Müsavat seçkiyə iki siyahı ilə gedir

Müsavat partiyasında qarşıdurma yenidən qızışıb. Partiyanın  Qadınlar Birliyinin sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədlinin deputatlığa namizədliyi irəli sürülüb. E. Məmmədli  açıqlamasında bildirib ki, Qadınlar Birliyinin Şura iclasında 35 saylı Xətai Seçki Dairəsindən onun namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edilib. Namizədliyin təsdiqlənməsi üçün partiya rəhbərliyinə müraciət olunub. Qeyd edək ki, Müsavat başqanlığına sabiq namizəd, partiyadan kənarlaşdırılan ADR sədri Qubad İbadoğlunun digər müavini Vurğun Əyyubun da millət vəkilliyinə namizədliyi irəli sürülüb. Lakin Müsavat rəhbərliyi onun namizədliyini hələlik qəbul etməyib. Bu günlərdə isə Vurğun Əyyubun deputatlığa namizədliyi ilə bağlı qərar Müsavat rəhbərliyinə təqdim edilib.  Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli bildirib ki, qərar martın 27-də Suraxanı təşkilatının Şura iclasında qəbul olunub. Rayon ərazisindəki 3 seçki dairəsindən 3 nəfərin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edilib. 30 saylı seçki dairəsindən Vurğun Əyyubun, 31 saylı dairədən Fəxrəddin Əhmədin, 32 saylı dairədən isə Xatirə Allahverdiyevanın namizədliyinin irəli sürülüb. Şuranın qərarı Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlıya təqdim edilib. Baş verən proseslər Arif Hacılı və komandasını bərk narahat edib. Müsavat başqanının qardaşı Mustafa Hacıbəyli facebook sosial şəbəkəsində yazıb ki, ADR-çilərin hərəkətləri cəmiyyətdə "Müsavatın iki siyahısı var" fikrinin formalaşmasına xidmət edir. M.Hacıbəylinin narahatlığı başa düşüləndir. Vurğun Əyyubun, Ellada Məmmədlinin hərəkətləri Müsavatın yeni rəhbərliyinə qarşı çevrilib.   ADR-çilər nə qədər "ictimai təşkilatda fəalliyyət nizamnamə pozuntusu deyil", "bizim namizədliyimizi rayon təşkilatı irəli sürür" desələr də proses bütünlüklə Arif Hacılı yönətiminin əleyhinədir. Vurğun Əyyub açıq-aşkar bildirir ki, Məclis üzvü olsa da, Məclisi legitim saymır. Ellada Məmmədli nümayişkaranə şəkildə ADR-in toplantılarına qatılır, partiyadan xaric edilmiş Qubad İbadoğlunu dəstəkləyir, Vurğun Əyyubun mövqeyindən çıxış edir. ADR-çilərin məqsədi aydındır. Onlar parlament seçkiləri bitənə qədər Müsavatda qalacaqlar. Seçkilərdə Müsavatın resurslarından, Müsavat brendindən  istifadə edəcəklər. Seçkidən sonra ADR partiyaya çevriləcək. Çünki geriyə yol yoxdur. Bundan sonra Qubad İbadoğlu, Vurğun Əyyub tövbə edib Müsavata dönsələr belə qəbul olunmayacaqlar.
  Arif Hacılı və onun mövqeyində olanlar çətin durumdadırlar. Ciddi səbəb olmadan narazıların partiyadan çıxarılması mümkün deyil. Onsuzda Qubad İbadoğlu və bir neçə tərəfdarının partiyadan çıxarılması ictimai rəydə Arif Hacılının sərt, avtoritar imicini yaradıb. Onlar seçkiyə qədər dözmək məcburiyyətindədirlər. Ancaq proses Müsavat rəhbərliyinin əleyhinədir. Çünki partiyanın rəsmi siyahısına alternativ siyahı çıxarılır. Belə çıxır ki, Müsavat partiyası bir dairədən iki və üç namizədlə seçkiyə girəcək. Bu, ictimai rəydə çaşqınlıq yaradacaq, Müsavatın qeyri-ciddi partiya imicini  formalaşdıracaq.

Zaur Sultanbud
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00