Dağlıq Qarabağda hansı ölkənin sülhməramlıları yerləşdirilməlidir?

Elxan Şahinoğlu: “Rusiya qoşunlarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycanın maraqlarına cavab vermir”

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin Dağlıq Qarabağ probleminin həlli üçün bölgəyə Rusiya qoşunlarının yerləşdirilməsinin vacibliyi barədə fikirlərinə münasibət bildirib. E.Şahinoğlu hesab edir ki, Jirinovski bu təklifi səsləndirirsə, deməli Kremldə bu haqda ciddi düşünürlər: "Jirinovski adətən Rusiya hakimiyyətinin istəklərini səsləndirir. Mümkündür ki, Putin Azərbaycan və Ermənistan prezidentləri ilə sonuncu görüşdə bu təklifi səsləndirib. Rus qoşunlarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycanın maraqlarına cavab vermir. Yaxın tarixdə baş verən hadisələr də bundan xəbər verir". Dağlıq Qarabağın işğalında Rusiyanın rolunun olduğunu deyən politoloq qeyd edib ki, Xocalı soyqrımının planlanmasında və həyata keçirilməsində ən böyük rolu həmin Rusiya hərbi birləşməsi oynadı: "Bu baxımdan rəsmi Bakının yenidən Rusiya qoşunlarının bölgədə yerləşdirilməsinə razılaşması Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə qaytarılması imkanlarını heçə endirəcək. Rusiyanın harda hərbi birləşməsi varsa, orada separatizmə dəstək var və ölkələrin ərazi bütövlüyü məsələsi sual altındadır. Abxaziya, Cənubi Osetiya və Dnestr bölgələri buna əyani sübutdur. Başqa bir nümunə yoxdur ki, Rusiya qoşunlarının yerləşdirildiyi ölkədə separatizmə dəstək verilməsin. Rusiya Şərqi Ukraynanın da Kiyevin nəzarətinə keçməsini istəmir. Bir müddətdən sonra Kremlin Donetsk və Luqansk vilayətlərinin "müstəqlliklərini" tanıması və orada qoşun birliklərini yerləşdirməsi də mümkündür. Rəsmi Bakı Kremllə isti münasibətlərə, strateji tərəfdaşlığa çalışır. Ancaq Azərbaycan hakimiyyəti Rusiya hərbi birləşmələrinin Dağlıq Qarabağda yerləşdirilməsinə razı olmaz. Elə bunun nəticəsidir ki, Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Azərbaycandakı sonuncu hərbi bazası - Qəbələ RLS-in boşaldılmasına nail oldu. Halbuki, Rusiya prezidenti və müdafiə naziri RLS-lə bağlı Bakı ilə müqavilənin uzadılmasına çalışırdılar. Ancaq İlham Əliyev buna getmədi. Çünki, Azərbaycan prezidenti də Rusiya hərbi bazalarının dağıdıcı rolundan ehtiyat edirdi. Azərbaycan nə vaxtsa Qəbələdəki hərbi bazaya görə problemlə üzləşə bilərdi". Elxan Şahinoğlu bildirib ki, Rusiya qoşunlarının Dağlıq Qarabağa yeriləşdirilməsi Azərbaycan tərəfinin narazılıqla qarşılanır. O, Rusiya qoşunlarının ermənilərin tərəfini tutacağını deyib: "Bunun qarşısının alınması üçün rəsmi Bakı fərqli formul təklif edib: Sülhməramlı qüvvələrin tərkibində maraqlı tərəf kimi - həmsədr dövlətlərin qoşunları iştirak etməsinlər. Bu yanaşma ATƏT tərəfindən də qəbul olunub. Fransa və ABŞ hərbi birləşmələrindən Azərbaycana təhlükə olmaz. Buna baxmayaraq, Azərbaycan hakimiyyəti Rusiya hərbi birləşmələrini bölgəyə yaxın buraxmamaq üçün ABŞ və Fransanı sülh missiyasından imtina etmək məcburiyyətində qalıb. Ən yaxşı halda sülhməramlı qüvvələr Şərqi Avropa və Skandinaviya ölkələrinin hərbi birləşmələrindən formalaşa bilər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00