Müsavat:ADR-çilərə seçki maneəsi

Arif Hacılı narazıları partiyadan uzaqlaşdırmaq xətti tutub

Müsavat Partiyasında sabitlik yenidən pozulub. Deyəsən, Azərbaycan Demokratiya və Rihaf Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyub sədrin yoxluğunda Arif Hacılı ilə davanı sürdürmək niyyətindədir. Qeyd edək ki, ADR sədri Qubad İbadoğlu 5 aylığına ABŞ-a gedib və onu bu postda Vurğun Əyyub əvəzləyir. Əslində davanı Arif Hacılı tərəf başladıb. Hacılı tərəfdarları Qubad İbadoğlunun yoxluğundan maksimum yararlanaraq ADR-çiləri tamamilə sıradan çıxarmaq qərarına gəliblər. Bir müddət öncə Müsavat başqanının müavini Elman Fəttah Vurğun Əyyubun Müsavat Məclisindən çıxarılacağına eyham vurmuşdu. Partiyadan sızan xəbərə görə, yaxın günlərdə daha bir ADR-çi Müsavatda tutduğu postdan uzaqlaşdırılacaq. Ellada Məmmədlinin Qadınlar Birliyinin sədri vəzifəsindən uzaqlaşdırılacağı söylənilir. Hələki Müsavatda parlament seçkilərinə hazırlıq davam edir və dairələr müəyyənləşir. Hacılının komandası bu işdə də ADR-çiləri kənarda qoymaq niyyətindədirlər. Partiyadan verilən məlumata görə, indiyə qədər partiyanın  50-yə qədər seçki dairəsi üzrə deputatlığa ilkin namizədləri müəyyənləşsə də, seçkilərdə iştirak etmək niyyətində olan  Məclis üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyubun adı namizədlər siyahısında yoxdur. Bir müddət öncə  partiyanın Suraxanı rayon təşkilatının 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə V.Əyyubun  namizədliyini müdafiə etdiyi haqqında məlumat verilmişdi.

Müsavat başqanının müavini Gülağa Aslanlı deyib ki, hansısa dairədən deputatlığa namizəd olmaq istəyən partiya üzvü bu barədə arzusunu bildirməlidir. O, namizəd olmaq istəyən partiya üzvlərinin bu istəklərini ən geci seçki kampaniyasına 1 ay qalana qədər bildirmələrini məqsədəuyğun saydıqlarını qeyd edib. G. Aslanlı partiyada narazıları təmsil edən V. Əyyubun, o cümlədən  Ellada Məmmədlinin namizədliklə bağlı müraciətlərinin olmadığını açıqlayıb: "Kim namizəd olmaq istəyirsə, mütləq özü bu barədə partiyaya müraciət etməlidir. Bu, birmənalıdır". Vurğun Əyyub yəqin ki, aday olmaq üçün partiyaya müraciət etməyəcək. Belə olan təqdirdə isə Müsavat rəhbərliyi onun adını adaylar siyahısından çıxaracaq. Adı adaylar siyahısından çıxarılmış müsavatçı seçki qabağı təbliğat-təşviqat mərhələsində və seçki prosesində partiyanın resurslarından istifadə edə bilməyəcək. Əsas xətt  ADR üzvü olan müsavatçıların partiyadan tamamilə uzaqlaşdırılmasıdır. Arif Hacılının komandası bu prosesə artıq başlayıb. Bakıda olarkən Qubad İbadoğlunun verdiyi açıqlamalardan belə görünür ki, İsa Qəmbər də işin içindədir. Yəni sabiq başqan narazıların tədricən partiyadan uzaqlaşdırılması məsələsində Arif Hacılı ilə əlbirdir və qərar birlikdə verilib. Arif Hacılı parlament seçkilərinə qədər narazıların partiya ilə bütün əlaqələrini kəsmək fikrindədir. Görüləcək işlər siyahısında partiyada post tutan ADR-çilərin görəvdən uzaqlaşdırılması,  ictimai rəydə onların bölücü, separatçı kimi təqdim olunması ilk yerdədir. Müsavat rəhbərliyi bütün gücü ilə çalışır ki, ADR-in partiyaya çevrilən zaman Müsavatdan ciddi qüvvə qopara bilməsin.

Ərhun Abbas

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00