərinə çamur atmağa, həqiqəti söyləyənlərə qarşı qarayaxma kampaniyasına start verməyə başlayıb. Hər halda son günlər Milli Şuranın əsas "qüvvəsi" hesab edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasına yaxın mətbu orqanlarda dərc edilən yazılar belə deməyə əsas verir.
Bu gün Milli Şuranın mirzələri aldıqları tapşırıq əsasında hər vəchlə 15 mart uğursuzluğunu ört-basdır etməyə, aksiyaya məhdud sayda insanın çıxmasını özlərinin qabiliyyətsizliyi ilə deyil, guya hakimiyyətin təzyiq vasitələrindən istifadə etməsi ilə əlaqələndirməyə çalışırlar. Sitat: "Təkcə "Azadlıq" qəzetində mitinqdən hazırlanan reportajı 130 min nəfərin oxuması düşündürücü faktdır. Demək mitinqə ictimai maraq çox yüksəkdir". Həmçinin o da iddia edilir ki, bəzi müxalifət partiyalarının hakimiyyətlə dialoqa getməsi də mitinqlərin kütləviliyinə mənfi təsir göstərir. Burada maraqlı suallar ortaya çıxır. Məgər hansısa saytda və ya qəzetdə hansısa yazını oxumaq onu dəstəkləmək anlamını verir? Bu gün dünyanın diqqət mərkəzində olan məsələlərdən biri də İŞİD terror təşkilatı və Yəməndə cərəyan edən proseslərdir. İstənilən bir Azərbaycan vətəndaşı saytlar və qəzetlərdən İŞİD-in, yaxud Yəməndəki qiyamçıların hansı addımları atdıqlarını izləyir, bu barədə dərc edilən məqalələri oxuyur. Məgər bu o anlamı verirmi ki, həmin yazını oxuyan biri İŞİD-çıdır və ya Yəməndəki üsyançıları dəstəkləyir. Göründüyü kimi tamamilə absurd bir yanaşmadır. Və ya kim zəmanət verə bilər ki, doğrudan da Milli Şuranın keçirdiyi mitinq barədə yazını məhz 130 min nəfər oxuyub. Məgər bəzi sayt və ya qəzetlərdə dərc edilən yazıların hansı yolla oxunma sayının artırıldığını heç kim bilmir? O ki qaldı həmin yazı AXCP-yə yaxın olan mətbu orqanda dərc edilə. Azərbaycan siyasətində hər kəsə bəllidir ki, siyasi proseslərə saxtalığı məhz Əli Kərimli gətirib. İstər naməlum imzalarla yazı yazmaq, istər sosial şəbəkələrdə saxta profillər açmaq sarıdan Əli Kərimli və onun tərəfdarlarının Azərbaycan siyasətində tayı-bərabəri yoxdur. Elə bunu son vaxtlara qədər Əli Kərimli ilə eyni cərgədə olan, bir müddət əvvəl isə AXCP-dən ayrılan Razi Nurullayev də etiraf edib. Bu faktın özü onu deməyə əsas verir ki, Milli Şura mirzələrinin iddia etdiyi 130 min rəqəmi də kompüter dili ilə desək F5-in sayəsindədir.
Başqa bir məqam radikalların müstəqil mətbuat nümayəndələrinə qarşı qara yaxmasıdır. Bildirilir ki, hakimiyyətə yaxın qəzet və saytlar 15 mart mitinqi barədə həqiqətə uyğun olmayan yazılar dərc ediblər. Həqiqətə uyğun olmayan məlumat dedikdə isə aksiyaya toplaşanların sayının məhdud sayda göstərilməsi qeyd edilir. Onda sual olunur. Səhərdən axşama qədər haqq-ədalətdən danışanların meydana çıxardıqları 800-1000 nəfəri radikalların dili ilə desək hakimiyyəti tərif edən jurnalistlər 30-40 min kimi yazmalı idi? Heç olmasa keçirdiyiniz aksiyanın şüarına nəzər salıb sonra danışın. Axı aksiya "yalana son" idi. Onda nə üçün jurnalistlərdən yalan yazmağı, yüzləri minlər göstərməyi istəyirsiniz?
Həhayət, digər maraqlı bir məqam hakimiyyətlə dialoqda iştirak edən müxalifət partiyalarının radikallar tərəfindən aşağılanmasıdır. Dialoqda iştirak edən partiyaları cib müxalifəti adlandıranlar iddia edirlər ki, Milli Şuranın keçirdiyi aksiyalarda irəli sürülən tələblər hakimiyyət rəsmiləri ilə görüşən müxalifət təmsilçiləri tərəfindən iqtidarın ünvanına çatdırılmır. Daha doğrusu həmin partiyaların buna cürət etmədiyi iddia olunur. Heç şübhəsiz ki, belə bir əsassız yanaşma hakimiyyətlə dialoqa gedən partiyalar tərəfindən normal qarşılanmır və radikalların bu mövqeyi qərəzli münasibət kimi dəyərləndirilir.
***
İqtidar-müxalifət dialoqunda iştirak edən Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyir ki, təmsil etdiyi partiya heç vaxt keçirilən mitinqlərlə bağlı hər hansı münasibət -xüsusilə də bu aksiyaları aşağılayan, tənqid edən fikirlər bildirməyib: "Mitinqlərlə bağlı aksiyalara öz fərqli münasibətimiz olmasına baxmayaraq bunu heç vaxt içtimai müzakirəyə də çıxarmamışıq. Düşünmüşük ki, kimsə özünün doğru bildiyi bir aksiyanı keçirməyə qərar verirsə və müvafiq orqanlar da buna icazə verirlərsə bunu müzakirə etmək etik cəhətdən doğru olmaz. Eyni zamanda mitinq keçirən qüvvələrin digər qüvvələri mütinqin istədikləri kimi alınmamasında ittiham etməsini də etik cəhətdən yanlış hərəkət hesab edirik. Dialoq məsələsinə qalanda bunu orada iştirak edən partiyalar da, hakimiyyət nümayəndəsi də görüş adlandırıblar. Digər tərəfdən əgər o partiyaların heç bir dayağı yoxdursa, funksionerlərini 5 nəfər belə tanımırsa o, zaman onların siyasi addımları keçirdiyiniz mitinqlərin kütləviliyinə necə təsir edir? Bunun hansına inanmamızı istəyirsiniz?" Elşən Mustafayev bildirib ki, AMİP olaraq biz mitinqlərdə səslənən fikirləri zamanında kifayət qədər kəskin şəkildə bəyan etmişik: "İstər insan haqları və siyasi məhbuslar, istər qiymət artımı , istərsə də digər aktual məsələlərlə bağlı partiyanın münasibəti olub və bu mətbuatda da öz əksini tapıb. Belə olan halda kimsə hər hansı işdə uğursuzluğunun səbəbini kənarda yox, özündə axtarmalıdır"
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə Milli Şuranı müxalifət daxilində parçalanma yaratmaq və digər siyasilərə qarşı qərəzli mövqe nümayiş etdirməkdə günahlandırıb: "Milli Şuranın məqsəd və məramı hər kəsə bəllidir. O ki qaldı hakimiyyətlə dialoqda iştiraka, həmin görüşdə iştirak etmək üçün həm AXCP, həm də Müsavata müraciət edilib. Biz də onun tərəfdarı olmuşuq ki, həmin siyasi qüvvələr iqtidar-müxalifət görüşündə iştirak etsin. Əgər onlar özlərini belə görüşlərdən təcrid edirlərsə bu bizim günahımız deyil". Əhməd Oruc deyir ki, hakimiyyətlə dialoqa gedən partiyaların sosial dayağının zəif olduğunu iddia edənlər keçirdikləri son aksiyaya nəzər salsalar daha yaxşı olar".
BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı radikalların iddialarına atalar sözünə uyğun cavab verib: "Burda deyirlər ki, utanmasan Əli Kərimli olmağa nə var ki. Bu adam o qədər absurd danışır ki, özü də yazdıqlarına inanmır. "Milli Şura"da kim var axı?! Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra 1 nəfər silahdaşı Əli Kərimlinin yanında qalmayıb. Hətta Əli Kərimlinin yaxın dostları, qohumları belə bu gün Əli Kərimlidən imtina edib. Fuad Müstafayevdən tutmuş İbrahim Vəliyevə qədər. Cəmil Həsənli mandata görə vaxtı ilə Əli Kərimlidən imtina etmiş adamdır. Sonra da o parlamentə düşə bilmədi deyə, təzədən oldu "müxalifət". Gültəkin Hacıbəyli bu hakimiyyətdən qovulmuş adamlardan biridir. Millət vəkili olduğu zamanlarda müxalifəti "asıb-kəsən" adam olub. Hətta indi yanaşı oturduğu insanları savadsız adlandırırdı". Niyaməddin Orduxanlı deyir ki, Milli Şuranı 2013-cü ildə Rusiya yaratmişdi: "İlk təsisçiləri 130 nəfər olduğu halda bu gün həmin 130 nəfərin yarısı istefa verib. Demək olar ki, ayda bir dəfə Əli Kərimli özünə müavin təyin etdiyi, müşavir təyin etdiyi adamlar ondan imtina edib istefa verir. Kim qalıb sənin yanında? Əli Kərimli, sən özün 5 nəfərın adını çək və bundan sonra utan! Sənin ali orqanın olan Rəyasət Heyətinin üzvü Natiq Ədilovun əxlaqını hər kəs gördü və o da bu yaxınlarda Fransada yaşamağı üstün tutdu". BAXCP rəsmisi bildirib ki, hakimiyyətlə dialoqda iştirak edən partiyaların kifayət qədər sosial dayaqları var və bu Əli Kərimli tərəfindən qarayaxmadan başqa bir şey deyil: "Dialoqda iştirak edən BAXCP-nin 60-a yaxın rayon təşkilatları, minlərə üzvü, 41 dairə seçki məntəqəsində 3000-ə yaxın BAXCP təmsil edən şəxslər, yüzlərlə BAXCP-nin bələdiyyə üzvü, partiya rəhbərliyində hörmətli ziyalılar var. Əbülfəz Elçibəyin köməkçisi işləmiş, alim Vaqif Abışov, Elçibəyin silahdaşı Zöhrab Abdullayev, Elçibəyin ən yaxın adamlarından olan Telman Siyabov, Yaşar Kələntərli, Yeganə Mehdibəyli, Dünyamalı İmaməliyev, Elçin Mirzəbəyli, tanınmış jurnalıst Arzu Şirinova, Cavanşır Həsənli, Mahir Zeynalov, Teyyub Qəni, Hüseynağa Qəniyev, Bəhruz Cabbarlı, tanınmış QHT sədri Faiq İsmayilov, Yeganə Dilbazi və s. şəxslər bu gün BAXCP rəhbərliyində təmsil olunurlar. Bu adamların 20 ildən artıq siyasi təcrübələri var və bu adamların hər birini Əli Kərimli şəxsən tanıyır. İndi isə Əli Kərimlinin yanında olan adamları sayın, kimin hansı vəziyyətdə olduğu açıq şəkildə görünəcək. Bu gün Əli Kərimlinin və Cəmil Həsənlinin çağırışı ilə xalqın mitinqə gəlməməsinin səbəbi bu adamların riyakarlığı ilə bağlıdır. Cəmiyyət yaxşı bilir ki, Cəmil Həsənli deputat olduğu dövrdə hər il mərhum prezident Heydər Əliyevin məzarına gedib və onun məzarı qarşısında baş əyirdi. Cəmil Həsənli deputat olduğu dövrdə bütün kitablarında "Qafqazın lider ölkəsi Azərbaycandır və bunun səbəbi də İlham Əliyevin apardığı siyasətdır" yazıb. Bu hakimiyyətn nazirlərinin hesabına İlham Əliyevə məddahlıq edib. Bax, Cəmil Həsənli, sənin bu riyakarlığına görə insanlar mitinqə gəlmirlər. Bu gün Əli Kərimli 20-21 yaşlı təcrübəsiz gəncləri aldada bilir və bir azdan bu gənclərin heç biri Əli Kərimlinin yanında qalmayacaq. Bundan sonra Əli Kərimli orta məktəb şagirdlərinə üz tutub tərəfdaş toplamağa cəhd edəcək.
S.İsmayılbəyli