Bahar Muradova ATƏT-in İnsan Alveri ilə Mübarizə üzrə əlaqələndiricisi ilə görüşüb
12 Mart 2015 12:25 SiyasətMilli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Bahar Muradova ATƏT-in İnsan Alveri ilə Mübarizə üzrə əlaqələndiricisi və Xüsusi nümayəndəsi Mədinə Yarbuzinovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Vitse-spiker Azərbaycanla ATƏT arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Qeyd edilib ki, ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən onun tərkib hissəsi olan insan alveri qurbanlarının hüquqlarının qorunması sahəsində ciddi qanunvericilik bazası mövcuddur. Bu məsələlər müstəqil Azərbaycanın Konstitusiyasında, dövlət başçısının imzaladığı müvafiq sərəncamlarında öz əksini tapıb. Ölkəmizdə insan alverinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın inkişafına böyük önəm verilir. Söhbətdə xüsusi vurğulanıb ki, artıq ölkəmizdə bu sahədə üçüncü dövlət proqramı - "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı" həyata keçirilir. Adı çəkilən sənəddə insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyəti, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, bu sahədə maarifləndirmə işinin aparılması və digər zəruri məsələlər yer alıb. Bahar Muradova diqqətə çatdırıb ki, ölkədə bu sahəyə parlament nəzarəti həyata keçirilir. Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatları dinlənilir. ATƏT-in İnsan Alveri ilə Mübarizə üzrə əlaqələndiricisi və Xüsusi nümayəndəsi Mədinə Yarbuzinova bildirilib ki, səfər çərçivəsində qonaq qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə bir sıra görüşlər keçirib. O, insan alveri ilə mübarizə sahəsində Azərbaycanda görülən işləri, o cümlədən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini təqdirəlayiq hesab edib.