“Müstəqil siyasət həyata keçirməyimizi həzm edə bilməyən xarici dairələr də var”
11 Mart 2015 12:24 Siyasət"Bu gün Azərbaycan güclü dövlətdir, beynəlxalq müstəvidə böyük nüfuza sahibdir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir və mühüm layihələr reallaşdırmaqla Azərbaycan barış və əməkdaşlıq məkanı kimi dünyaya özünü təqdim edir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva səsləndirib. Bildirib ki, ölkəmizin bu xoşməramlı siyasətini dəstəkləyənlər çox olsa da, inkişafımızı istəməyən, müstəqil siyasət həyata keçirməyimizi həzm edə bilməyən xarici dairələr də var: "Bu dairələrin başında erməni lobbisi dayanır. Ona görə də, Azərbaycanın uğurlarına və nüfuzuna kölgə salmaq məqsədilə bu cür cəhdlər edilir. Hesab edirəm ki, Azərbaycan ilk Avropa Oyunları vasitəsilə özünü bütün dünyaya bir daha azad, demokratik, sivil dövlət kimi təqdim edəcək. Bu mötəbər tədbir ərəfəsində bəzi dairələr ölkəmiz haqda mənfi imic formalaşdırmağa çalışırlar. Amma düşünürəm ki, Avropa Oyunları zamanı belə qeyri-obyektiv fikirlərin puç olacağına bir daha şahidlik edəcəyik".