Berlində etiraz aksiyası keçirilib

Xocalı soyqırımının 23-cü ildönümü günü Almaniyada yaşayan azərbaycanlılar Berlində - Brandenburq Qapıları qarşısında etiraz aksiyası keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, aksiya Berlin Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı və dəstəyi, eləcə də Azərbaycan Tələbə Şəbəkəsinin iştirakı ilə baş tutub. Mitinqdə Azərbaycan Respublikası Milli Məclisinin üzvləri, Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələri iştirak edib. Avropa Azərbaycanlıları Konqresinin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya  Mərkəzinin direktoru Samira Patzer-İsmailova Azərbaycan və alman dillərində çıxış edərək Xocalı soyqırımı, bu faciənin dünya ictimaiyyətinə tanıdılması məqsədilə başladılmmış "Xocalıya ədalət!" kampaniyası haqqında məlumat verib. Millət vəkili Siyavuş Novruzov, Xocalı soyqırımının şahidi, "Erməni təcavüzünün tanıdılması" İctimai Birliyinin sədri, yazıçı-jurnalist Səriyyə  Cəfərəva da Azərbaycan həqiqətlərindən danışaraq Avropa ictimaiyyətindən Xocalı soyqırımını tanımağı tələb ediblər.

Aksiyada iştirak edən Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, Şimali Reyn-Vestfaliya əyaləti üzrə Alman Azərbaycan Dostluq Cəmiyyətinin həmsədri Faiq Məmmədov, Bielefeld Atatürk Düşüncə Mərkəzinin sədri Mehmeteli Ölməz, "Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli isə öz çıxışlarında Avropada türklərə, o cümlədən azərbaycanlılara qarşı ikili standartların olmasından danışıblar. Aksiya zamanı yerli sakinlərə Xocalı faciəsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında alman və ingilis dillərində məlumatlandırıcı vərəqələr paylanılıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00