Avropa Şurası Nazirlər Komitəsinin sədri azərbaycanlı əsirlərlə maraqlanacaq
13 Mart 2015 12:55 SiyasətAvstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in mənzil qərargahında Belçikanın baş nazirinin müavini və xarici işlər naziri, eyni zamanda Avropa Şurası Nazirlər Komitəsinin sədri cənab Didier Reynders ilə görüş keçirilib. Görüşdə hüquq müdafiəçiləri, ictimai fəallar və mətbuat nümayəndələri də iştirak ediblər. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da iştirak edib. Əhməd Şahidov azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə məsələ qaldırıb və bu barədə Belçika hökumətinin nələr edə biləcəyini soruşub. Həmçinin o, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir düşmüş 2000-ə yaxın azərbaycanlı əsirlər barədə qələmə alınmış "Bizi əsirlikdən qurtarın" adlı kitabı AŞ Nazirlər Komitəsinin sədrinə hədiyyə edib. Kitabla mütləq maraqlanacağını bildirən cənab Didier Reynders bu ilin aprel ayında Ermənistana səfər edəcəyini və azərbaycanlı əsirlər barədə Ermənistan tərəfi ilə danışıqlar aparacağına söz verib.