Azay Quliyev İtaliya senatının və hökumətinin üzvləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya səfəri çərçivəsində bu ölkənin Senatının üzvləri Sergio Divina, Roberto Muro, Maria Rizzotti, Nunziante Consinglio və digər parlamentarilər ilə görüşüb. Səfərin məqsədi barədə məlumat verən Azay Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışaraq Şuranın QHT-lərlə dövlət arasında körpü rolunu oynadığını deyib. Azay Quliyev Şuranın QHT-lərə konsultativ, məlumat, texniki, maliyyə və digər sahələrdə hərtərəfli dəstək verdiyini, indiyədək 3 min 500 layihəyə vəsait ayırdığını qeyd edib. Şura sədri bildirib ki, rəhbərlik etdiyi qurumun 11 üzvündən 8-i QHT, 3-ü isə müxtəlif dövlət orqanlarının təmsilçilərindən ibarətdir. İtaliya-Azərbaycan əlaqələrindən bəhs edən Şura sədri qeyd edib ki, parlamentlərarası dostluq qruplarının fəaliyyəti münasibətlərimizin inkişafına töhfə verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Azay Quliyev bildirib ki, Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün düşüb. Şuranın gördüyü işlərin təqdirəlayiq olduğunu deyən senator Sergio Divina hökumət ilə QHT sektoru arasında əlaqələndirməni uğurla təmin etməyin önəmli amil olduğunu vurğulayıb. Müvafiq sahədə İtaliya təcrübəsindən bəhs edən S.Divina qeyd edib ki, QHT-lərlə dövlətin əməkdaşlığı bu qurumların müstəqil fəaliyyəti baxımından vacib faktordur. Senator ölkələrimiz arasında bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib. Şura sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyanın əmək və sosial siyasət naziri Culiano Poletti ilə keçirilmiş görüşündə vətəndaşların cəmiyyətin həyatında fəal iştirakının vacibliyi ilə bağlı müzakirələr aparılıb və bu istiqamətdə ölkələrimizdə görülən işlərdən danışılıb. Nümayəndə heyəti səfər çərçivəsində İtaliyanın bir sıra tanınmış QHT-ləri ilə də görüşlər keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00