Keçmiş müavini: “Əli Kərimli məğlub olacaq”

“O zaman özümü müdafiə etmək və qorumaq üçün mənə açılan imkan pəncərəsindən niyə də imtina etməliydim?”

"Gəncliklə savaşanlar məğlub olur". "Olaylar"ın məlumatına görə, AXCP sədrinin sabiq müavini Razi Nurullayev partiya sədri Əli Kərimlinin bir qrup gənci təşkilatdan uzaqlaşdırmasına münasibət bildirərkən belə deyib. AXCP sədri və yaxın ətrafının siyasətini tənqid edənlərin partiyadan uzaqlaşdırıldığını deyən R.Nurullayev həmin gənclərin, Ehtiram Mehdiyev, Cavid Musazadə və Kamandar Hüseynov olduqlarını diqqətə çatdırıb. "Səbəb obyektiv tənqiddir. Amma, onlar unudublar ki, AXCP-də tənqid qadağan olunub. Səmərəli təklif vermək və onu keçirmək mümkün deyil. Təklif yalnız partiyanın inkişafına yox, həm də sədrin maraqlarına cavab verməlidir. Əli Kərimli də məğlub olacaq. Çünki, o gəncliklə və onu obyektiv tənqid edənlərlə savaş yolunu seçib. Partiya resursları onun özünə və seçdiyi ətrafına xidmət edir. Partiya üzvləri və təəssübkeşlərinin çalışmaq üçün hansı stimulu və motivasiyası var? Sədri tərifləmək və onun dediklərini qeyd-şərtsiz yerinə yetirmək insan üçün stimul ola bilərmi?" - deyə R,Nurullayev bildirib. Onun sözlərinə görə, həyatını partiyaya sərf edənlərin, canını bu yolda fəda edənlərin üzərinə qışqırmaq, onları istismar etmək partiya rəhbərliyinə yaraşmaz: "Məni günahlandırırlar ki, niyə televiziyalara çıxdın? İstefa etdiyim gün media vasitəsilə Əli Kərimliyə müraciət etdim ki, heç bir televiziyaya çıxmıram və mətbuata danışmıram. Amma, "Azadlıq" qəzeti və "Azərbaycan saatı" mənə efir versin. Amma, vermədilər. O zaman özümü müdafiə etmək və qorumaq üçün mənə açılan imkan pəncərəsindən niyə də imtina etməliydim?". Razi Nurullayev AXCP sədri Əli Kərimlini siyasət meydanından çəkilməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00