“Qurultay ərəfəsində bəziləri DAK- ın "qeydinə” qalmaq həvəsinə düşürlər”
Samir Adıgözəlli: “Təəssüf ki, əsl niyyətləri bu təşkilatın imicinə xələl gətirmək və qurultay ərəfəsində ictimaiyyətin diqqətinin başqa istiqamətə yönləndirməkdir”
12 Mart 2015 15:25 SiyasətCari ilin aprel ayında Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbəti 13-cü qurultayı keçirələcək. Qardaş Türkiyə Cümhuriyyətində keçirilməsi nəzərdə tutulan qurultayda Dünya Azərbaycanlıları Konqresinin yeni rəhbər strukturları formalaşacaq, konqresin ötən illərdəki fəaliyyəti müzakirə olunacaq. Dünya Azərbaycanlıları Konqresinin qurultayları ərəfəsində müşahidə edilən sabiq DAK-çılarla konqresin yeni rəhbərliyinin söz ataşması, qarşılıqlı ittiham və iradlar bu dəfə də özünü büruzə verib. Hər halda bir müddət əvvəl Dünya Azərbaycanlıları Konqresinin keçmiş sədri Cavad Derəxtinin konqres barədə səsləndirdiyi fikirlər belə deməyə əsas verir. Belə ki, Cavad Derəxti "Birlik" dərgisinə verdiyi müsahibədə Dünya Azərbaycanlıları Konqresinin artıq tarix olduğunu söyləyib. Dünya Azərbaycanlıları Konqresinin İcra Aparatının rəhbəri Samir Adıgözəlli bildirib ki, nədənsə hər qurultay ərəfəsində bəziləri DAK-ın "qeydinə" qalmaq həvəsinə düşürlər: "Təəssüf ki, əsl niyyətləri bu təşkilatın imicinə xələl gətirmək və qurultay ərəfəsində ictimaiyyətin diqqətinin başqa istiqamətə yönləndirməkdir. Həm də, bunu edənlər Bakıda, İsveçdə, daha haralarda isti yerlərində oturub, 24 saat milli birlik və bütövlükdən danışanlardır. Bəlkə də bunları deməyə ehtiyac qalmazdı. Lakin bu günlərdə Cavad Derəxtinin "Birlik" dərgisinə verdiyi müsahibəsi olmasaydı. Cavad bəy həmin müsahibəsində Dünya Azərbaycanlıları Konqresinin artıq tarix olduğunu qeyd edərək, Dünya Azərbaycanlılarının yeni bir təşkilatının yaradılması zərurətindən danışır. Cavad bəyin məntiqindən belə çıxır ki, onun olmadığı təşkilat da qapanmalıdır. İllərdir mövcud olan, Cavad bəyin də dediyi kimi dünyanın ən yüksək tribunalarından səsi gələn, Azərbaycan diasporunun formalaşmasında və milli problemlərimizin dünyaya çatdırılmasında xidmətləri olan bir təşkilatı görəsən hansı niyyətlə artıq tarixə göndərir. Cavad bəy deyir ki, bir zamanlar Dünya Azərbaycanlıları Konqresinin səsi Birləşmiş Millətlər Təşkilatının tribunasından gəlirdi. Bəli, Dünya Azərbaycanlıları Konqresinin səsi BMT -nin tribunasından, Avropa parlamentlərindən, bir çox ölkələrin ən yüksək məclislərindən gəlmişdir. Ancaq Cavad Derəxtinin vaxtında yox, indiki rəhbərliyin zamanında". Samir Adıgözəlli bildirib ki, ötən qurultaydan bu günə qədər Dünya Azərbaycanlıları Konqresi həmsədrləri Sabir Rüstəmxanlı və Firudun Pərvizniya Birləşmiş Ştatlardan Doğu Türküstana qədər səfərlər edərək ən yüksək səviyyəli qurumlarda görüşlər keçirmiş və Azərbaycanın milli məsələləri ayrı - ayrı ölkələrdə gündəmə gətirilmişdi: "Konqres bu gün də məqsəd və məramı yolunda durmadan inamla fəaliyyət göstərir və yaxın zamanlarda növbəti qurultayını keçirərək, daha da möhkəmlənərək yoluna davam edəcəkdir. Dünya Azərbaycanlıları Konqresi, artıq ona qarşı yönəlmiş bu kimi destruktiv fəaliyyətlərdən çıxaraq özünü bir daha təsdiq etmişdi. Sabir Rüstəmxanlı və Firudun Pərvizniya dünən də, bu gün də hər kəsə çağırış edərək Dünya Azərbaycanlıları Konqresinda birgə fəaliyyət göstərməyə və bu yolda bir addımlamağa dəvət edirlər. İnanırıq ki, növbəti qurultaydan sonra Dünya Azərbaycanlıları Konqresi daha güclü və ardıcıl fəaliyyət göstərəcəkdir".
Süleyman