“Ermənilər ədalətsiz tələblərindən geri çəkilmirlər”

Rövşən Məmmədli: “Səhvini başa düşəni də bizim xalqımız bağışlamağı bacarır”

Cəbhədə erməni təxribatlarının davam etdiyi, atəşkəs rejiminin müntəzəm olaraq pozulduğu bir ərəfədə politoloq Zərdüşt Əlizadənin mətbuata verdiyi açıqlama əksər siyasilər tərəfindən ciddi təpki ilə qarşılaşıb.

Yeni Turan Partiyasının sədri Rövşən Məmmədli bildirib ki, Zərdüşt Əlizadə hələ də həmişəki ampuluasındadır və bu şəxs həmişəki kimi yenə də Azərbaycanı müstəqilliyə qovuşdurmuş Xalq Hərəkatına kinlidir, onun uğurlarını etiraf etmək istəmir: "Hər fürsətdə bu hərəkatı və onun iştirakçılarını aşağılayır. O, həmçinin Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağla bağlı baş vermiş hadisələrə də qeyri-obyektiv və hər iki tərəfi suçlamaq ovqatı ilə yanaşır. Bu zaman baş verən hadisələrin başlanmasında heç bir suçu olmayan azərbaycanlıları dolayısı ilə suçlamaqdan qalmır". Partiya sədri qeyd edib ki, Zərdüşt Əlizadə özünü politoloq adlandırsa da, politologiya elminin tələblərindən ya xəbəri yoxdur, ya da bu tələbləri saya almaq istəmir: "Politoloq hadisələrə tarixi baxımdan, tərəflərin güddüyü maraqlar baxımından, onların hadisələrin baş verməsində iştiraklarının doğru-düzgün əks etdirilməsi baxımından obyektiv rəy verməli, tərəf tutmamalı, güdülən məqsədi doğru-düzgün göstərməli, yalan informasiya yaymamalı, həqiqəti söyləməlidir. Ancaq Zərdüşt Əlizadə mətbuata verdiyi müsahibədə "Rəsmi Bakı Qarabağ ermənilərinə sahib çıxmalıdırmı" sualına verdiyi cavabda bunlara əməl etmir". Rövşən Məmmədli deyib ki, Zərdüşt Əlizadə  azərbaycanlıların "günahını" qat-qat ağırlaşdırır. Ermənilər Azərbaycanın həm tarixi, həm də tamamilə qanuni olan ərazilərinə iddia edir və bu iddialarını zorakı şəkildə, separatizm şəklində ortaya qoyurdular. Biz nə etməliydik, deməliydik gəlin Qarabağı veririk. Dünyanın bir çox ölkələrində də belə münaqişələr gedir, hansı xalq könüllü olaraq öz ərazisini başqasına peşkeş edir". Rövşən Məmmədli deyib ki, Azərbaycanda xalq hərəkatı Qarabağ problemi ilə başlayıb və bütün xalqımız öz tarixi və doğma torpaqlarının müdafiəsinə qalxıb". Partiya sədrinin sözlərinə görə, torpaqlarımız alınmamış mətbuatımızda belə bir anlaşılmayan təbliğat gedir ki, guya qaçqınlar geri qayıtmaq istəmir: "Anlamaq olmur nə vaxt torpaqlar alındı ki, йaçqın da ora qayıtmadı. Haradan qidalanır bu ziyanlı təbliğat? Rövşən Məmmədli deyib ki, bu gün Qarabağ ermənilərinin liderlərindən yalnız bir tonda bəyanatlar eşidirik, Azərbaycan dövləti Qarabağı unutmalıdır: "Ermənilər bir daha Azərbaycanın tərkibinə qayıtmayacaqlar. Onların bu çıxışlarının qarşısında biz nə etməliyik cənab politoloq? Bu bəyanatlar nə qədər var, ermənilər öz haqsız, əsassız.qanunsuz və ədalətsiz tələblərindən geri çəkilmirlər. Əgər Dağlıq Qarabağ erməniləri sabah, ya birisi gün ya daha sonra Azərbaycan dövlətinə müraciət edib Azərbaycan dövlətini, Azərbaycan Konstitusiyasını tanıdıqlarını, ona əməl edəcəklərini bəyan etsələr və Azərbaycan xalqı ilə birlikdə dinc, mehriban yanaşı yaşayacaqlarına söz versələr onda Azərbaycan dövləti gecikmədən ermənilərin bu istəklərini qəbul edəcək, onlara Konstitusiyamızda nəzərdə tutulan bütün hüquq və azadlıqları bol-bol verəcək və öz vətəndaşı kimi onlara sayqı və qayğı göstərəcək. Səhvini başa düşəni də bizim xalqımız bağışlamağı bacarır. Əgər xalq da görsə ermənilər doğurdanda düzəliblər, xalqımız da onları bağışlayacaq və ənənəvi münasibətləri bərpa edəcəklər".


S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00