Heç bir ölkə tərəfindən qondarma bir qurumun "məhkəmə"si tanınmayacaq
11 Mart 2015 15:35 Siyasət"Ermənistanda məhkəmə və hüquq sistemi bərbad vəziyyətdədir. Çünki Dilqəm Əsgərov və Şahbaz Quliyevi həbs etmək, məhkəmə qarşısına çıxarmaq kimi səlahiyyətlər qondarma qurumda yoxdur və ola da bilməz". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Ramiz Alıyev Ermənistanda saxlanılan girovların iddiasının təmin edilməməsinə münasibət bildirərkən səsləndirib. Bildirib ki, o ərazilər Azərbaycana məxsusdur və bunu da bütün dövlətlər, beynəlxalq təşkilatlar təsdiq edib: "Hər iki həmyerlimiz də öz doğma yurdlarına gediblər, kimsə onlara deyə bilməz ki, sən niyə öz anadan olduğun torpağı ziyarətə gedirsən. Bunu təbii ki, həmin separatçılar və Ermənistan dövləti bilir. Onlar gündə oyuncaq bir qurumun adı ilə məhkəmə şousu düzəldərək dünyada kağız üzərində olan beynəlxalq hüquq normalarını saymadıqlarını bəyan etmiş olurlar. Digər maraqlı məsələ də ondan ibarətdir ki, Azərbaycan tərəfi demək olar ki, bütün beynəlxalq tədbirlərdə Ermənistanın qanunsuz hərəkətləri, qondarma məhkəmə qurmaları, haqsız yerə həmyerlilərimizin girov götürülməsini diqqətə çatdırır. Ancaq hər zaman olduğu kimi, onlar susur, elə bil belə qanunsuzluqların olması gözləniləndir. Sanki ermənilərin qarşısında acizdirlər". Ramiz Alıyev qeyd edib ki, onsuz da heç bir ölkə tərəfindən tanınmayan qondarma bir qurumun "məhkəmə"si də tanınmayacaq: "Ümumiyyətlə, Ermənistanın özü belə o qondarma qurumu rəsmən tanımır. Bu, bir daha sübut edir ki, həmin qondarma rejim erməni terrorçuları tərəfindən yaradılan oyuncaq, müxtəlif "tamaşalar" göstərildiyi bir qurumdur".