Müsavat Milli Şuraya alternativ yaradır

AXCP-nin rəqibləri “Azadlıq 2015” blokuna yığışır

Müxalifət düşərgəsində baş verən hadisələr Müsavatda gedən parçalanma prosesini kölgədə qoyub. AXCP sədrinin müavini Razi Nurullayevin partiyadan səs-küylü istefası həftəyə damğasını vursa da, müxalifət daxilində başqa maraqlı gəlişmələr də var. Həftə ortası noyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqədar müxalifətin "Azadlıq 2015" seçki blokunun yaradıldığı elan edilib. Seçki bloku Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar, Azad Demokratlar, Böyük Azərbaycan, Vətəndaş və İnkişaf, Azadlıq, Liberal Demokrat və Xalq partiyaları tərəfindən təsis edilib. Blokun partiya sədrlərindən ibarət Siyasi Şurasının yaradılması və seçki qərargahının formalaşdırılması barədə qərar qəbul edilib. Xalq Partiyasının lideri Pənah Hüseyn mətbuata açıqlamasında bildirib ki, "Azadlıq 2015" blokunun əsas vəzifəsi ölkədə azad seçkilərin keçirilməsi üçün demokratik atmosferin yaradılmasına nail olmaqdır. Qeyd olunub ki, "Azadlıq 2015" demokratik islahatlara tərəfdar olan bütün partiyalarla əməkdaşlığa hazırdır. Blok yeni üzvlər üçün açıqdır. Digər funksional əməkdaşlıq formaları da ola bilər, məsələn, seçkiqabağı durumun demokratikliyinin təminatı üçün qarşılıqlı fəaliyyət, seçkilərin monitorinqinin birgə təşkili.
Blokun mediaya açıqlanan məqsədi ictimai rəy üçündür. "Azadlıq 2015"-in Milli Şuraya alternativ olaraq yaradıldığı bəlli məsələdir. Blok təsisçiləri arasında Müsavatın dostu və müttəfiqi Pənah Hüseynin olması və aktivlik etməsi hər şeyi bəlli edir. Pənah Hüseyn Müsavatın sabiq və indiki başqanının dostudur. Onların siyasi maraqları da eynidir. Soruşula bilər ki, blokun digər 7 partiyası Müsavatla müttəfiq deyil. Düzdür, ancaq bu partiyaların birləşməkdən başqa yolları yoxdur. Onları üçün siyasi prosesdə iştirak etmək, gündəmdə qalmaq, seçkiyə qatılmaq vaciddir. Adları ictimai rəyə o qədər də bəlli olmayan 7 cırtdan partiya (KXCP bu sıraya aid deyil) ayrı-ayrılıqda bunu etmək iqtidarında deyil. Ancaq onlar yaxşı bilir ki, Müsavatın marağında olan seçki blokuna qatılmaq Müsavatın təbliğat ruporlarına təbliğ olunmaq imkanı deməkdir. "Yeni Müsavat" qəzeti, musavat.com saytı onlara gərəkən informasiya dəstəyini verəcək ki, bloka üzv partiyaların rəhbərləri üçün seçki ilində bu, çox vacib amildir. 
Müsavat partiyası da lazım olan anda "Azadlıq 2015" blokuna üzv olacaq. Böyük ehtimalla, bu, ilin ortalarında reallaşacaq. Blokun bu həftə, Müsavat-AXCP təmaslarının müsbət sonuc vermədiyi dövrə təsadüf etməsi də məntiqidir. Görünür, Arif Hacılı Əli Kərimlinin onunla qeyd-şərtsiz müttəfiq olmayacağını anlayıb. Belə çıxır ki, bu ilki seçkidə Müsavatla AXCP müttəfiq olmayacaqlar.  AXCP-nin nəzarətində Milli Şura var. Müsavat Milli Şuraya alternativ olaraq "Azadlıq 2015"-i gücləndirməyə çalışacaq. Seçki ilinin ortalarına qədər AXCP ilə Müsavat anlaşa bilməsə, müxalifətdə qütbləşmə daha da dərinləşəcək.


Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00