“Siyasətlə çox az qisim insanlar məşğul olmalıdır”
Əli Hüseynli: ”İnsanları daha çox iqtisadiyyat maraqlandırmalıdır”
16 Mart 2015 13:40 SiyasətÖlkədə parlament seçkiləri yaxınlaşdıqca seçki qanunvericiliyi və siyasi partiyalar haqqında qanunda dəyişiklik edilməsi məsələsi gündəmə gəlmiş olur. Hələ bir müddət öncə parlamentdə təmsil olunan müxalifət partiya təmsilçiləri Secki Məsəlləsində dəyişiklik edilməsi təklifi ilə çıxış etmişdi. O zaman iqtidar tərəfindən məsələyə münasibət belə oldu ki, artıq qüvvədə olan Seçki Məcəlləsi ilə dəfələrlə seçki keçirilib və bu mexanizm seçki prosesi iştirakçılarının elə də çiddi narazılığına səbəb olmayıb. Odur ki, özünü doğrultmuş qanunların dəyişdirilməsinə ehtiyac yoxdur. YAP təmsilçisi, Milli Məclisin vitse -spikeri Bahar Muradova bildirmişdi ki, Seçki Məcəlləsində heç bir dəyişikliyə ehtiyac yoxdur: "Ötən müddət ərzində keçirilən seçkilər bunu sübut edib. Hardasa texniki dəyişiklər mümkündür, ancaq bütövlükdə dəyişikliyə ehtiyac yoxdur". Girov qoymaqla namizədliyin qeydə alınması məsələsinə toxunan vitse-spiker qeyd edib ki, ümumiyyətlə belə bir dəyişiklik mümkün deyil: "Ona görə ki, heç bir sosial dayağı olmadan, seçicilərin heç bir etimadını qazanmadan, onların etimadını qazanmaq üçün də heç bir cəhd göstərməyən adam müəyyən qədər pul ödəyir, yarışa girir və status qazanır. Hətta iş elə gətirir ki, həmin adam millət vəkili olur. Sonrakı fəaliyyətində də həmin mövqedən çıxış edir". İndi isə "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi təklifləri səsləndirilməkdədir. Təklif olunan dəyişikliklərdən biri siyasi partiyaların qeydiyyat məsələsi ilə bağlıdır. Belə ki, təklif olunur ki, siyasi partiyaların qeydiyyatdan keçməsi üçün tələb olunan min nəfərlik sayın ən azı 5 və 10 minə çatdırılması təmin olunsun. Bunu elə həm iqtidaryönlülər, həm də bəzi müxalifyönlülər səsləndirməkdədirlər. Yeri gəlmişkən qeyd edk ki, zaman-zaman belə bir təkliflə həm müxalifət, həm də iqtidar nümayəndləri çıxış ediblər.
Məsələyə millət vəkili, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli münasibət bildirib. Komitə sədrinin sözlərinə görə, son bir neçə ildə istər Seçki Məcəlləsi, istərsə də siyasi partiyalarla, onların maliyyələşdirilməsi ilə bağlı qanunvericilikdə əhəmiyyətli dəyişikliklər edilib: "Bu baxımdan, indi, sadəcə, onu deyə bilərəm ki, yaxın dövr üçün hansısa bir dəyişikliklərə, o cümlədən qeyd etdiyiniz məlum təkliflərin müzakirəsinə lüzum görmürəm. Mən belə hesab edirəm ki, mövcud vəziyyət bu gün siyasi partiyaların inkişafı üçün, fərqli fikirlilik üçün tam kifayətdir".
Ölkədə siyasi partiyaların sayının həddən artıq çox olmasına toxunan millət vəkili qeyd edib ki, indiki mərhələ, siyasi islahatlar, demokratiyanın inkişafı üçün bu, normal bir haldır. Odur ki, yaxın dövrlərdə yox, gələcəkdə fəaliyyətsiz partiyaların məsələsinə baxmaq mümkünləşə bilər: "Nəzərə alaq ki, bu kimi hallar zamanında digər ölkələrdə də olub. Yəni, insanlar nəhayət, həqiqətən də siyasətdən doyublar, bununla da partiyaların mərkəzləşməsi prosesi gedib. Bizdə isə müşahidələr bəzən onu göstərir ki, əhalimiz hələ də daha çox siyasi maraqları saxlayırlar. Şəxsən mənim təsəvvürümdə siyasətlə çox az qisim insanlar məşğul olmalıdır. İnsanları daha çox iqtisadiyyat maraqlandırmalıdır. Yəni, az bir qisim insan siyasi prosesdə olmalıdır. Ancaq bizdə insanlar özlərini həddindən artıq lüzumlu, lüzumsuz siyasi yüklə yükləyirlər. Bəlkə də bu dünyada baş verən proseslərlə bağlıdır, deyə bilmərəm. Amma mən belə müşahidə edirəm. Adamda belə təəssürat yaranır ki, sadə bir kənd adamından tutmuş məmura qədər hamı nəsə daha çox siyasiləşib".
Yeri gəlmişkən, qeyd edək ki, proporsional seçki sisteminin bərpası və deputat yerlərinin artırılması ilə bağlı təkliflər də neçə illərdir ortalıqdadır. Bu baxımdan, gələcəkdə bu məsələlərlə bağlı konstitusion islahatlar gözləniləndirmi? Məsələyə aydınlıq gətirən komitə sədri qeyd edib ki, Azərbaycanda Konstitusiya islahatları 1995-ci ildə həyata keçirildi, həmin il müstəqil Azərbaycanın ilk Konstitusiyasi qəbul olundu, bundan sonra bir neçə dəfə Konstitusiya islahatları oldu. Bu günə onu deyə bilərəm ki, Azərbaycanın Konstitusiyası, o cümlədən, parlamentin formalaşdırılması ilə bağlı məsələlər tam mükəmməl bir vəziyyətdədir: "Birmənalı deyə bilərəm ki, millət vəkillərinin sayının artırılması ilə bağlı hər hansı bir müzakirə və fikir mövcud deyil. Bu, sadəcə, ayrı-ayrı şəxslərin fikirləri, istəkləri ola bilər. Amma belə bir məsələ heç zaman parlamentdə müzakirə olunmayıb. O ki qaldı proporsional və majoritar seçki sisteminə, mən də, hüquqşünas həmkarlarım da, hakim partiyadan, o cümlədən Prezident Administrasiyasından olan insanlar da proporsional sistemin ləğvi və tam majoritar sistemə keçidlə bağlı etdiyimiz, həyata keçirdiyimiz islahatları o zaman cəmiyyətə geniş izah etmişik, mövqeyimizi bildirmişik. Cəmiyyət də, xalq da bunu dəstəkləyib. Hesab edirəm ki, insanlar da millət vəkilinin ilk növbədə onun təmsilçisi kimi olmasının tərəfində olub. Yəni, biz bunu əsaslandırmışıq, bu da qəbul olunub. Ona görə tam qətiyyətlə bildirmək istəyirəm ki, bu gün istər millət vəkillərinin sayının artırılmasına, istərsə də seçki sisteminin dəyişdirilməsinə hər hansı bir hüquqi, siyasi əsas və ehtiyac yoxdur".
Alim